Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1233/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi“ və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i-5500 (beş min beş yüz) manat İddiaçı Elçin qızına geri qaytarılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş və iddia tələbi “daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka (Bank Respublika ASC) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, 28 fevral 2022-ci il tarixində "xxxx" MTK və İddiaçı arasında “Mənzil alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı ("xxxx" MTK) ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 5-ci bina, 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 101,10 kv.metr olan 61 saylı təmirsiz mənzilin tikintisi, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsi qoyulduqdan sonra hesablanmaqla 24 ay ərzində tamamlayıb, Payçıya (İddiaçı) verməyi öz öhdəsinə götürmüşdür. 4 aprel 2022-ci il tarixində 28 fevral 2022-ci il tarixində imzalanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən, "xxxx" MTK-nın bütün hüquq və vəzifələrini hüquqi varis olaraq "xxxx" MMC öz üzərinə götürmüşdür. Payçı tərəfindən ilkin olaraq 55000 (əlli beş min) AZN ödənilmişdir. Sonrakı aylarda isə 09 mart 2022-ci ildə 4000 (dörd min), 15 aprel 2022-ci ildə 4000 (dörd min) manat, 10 may 2022-ci ildə 8000 (səkkiz min) manat, 21 iyul 2022-ci ildə 4000 (dörd min) manat, 18 avqust 2022-ci ildə 16000 (on altı min) manat, 11 noyabr 2022-ci ildə 20000 (iyirmi min) manat, 23 yanvar 2023-cü ildə isə 10320 (on min üç yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir və beləliklə, ödəniş yekunlaşdırılmış, ümumilikdə 121.320 (bir yüz iyirmi bir min üç yüz iyirmi) manat ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində **********393600 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı elektron ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin 19 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçının ƏDV-nin geri qaytarılmasına dair müraciəti təmin edilməmişdir. Aşağıda göstərilən faktlarla hesab edilmişdir ki, imtina əsassızdır və şəxsə ƏDV-nin qaytarılması Dövlət Vergi Xidmətinin üzərinə öhdəlik kimi qoyulmalıdır.
4. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara 2 ödənilmiş ƏDV-nin 30 faizi qaytarılması bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirilmir. Başqa sözlə, bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar tərəfindən ƏDV məbləği bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilə bilərdi və bu hal ödənilmiş ƏDV-nin qaytarımasına imtina kimi qiymətləndirilə bilməzdi. Ancaq bu Qaydanın 6.1-ci maddəsinin tələblərindən belə nəticəyə gəlmək olur ki, bu Qayda qanuni qüvvəyə mindikdən sonra ödənişlər bu Qaydanın 5.1.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı və iddia ərizəsində də qeyd edildyi kimi yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Belə ki, bu Qaydanın 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini alıcı ƏDV-nin qaytarılması məqsədilə skan edərək portala göndərir. İddiaçı X3 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məktubda qeyd edilmişdir ki, inşası "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən başlanılmış, ünvan 2 ünvanında çoxmənzilli yaşayış binalarının tikintisi "xxxx" Mənzil Tikinti Kooperativindən ayrılma nəticəsində yaradılmış və bölünmə balansına müvafiq hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən davam etdrilir. xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qeyd edilmişdir ki, ƏDV ödəyicisi olan "xxxx" MMC tərəfindən ƏDV hesabatının təqdim edilməsi, hər hansı bir şəxslə o, cümlədən vətəndaş İddiaçı ilə bağlanmış əqd üzrə aparılmış ayrı ayrı əməliyyatlara görə fərdi qaydada deyil, müəssisənin ümumi dövriyyəsi üzrə hesablanaraq ödənilir. İddiaçı ilə bağlanmış əqdlər üzrə ödənilmiş məbləğin ayrıca ƏDV hesabatının təqdim edilməsi faktiki olaraq qeyrimümkündür. Əlavə olaraq bildirilmişdir ki "xxxx" MMC tərəfindən təqdim edilən mənzillərin dəyərinin ödənilməsi üzrə əməliyyatlar, birmənalı olaraq nağdsız qaydada aparıldığından (bank hesabına köçürməklə) həmin əməliyyatlara görə Dövlət Vergi Xidmətinin X1 Sistemi çərçivəsində ƏDV-nin aybaay hesablanması və ödənilməsi və ya əvəzləşdirilməsi tərəfimizdən tam icra edilmişdir.
6. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
8. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
9. X2 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.
11. İddia mümkündür.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. SN/5-18 nömrəli xx.xx.2022-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləsinə əsasən icraçı ("xxxx" Mənzil Tikinti Kooperativi), özü tərəfindən ünvan 3 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 5-ci bina, 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 101.10 kv.metr olan 61 saylı təmirsiz mənzil tikintisini, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsinin qoyulduqdan sonra hesablanmaqla 24 (iyirmi dörd) ay ərzində müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb “payçı”ya (İddiaçı) verməyi öhəsinə götürür.
13. İş üzrə məhkəmənin qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
14. ƏDV qaytarmaq ərizəsindən imtina bərədə bildirişdə qeyd olunur ki, şəxsin xx.xx.2023-cü il tarixli **********393600 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”niz üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********770900 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə SN/5-18 nömrəli müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı X4 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.
16. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 55000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 4000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 4000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 8000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 4000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 16000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 20000.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 10320.00 manat ödəniş olunmuşdur.
İV. Məhkəmənin mövqeyi
17. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
20. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.
21. Odur ki, üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 2.0.3-cü maddəsinə əsasən satıcı hesab olunmalıdır.
22. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
23. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olaraq yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi qeyd olunmuşdur.
24. İşin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi isə icraçı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir.
25. Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.
26. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.
27. Məhkəmə həm də nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur.
28. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Bank Respublika ASC hesabından həyata keçirilmişdir, odur ki, müvəkkil bank da məhz qeyd edilən bankdır.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında 5-ci bina, 12-ci mərtəbədə yerləşən 61 saylı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublika ASC) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva