Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12332/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X32 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - İddiaçı) mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzildə X32, X27, X19, X22, X28, X26, X20, X33, X39, X34 və X36 qeydiyyatdadırlar. İddiaçı ərizə ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan adıçəkilən şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinə rəsmi cavab verməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X12, X6, X8, X13, X10, X7, X15, X29, X16 və X23 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X32, X27, X19, X22, X28, X26, X20, X33, X39, X34 və X36 (bundan sonra - üçüncü şəxslər) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanı 09 dekabr 2011-ci il tarixli çıxarışla iddiaçıya məxsusdur. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, iddiaçıya məxsus olan mənzildə tanımadığı şəxslər qeydiyyatdadırlar. Onlar iddiaçı ilə birlikdə yaşamır və onların harada yaşaması barədə iddiaçının məlumatı yoxdur. Onların iddiaçıya məxsus olan evdə formal pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirlməsinə maneə törədir və ona görə iddiaçı əlavə komunal ödənişlər etmək məcburiyyətində qalır. İddiaçı tərəfindən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Suraxanı RPİ-nə müraciət edilmişdir. Cavabdeh və üçüncü şəxslər iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçinin nümayəndəsi (vəkili) elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli, 3-52-13-11/2-110/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzilində İddiaçı ailə üzvləri (həyat yoldaşı və oğlu) ilə birlikdə qeydiyyatdadır və yaşayır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda barəsində soruşulan fiziki şəxslərdən yalnız X19 və X2 mənzil üzərində əvvəllər mülkiyyət hüquqları olmuşdur. Sorğuya əlavə olunmuş: -X37 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli orderdən görünür ki, ünvan 3 ünvanında yerləşən 47 saylı mənzil X21 verilmişdir. -xx.xx.1999-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X31 ünvan 3 ünvanında yerləşən 47 saylı mənzili X41 satmışdır. -16882 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X49 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili X1. -174987 №-li, xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X24 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili X3. -AN-İ № ******* nömrəli, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X28 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili X4. -AN-İ № ******* nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X30 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili X11 satmışdır. - AN-İ № ******* nömrəli, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili X5. - AN-İ № ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X35 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A ünvanında yerləşən 47 saylı mənzili İddiaçı satmışdır. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin yaşamayan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. İşin yuxarıda sadalanan hallarına əsasən müəyyən olunur ki, ilkin hüquqmüəyyənedici sənədlərə əsasən üçüncü şəxslər (X19 və X28) mənzilin keçmiş mülkiyyətçilərindən olmuş, digər üçüncü şəxslər isə onlarla qohumluq əlaqəsində olan şəxslərdir. Həmin şəxslər mənzilin özgəninkiləşdirilməsini həyata keçirərkən müəyyən məbləğ müqabilində öz hüquqlarından imtina etmişlər. Bu hal isə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatının həmin mülki-hüquqi əqdin bağlandığı andan hüquqi əhəmiyyətini itirdiyini təsdiq edir. Nəticə etibarılə, qeyd olunan hüquqi əməliyyat nəticəsində üçüncü şəxslərin qeydiyyat üzrə statusu öz əhəmiyyətini itirmişdir. Deməli, onların mübahisə predmetini təşkil edən mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Eyni mövqeyi həmçinin onların qohumluq əlaqəsində olan digər üçüncü şəxslərə də şamil olunur. Mülki əqdin bağlandığı tarixdən etibarən adıçəkilən şəxslərin həmin mənzilə dair yaşayış yeri üzrə qeydiyyatları öz əhəmiyyətini itirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1968-ci il təvəllüdlü X14, xx.xx.1988-ci il təvəllüdlü X12, xx.xx.1946-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.1952-ci il təvəllüdlü X13, xx.xx.1983-cü il təvəllüdlü X10, xx.xx.1982-ci il il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2005-ci il təvəllüdlü X29, xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X23 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova