Məhkəmə qərarları › İş №e-2-1(112)-12341/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12341/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12341/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Bakı şəhər 17 saylı Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “notariat hərəkətlərinin mübahisələndirilməsi, aparılmış qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər 17 saylı Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “notariat hərəkətlərinin mübahisələndirilməsi, aparılmış qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC-nin X3 müavini S.A.İsmayılov arasında bağlanmış 11 may 2022-ci il tarixli, MK/22/000/000011 №-li kredit müqaviləsinə əsasən Bank iddiaçıya illik 23% olmaqla 36 (otuz altı) ay müddətinə 80 000 (səksən min) manat məbləğində kredit ayırmışdır. Kredit müqaviləsi bağlandıqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri tam vaxtında icra etmişdir. Son iki ayda maliyyə vəziyyətində yaranmış çətinliklərə görə kredit müqaviləsinə əlavə olunmuş 1 saylı əlavədə göstərilən aylıq ödənişlərdən az vəsait ödəmək istəsə də Bank bu vəsaiti qəbul etməmişdir. Ona görə də Cavabdeh2 ASC iddiaçının yaşayış yeri üzrə Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət etmiş, kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 70100 manat əsas borc, 5428,64 manat faiz borcu, 71,85 manat komissiya borcu, 9477,52 manat dəbbə pulu olmaqla ümumilikdə 85078,01 manat məbləğində vəsaitin tutulması ilə bağlı icra qeydinin aparılmasını xahiş etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Bankın xx.xx.2023-cü il tarixdə icra qeydi aparılması ilə bağlı xahişi təmin edilmiş, 3368 reyestr nömrəli icra qeydi aparılmışdır. İcra qeydinin aparılması ilə bağlı məlumatı iddiaçı xx.xx.2023-cü il tarixdə almışdır. Belə ki, bu tarixdə Sabunçu rayon İcra Şöbəsinə dəvət olunaraq ona 17 saylı Notariat Ofisinin icra qeydi və icra vərəqəsi təqdim edilmişdir. bundan sonra icra qeydinin ona verilməsi ilə bağlı Notariusa müraciət etmiş, xx.xx.2023-cü il tarixdə icra qeydini rəsmi qaydada almışdır. Hal-hazırda iddiaçıdan 85078,01 manat məbləğində vəsaitin ödənilməsi tələb olunur. Cavabdeh2 ASC ilə aralarında bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olduğu dövr ərzində üzərinə götürdüyü öhdəliklər vaxtında icra etmədiyi halda Bankın icra qeydi ilə Notariusa müraciət etmək ilə bağlı hüququnun olması barədə hər hansı qeyd yoxdur. Lakin, buna baxmayaraq xx.xx.2023-ci ildə bank iddiaçının qeydiyyatda olduğu ünvan üzrə 17 saylı Notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasına nail olmuşdur. İddiaçı icra qeydinin qanunsuz olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi- icra qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehlər –Bakı şəhər 17 saylı Notariat ofisinə və "xxxx" ASC-yə qoyulmasından idarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir:” Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçının iddia tələbi inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Məhkəmə yuxarıda göstərilən hallara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər 17 saylı Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “notariat hərəkətlərinin mübahisələndirilməsi, aparılmış qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddası mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar