Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12358/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir: 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İddia tələbindən görünür ki, iddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı statusu və vəsiqəsinin verilməsini xahiş edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmuşdur ki, qanunverici bu cür mübahisələrdə məhkəmə aidiyyətini müəyyən edərkən bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Xocavənd rayonu ərazisində yerləşir. Nəzərə alınmalıdır ki, iddiaçının qeydiyyatda olduğu ünvan həmin vaxt işğal olunmuş rayon hesab olunmuşdur. Nəzərə alınmalıdır ki, araşdırmadan, eyni zamanda cavabdehin imtina məktubundan görünür ki, həmin şəxs Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti, 556 mənzilli y/y massivi, bina 4, mənzil 43 məskunlaşmışdır ki, cavabdeh imtina məktubunu da həmin ünvana göndərmişdir. Göründüyü kimi iddiaçınn yaşayış yeri Ağcabədi rayonu ərazisinə düşür ki, həmin hal işə hazırkı məhkəmədə baxılmasını istisna edir. Doğrudur Ali Məhkəmənin bir sıra qərarlarında (2-1(102)-1207/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarı və s) qeyd edilmişdir ki, məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən edilərkən, onların köçkün kimi rəsmi qeydiyyatda olduqları ərazi vahidi deyil, köçkün kimi faktiki yaşadıqları ərazi vahidi nəzərə alınmalı və belə hallarda ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun 1.1-ci və 8.1.2-ci maddələrin edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 6 oktyabr 2021-ci il tarixdə, yəni İPM-in 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Bundan başqa həm də nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən mübahisələrə həmin vaxt qüvvədə olan prosessual normalar əsasında baxılır. Bundan əlavə, Ali Məhkəmənin son dövrlər formalaşmış hüquqi mövqeyinə görə də hazırkı mübahisəyə analoji mübahisələrə dair məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən olunarkən məhz qeyd edilən qaydanın tətbiqi nəzərdə tutulmuşdur (Ali Məhkəmənin 22 aprel 2022-ci il 2-1(102)- 684/2022 nömrəli Qərarı). Nəzərə almaq lazımdır ki, mübahisənin predmet və ya ərazi aidiyyəti işə baxan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə müəyyən edilməlidir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddiaçının məskunlaşdığı ərazi Ağcabədi rayonudur. Məhkəmə, eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, AR İPM-nin 8.1.2-ci maddəsinə görə də hazırkı iddiaya baxılmasında Bakı İnzibati Məhkəməsi səlahiyyəti olmayan məhkəmə hesab edilir. Belə ki, həmin maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Şirvan İnzibati Məhkəməsidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Xocavənd və Ağcabədi rayonları Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12358/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12358/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver