Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12408/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın aparılmasının dayandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı əmək pensiyasından tutulmanın aparılmasının dayandırılması vəzifəsinin Mərkəzi Filialın üzərinə qoyulması və Mərkəzi Filial tərəfindən öncəki aylarda İddiaçı tutulmuş pensiyasının sonuncuya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanma aparılaraq azaldıldığı xx.xx.2024-cü il tarixdən tam (1994,64 manat məbləğində) bərpa edilməsi və həmin dövrdən hazırki tarixədək ödənilməmiş qalıq məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 18 mart 2024-cü il tarixində cavabdeh İddiaçı 3-17-1/2-Ş-66219/2024 nömrəli, 18 mart 2024-cü il məktub ünvanlayaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən onun yaşa görə pensiyaya tez çıxarıldığını və bu səbəbdən artıq ödənilmiş pensiyanın ondan tutulacağını və məsələ ilə əlaqədar olaraq mülahizənin dinlənilərək aktın tərtib edilməsi üçün İddiaçının qəbul Mərkəzinə getməli olduğunu qeyd etmişlər. Mərkəzi Filial tutulmanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi qanunvericilikdə müəyyən olunmadığından cüzam və taun əleyhinə stansiyalarda iş müddəti ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, tələb olunan güzəştli iş stajına (12 il 6 ay) tamamlandığı 02 iyul 2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 7 sentyabr 2006-cı il tarixindən hesablanmışdır. İddiaçı 2 yanvar 1998-ci il tarixindən 7 sentyabr 2006-cı il tarixinədək sadəcə X1 8 il 8 ay müddətində fəaliyyət göstərmişdir (Əmək kitabçası qoşmaya əlavə edilib). Daha sonra, Mərkəzi Filial İddiaçıya 22 may 2024-cü il tarixli, 3-17- 112-Ş-119766/2024 nömrəli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktub ünvanlayaraq İddiaçıya son üç il üzrə 30 359.57 AZN artıq pul vəsaitin ödənildiyini müəyyən etdiyini qeyd etmiş və həmin pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün İddiaçının yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsini İddiaçıdan xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən hər hansı yazılı razılıq təqdim olunmadığı halda, artıq 2024-cü ilin aprel ayından başlayaraq pensiya məbləği ona tutulmuş şəkildə ödənilir. İddiaçı 28 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əmək veteranı adına layiq görülmüşdür və Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddiaçıya ünvanlanmış imtina məktubunda iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Qanunun 24-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti ikiqat ölçüdə; şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə ış müddəti ikiqat ölçüdə; əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetinlməsi müddəti üçqat ölçüdə. Göründüyü kimi, sözügedən maddədə güzəştli şərtlər əmək pensiyası hüququ verən sığorta stajının hesablanmasında nəzərdə tutulur, güzəştli şərtlərlə pensiya hüququ verən sığorta stajının müəyyən edilməsində deyil. Qanunun 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərin güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi isə qanunvericilikdə müəyyən olunmamışdır. Buna görə də, cüzam və taun əleyhinə stansiyalarda iş müddəti yalnız əmək pensiyası hüququ verən stajın (baxılan halda 25 ilin) müəyyən edilməsində ikiqat ölçüdə hesablanaraq ümumi iş stajına daxil edilir. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunla tələb olunan güzəştli iş stajının (12 il 6 ay) tamamlandığı xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2006-cı il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda, Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarxindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 44 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 52,41 manat (44,39 il x 170 manat:144 ayı hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 81,20 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5353,92 manat pensiya sığorta kapitalına uyğun 37,18 (5353.92:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 193,38 manat (81,20+37,18+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 275.68 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE00****** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının xx.xx.2006-cı il tarixli 279 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1998-cu il tarixdən indiyə kimi (xx.xx.2006-cı il tarixdədək) Respublika X1 laboratoriya müdiri vəzifəsində işləyir. «Vətəndaşların pensiya təminatı» haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq o, 2-ci siyahı üzrə güzəştli pensiya almaq hüququna malikdir. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 saylı siyahısının XXİV bölməsinin 22600000-1754a şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər (vəzifəsindən asılı olmayaraq) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İddiaçı xx.xx.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 6/115 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-5134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, ərizəçiyə hüququnun xx.xx.2010-cu il tarixdə yaranması müəyyən edildiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixindən təyin edilmiş, pensiyasının məbləği 1994.64 manatdan 984.28 manata azaldılmışdır. İddiaçı hazırda onun əmək pensiyasının yenidən hesablanmasının qanunsuz olduğunu iddia edərək, əvvəlki məbləğdə, yəni 1994.64 manat məbləğində pensiya ödənişinin davam etdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ərizəçiyə pensiya təyin edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0-cı maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; İşin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, cavabdeh cüzam və taun əleyhinə stansiyalarda iş müddətinin yalnız əmək pensiyası hüququ verən ümumi iş stajının (baxılan halda 25 ilin) müəyyən edilməsində ikiqat ölçüdə hesablandığını, bu halın zərərli işlərdə işləmə müddətini müəyyən edən güzəştli staja aid edilmədiyini bildirir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən, şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki, onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Çünki şəxsin güzəştli stajı onun ümumi stajının təkibindən müəyyən olunur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2163/2024 saylı xx.xx.2024 tarixli qərarı). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajınən müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Belə olan halda, aydın olur ki, cavabdehin 3-17-1/3-3-5134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz olmuşdur, bu səbəbdən ləğv edilməlidir. Çünki İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-5134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablama aparılaraq azaldıldığı xx.xx.2024-cü il tarixdən tam (1994,64 manat məbləğində) bərpa edilməsi və həmin dövrdən hazırkı tarixədək ödənilməmiş qalıq məbləğin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-12408/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12408/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver