Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1242/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Nurəliyeva”dan “Abasova”ya soyadına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X1 ilə 1999-cu ildə nikaha daxil olmuşdur. Həmin nikah haqqında şəhadətnaməyə əsasən soyadı dəyişdirilmişdir. Nikahın pozulması haqqında məhkəməyə müraciət edən zaman məlum olmuşdur ki, X1 onu aldatmışdır. Nikah haqqında şəhadətnamə saxtadır. Onun soyadının dəyişdirilməsi də qanunsuz olmuşdur. Ona görə ata soyadına qayıtmaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: V-ЖГ № 398772 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 oğlu və X2 xx.xx.1999-cu il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Nurəliyev, arvada Nurəliyeva soyadı verilmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2001-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən AZE- 00013453 (FİN xxxxxxx) nömrəli, xx.xx.2003-cü il tarixdə AZE-01253187 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir, sonuncu vəsiqə aktiv statusdadır; Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla Nurəliyeva (Abbasova) İradə Tofiq qızının nikah və nikahın pozulması haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir; Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla xx.xx.1959-cu il təvəllüdlü Nurəliyeva (Abasova) İradə Tofiq qızının nikah pozulması haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, N.İradə Tofiq qızının doğumu “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və heç bir məlumat aşkar edilməmişdir. Onun nikahı xx.xx.1982-ci il tarixində Bakı Nikah Evi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə, iddiaçının doğumu, nikahl və nikahının pozulması haqqında akt qeydlərinin kserosurətləri məhkəməyə təqdim edilmişdir. Doğum haqqında akt qeydinin surətindən görünür ki, X3 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. Soyadının dəyişməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbi soyadının “Abasova”ya dəyişdirilməsi və doğum haqqında akt qeydində düzəlişin aparılmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Abasova” göstərilmiş və soyadının “Nurəliyeva”ya dəyişməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Belə olan halda, iddia ərizəsində qeyd edilən hallar, yəni doğum haqqında akt qeydində soyadı “Nurəliyeva” deyil, məhz dəyişilməsini istədiyi “Abasova” qeyd edildiyindən, bununla da iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. Qaldı ki, iddiaçının şəxsiyyət vəsiqəsində soyadının “Nurəliyeva” göstərilməsinə, bununla bağlı şəxsiyyət vəsiqəsi verən aidiyyəti quruma müraciət etməklə, təmin edilmədikdə isə həmin quruma qarşı iddia verilməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. İddiaçının şəxsiyyət vəsiqəsində soyadının düzgün göstərilib-göstərilməməsi hazırkı məhkəm baxışının predmeti ola bilməz və iş üzrə cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin hər hansı inzibati icraat, yaxud fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadının dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1242/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1242/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver