Məhkəmə qərarları › İş №e-2-1(112)-12440/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12440/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12440/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1927-ci il təvəllüdlü, xx.xx.1992-ci il tarixdən təqaüdə çıxmış İddiaçı 1994-cü ilin dekabrın 1dən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1927-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən yaşa görə (55 yaşdan) əmək pensiyasına çıxmış, 1994-cü ilin dekabr ayınadək pensiya almış, lakin həmin tarixdən yaşayış yerini dəyişdiyinə görə 2022-ci ilin aprel ayınadək ona pensiya verilməmişdir. 2022-ci ilin aprel ayında İddiaçı 1 saylı Bakı DOST Mərkəzinə müraciət edərək, pensiyanın bərpasını xahiş etmişdir. Müraciətinə əsasən onun pensiyası bərpa olunmuş və ona bildirilmişdir ki, müraciət edənə qədər almadığı 3 ili ona hesablanaraq ödəniləcəkdir. İddiaçı qanunvericiliyin tələbinə görə almadığı illər üzrə tam olaraq yığılmış və ödənilməmiş pensiyasının ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın bir başa özünə və 1 saylı Bakı Dost Xidmətinə ərizə ilə müraciət edilmişdir. Ərizəyə İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayonu pensiya təminatı şöbəsi tərəfindən xx.xx.1992-ci il və 29.061994-cü il tarixlərdə verilmiş pensiya vəsiqələrinin surətləri əlavə olunmuşdur. Lakin, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 №li cavab məktubu ilə İddiaçı 1994-cü ilin dekabrın 1-dən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiyanın tam şəkildə ödənilməsindən imtina olunmuşdur. İmtinada qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutlmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi xx.xx.2005-ci il tarixdən verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən (müraciət tarixindən 3 il əvvəl) 160.00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixdən 200 manat məbləğində müıyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 200.00 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ilk artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara uyğun olaraq vətəndaş İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233.20 manata, xx.xx.2021-ci il tarixdən 259.78 manata, xx.xx.2022-ci il tarixdən 268.62 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq düzgün olaraq hesablanmışdır. Məlumat üçün bildirilmişdir ki, ötən dövr üzrə (xx.xx.2019-cu il tüarixdən) hesablanmış fərq məbləği 2022-ci ilin iyun ayından İddiaçı cari pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir.” Cavabdehin verdiyi cavab nəinki sağlam düşəncəsi olan şəxsin məntiqi ilə uyğun gəlmir, hətta bu imtinanı vətəndaşın hüquqlarına zərrə qədər hörmət qoymamasını göstərir. Marfa Nəsirovnanın cavabdehə olan müraciətində qeyd olunmuşdur ki, o, 1992-ci ildən pensiyaya çıxmış, 1994-cü ilin sonunadək yəni ünvanını dəyişərək Bakı şəhərinin digər rayonuna (Yasamala) köçənədək əmək pensiyasını almışdır. Ərizəyə də, İddiaçı Nəsimi rayonu pensiya təminatı şöbəsi tərəfindən xx.xx.1992-ci il və xx.xx.1994-cü il tarixlərdə verilmiş pensiya vəsiqələrinin surətləri əlavə edilmişdir. Cavabdeh isə ödənilməmiş pensiya məbləğinin ödənilməsindən boyun qaçırmaq üçün ağıla sığmayan və qanunlara cavab verməyən hallara istinad edir. Cavabdeh qurum bildirir ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi xx.xx.2005-ci il tarixdən verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Bu tamamilə əsasız bir mülahizədir. İddiaçı Azərbaycan Respublikası müstəqillik əldə edən vaxtdan bu günə kimi daimi olaraq Azərbaycan Respublikasında yaşayıb, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayonu pensiya təminatı şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdən (55 yaşdan) əmək təqaüdünə çıxmışdır. Bu o deməkdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi ona xx.xx.2005-ci il tarixdən deyil, xx.xx.1992-ci il tarixdən pensiya huququnu qazanara əmək pensiyasına çıxmışdır. Sadəcə uzun illərdən sonra pensiyasının bərpa edilməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Dost Xidmətinə ərizə ilə müraciət etmişdir. Cavabdehə ünvanlanmış ərizəyə Azərbaycan Respublikası ƏƏSMN-nin elektron müraciət vərəqəsindən xxxxxxx220002 №-li xx.xx.2022-ci il tarixli çıxarışı da, əlavə olunmuşdur. Müraciət vərəqəsinin məzmunu bölməsində qeyd olunur ki, vətəndaş 1927-ci il təvəllüdlüdür, 1994-cü il tarixdən bildirdiyinə görə heç bir növ pensiya və müavinət almır, pensiyanın bərpa edilməsi ilə bağlı müraciət edir. Göründüyü kimi, İddiaçı ona pensiyanın təyin edilməsi ilə deyil, pensiyanın bərpa olunması ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıya həmin tarixdə müraciəti əsasında pensiya təyin edilmişdir. Əvvəllər pensiyaya çıxmış şəxs ikinci dəfə yenə də, pensiyaya çıxa bilərmi? Cavabdehin məntiqinə görə elə ola bilər, qanunvericiliyin tələbinə görə isə cavab mənfidir. Qanunvericiliyin tələbinə görə iddiaçının əvvəlki illər üzrə yəni, 1994-cü ilin dekabr ayından başlayaraq xx.xx.2022ci il tarixədək (pensiyanın bərpası üçün müraciət etdiyi gün) almadığı pensiya iddiaçıya ödənilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən sərəncama hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1927-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan SSR Nəsimi rayon Sosial Təminat Şöbəsi tərəfindən verilmiş 813711 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan pensiya vəsiqəsinin surətindən görünür ki, Azərbaycan SSR Nəsimi rayon Sosial Təminat Şöbəsi tərəfindən İddiaçı pensiya vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci iltarixdə 1 saylı Bakı Dost Mərkəzinə müraciət edərək, 1994-cü il tarixdən heç bir növ pensiya və müavinət almamsını, pensiyasının bərpa edilməsini xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 23 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmşdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd xx.xx.2005-ci il tarixində verildiyi üçün vətəndaşın yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqia ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin ediiir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən (müraciət tarixindən 3 il əvvəl) 160,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 200.00 manat müəyyənləşdirilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara uyğun olaraq vətəndaş İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətə əsasən İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Məlumat üçün bildirmişlər ki, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği 2022-ci ilin iyun ayından İddiaçı cari pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əlavə olaraq “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1,2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 16 noyabr 2022-ci il tarixli və 11 noyabr 2022-ci il tarixli məktublarla iddiaçıya məxsus pensiya işi təqdim edilmişdir. Pensiya işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus pensiya işində İddiaçı xx.xx.1994-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini təsdiq edən vəsiqənin surəti, ona təyin olunmuş yaşa görə əmək pensiyasının 1994-cü il tarixdən almaması, yaşayış və qeydiyyat ünvanını dəyişdirməsi səbəbindən pensiyasının bərpa edilməsi barədə ərizəsi, iddiaçının ona 1994-cü ilin dekabrın 1-dən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiyanın tam şəkildə ödənilməsi barədə ərizəsi, həmin ərizəsi əsasında ona xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş qərarın surəti, ona məxsus əmək kitabçasının surəti pensiya işinin materiallarında mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın surətindən görünür ki, onun pensiya hüququnun yarandığı tarix xx.xx.1987-ci il, əmək pensiyasının yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il tarixdən müddətsiz, əmək pensiyasının hazırki məbləği 268.62 manat müəyyən edilmişdir. Qeyd hissədə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanununun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2022-ci il tarixli müraciətə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən 23 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbindən və işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan SSR Nəsimi rayon Sosial Təminat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna dair ona, 813711 nömrəli vəsiqə verilmişdir. İddiaçı 1994-cü il tarixdən pensiya ödənişi almamışdır. Həmin vaxtdan xx.xx.2022-ci il tarixədək onun tərəfindən Dövlət Sosial Müdafiə Fonduna pensiya ödənişinin davam etdirilməsi barədə hər-hansı müraciət edilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Dost Mərkəzi tərəfindən ərizə ilə müraciət edilərək pensiyasının bərpa edilməsi xahiş edilmişdir. İddiaçının həmin ərizəsinə və sonradan xx.xx.1994-cü il tarixdən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin tam şəkildə ödənilməsi barədə ərizəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləğinin xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. İddiaçı hazırda məhkəmədən cavabdehin imtinasının əsassız hesab edilməklə xx.xx.1994cü il tarixdən 2022-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçıya 1994-cü il tarixdən pensiya təyn olunmasına baxmayaraq, onun tərəfindən yaşayış yerini dəyişdiyi üçün pensiya təyin edilməsi barədə müraciəti xx.xx.2022-ci il tarixədək təqdim edilməmiş və edilməməsinin onun iradəsindən asılı olmayan hallara (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasına) görə mümkün olmadığına dair sübutlar təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, cavabdeh əvvəlki müddət üçün alınmamış pensiya məbləğinin müraciət edilən tarixdən - 27 aprel 2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməsində haqlı olmuşdur. Çünki qeyd edilən Qərardadda “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar