Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12440/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1201,21 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə yaranan 1201,21 manat borcuna görə 40000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2025 tarixli, **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2025-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1201,21 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-12440/2025 nömrəli Sərəncamı cavabdehə ünvanlanmış və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı iddia ərizəsinə əlavə olunmuş ərizədə işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İş materiallarında olan: İddiaçı tərəfindən “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2025-ci il tarixli, **********4 nömrəli protokoldan görünür ki, cavabdehə məxsus 1 ədəd, qiyməti 40000 manat olan Land Rover markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması” barədə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 337214/2025 nömrəli xəbərdarlıqdan görünür ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********4 nömrəli Qərarına əsasən cavabdehin xx.xx.2025-ci il tarixində 40000 manat dəyərində əmlakının siyahıya alındığı bildirilmiş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacığı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025 il tarixli, 3-13-16/2-136301/2025 nömrəli sorğuya cavab məktubuna əsasən DİN Baş X8 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “X4” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış xx.xx.2025-ci il tarixdə mülkiyyətçisi dəyişdirimədən nəqliyyat vasitəsi yeni **-VB-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-HQ-*** dövlət qeydiyyatda nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. “X4” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhkəmə orqanları tərəfindən məhdudiyyətin qoyulması barədə DİN Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehin vergi borcunun olduğunu iddia etmiş, vergi borcunun təmin edilməsi məqsədi ilə isə “X4” markalı avtonəqliyyat vasitəsini siyahıya almışdır. Halbuki, iddiaçı avtonəqliyyat vasitəsinin cavabdehin mülkiyyətində olmadığını, ümumiyyətlə həmin avtonəqliyyat vasitəsinin alqı-satqı münasibətləri zənnində başqa fiziki şəxsin mülkiyyətinə verildiyini nəzərə almamış, bununla da həmin avtonəqliyyat vasitəsinin hazırki mülkiyyətçisinin mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.7-ci maddəsinə əsasən uçotda dayanan və qeydiyyata alınmış nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və regionlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır. Həmin Əsasnamənin 2.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: - nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərindən görünür ki, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyinin tanınması üçün sənədlərin əhatə dairəsi müəyyən edilmiş, bunlardan biri qismində nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi çıxış edir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən siyahıya alınmış əmlak cavabdehə məxsus olmamış, əksinə alqı-satqı müqaviləsinə əsasən başqa fiziki şəxsin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.2-ci maddələrinə nəzər yetirsək görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının siyahıya aldığı əmlak cavabdehə məxsus olmadığından, cavabdehin vergi borcuna görə siyahıya alınan və başqa şəxsə məxsus olan avtonəqliyyat vasitəsinin satılması qanunaziddir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2-1(112)-12440/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12440/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver