Məhkəmə qərarları › İş №e-2-1(112)-12460/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12460/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12460/2025 25.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 25 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X1 İcraiyyə Komitəsinin “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən iddiaçıya 3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 hektar torpaq sahəsinə dair plan və ölçü tərtib edilməklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon X1 İcraiyyə Komitəsinin “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən iddiaçıya 3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X1 İcraiyyə Komitəsinin “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarından çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 16 aprel və 24 oktyabr 1990-cı il tarixli 164 və 489 nömrəli qərarları ilə 3 nömrəli Zeytun Sovxozuna 120 ailəlik, hər ailəyə 0.10 hektar hesabı ilə 12.0 hektar asudə həyətyanı torpaq fondu /yol, küçə buraya daxil edilməmişdir/ ayrıldığı nəzərə alınmış, iddiaçıya torpaq sahəsi ayrılması haqqında 3 nömrəli Zeytun Sovxozunun 5 mart 1991-ci il tarixli 17 nömrəli əmri nəzərə alınmış, iddiaçıya verilmiş torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan mübahisəsiz və fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı, ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edərək, orada fərdi yaşayış evi tikdirmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan .espublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir və sökülmüş fərdi yaşayış evi üzərində hüquqların ləğvinə dair ərizə təqdim edilməmişdir. Bundan başqa, texniki pasportun baş planında əksini tapan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi uyğunsuzluq təşkil edir və perimetrik ölçülərdə fərq mövcuddur». İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir və sökülmüş fərdi yaşayış evi üzərində hüquqların ləğvinə dair ərizə təqdim edilməmişdir. Həmçinin texniki pasportun baş planında əksini tapan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi uyğunsuzluq təşkil edir və perimetrik ölçülərdə fərq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-1RA/2-Ş-1578-35/25 nömrəli məktubuna Abşeron rayon XDS İcraiyyə Komitəsinin 52 nömrəli, xx.xx.1991-ci il tarixli “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarının surəti əlavə edilmişdir. Qərardan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 16 aprel və 24 oktyabr 1990-cı il tarixli 164 və 489 nömrəli qərarları ilə 3 nömrəli Zeytun Sovxozuna 120 ailəlik, hər ailəyə 0.10 hektar hesabı ilə 12.0 hektar asudə həyətyanı torpaq fondu (yolküçə buraya daxil edilməmişdir) ayrıldığının nəzərə alınması, həmin torpaqdan 113 ailəyə (o cümlədən iddiaçıya) 11,30 ha sovxozun fəhlə və mütəxəssislərinə torpaq sahəsi paylanması haqqında 3 nömrəli Zeytun Sovxozunun 5 mart 1991-ci il tarixli 17 nömrəli əmrinin nəzərə alınması, iddiaçıya verilmiş torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. 1993-cü ilin aprel ayında tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpağın sahəsi 1400 kv.m-dir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: …

1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: …

2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, iddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 52 nömrəli, xx.xx.1991-ci il tarixli “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarına və 3 nömrəli Zeytun Sovxozunun 5 mart 1991ci il tarixli 17 nömrəli əmrinə istinad edərək, həmin əmrlə ayrılmış 0,10 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin etirazının əsasını İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü müəyyən edildiyindən sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməməsi, texniki pasportun baş planında əksini tapan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsinin uyğunsuzluq təşkil etməsi və perimetrik ölçülərdə fərqin mövcud olması təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Qeyd edilməlidir ki, həmin sənədlər əsasında cavabdeh tərəfindən məhz həmin torpaqda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənədlərin mötəbər hesab edilərək orada yerləşən fərdi yaşayış evinə dair onun mülkiyyət hüququnun tanınması həmin torpaq sahəsinə dair həmin şəxsin hüquqlarının olmasını təsdiq edir. İstinad edilən hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsində göstərilən Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda (bənd 1.4 və 2.5-1) nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin fərdi yaşayış evinin sökülmüş olması ilə bağlı dəlili əsassızdır. Cavabdehin etirazında qeyd etdiyi texniki pasportun baş planında əksini tapan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsinin uyğunsuzluq təşkil etməsi və perimetrik ölçülərdə fərqin mövcud olması barədə dəlilləri iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2021-ci il 28 oktyabr tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon X1 İcraiyyə Komitəsinin “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən İddiaçı 3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron rayon X1 İcraiyyə Komitəsinin “3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən İddiaçı 3 nömrəli Zeytun Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar