Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12472/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı məhkəmə qərarının icra edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakıları xahiş etmişdir: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarının Azərbaycan Respublikas ıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra olunması:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki: 1) xx.xx.2019cü il tarixli 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatı; 2) xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli ümumi müddətsiz əlillik təyinatının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarına əsasən qanunsuz əlverişsiz inzibati aktlar kimi inzibati icraat qaydasında ləğv olunması;
2. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu - maddə 67.3 uyğun olaraq xx.xx.2019-cü il tarixli və xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli qanunsuz əlverişsiz əlillik təyinatlarının qüvvəyə mindikləri andan İddiaçı pozulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlillik təyinatı o tarixlərdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndinə əsasən 08 noyabr 2016-cı il tarixindən bərpa olunması;
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarına əsasən xx.xx.2021-il tarixli apellyasiya şikayətinin tələbi olan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlilliyinin təyinatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndi) 08 noyabr 2016-cı il tarixindən inzibati aktla təsdiqlənməsi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. Yəni, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının inzibati icraat qaydasında heç bir tələb olunan inzibati akt qəbul etməyib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin öz elektron Altsistemində İddiaçı aid olmuş 3-cü dərəcə əlillik barədə məlumatların yox etməsi qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi deyildir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yazılanlar barədə İddiaçı AR İPM-nin müvafiq maddələrinə uyğun olaraq Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2024-cü il tarixində məktubla (SX020698467AZ) müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının (qüvvəyə minibxx.xx.2023-cü il) icra edilməsini tələb edib. Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İbrahimovun müraciətini cavabsız qoyub. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqətinə çatdırıldı və iddiaçı izah edilənlərin ona aydın olduğunu, iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-1316/2021 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2- 1(103)-532/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)- 1091/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)- 532/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2-1(102)-1518/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda verilən iddia ərizəsinin məzmunundan və iddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Lakin məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı hüquqi marağına çatmaq üçün iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, məhkəmə qərarının icrası həmin qərar üzrə məcburi icra tədbirləri nəticəsində, həmin işin icrası qaydasında baxıla bilər və ayrıca iddia şəklində ərizənin verilməsi mümkünsüzdür. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov