Məhkəmə qərarları › İş №e-2-1(112)-1253/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1253/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1253/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “eskiz lahiyənin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “eskiz lahiyənin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il tarixdə, Layihə smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihənin təsdiq edilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdeh Xətai RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli ******* saylı daşınmaz əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsinin məzmunundan da aydın olaraq görünür ki, “Satıcı” (X5) ilə “Alıcı” (İddiaçı) arasında alqı-satqı müqaviləsi imzalanması nəticəsində, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsi alıcının mülkiyyətinə keçmişdir. Xətai RİH-yə təqdim olunmuş layihəyə cavab olaraq, ünvanlanmış xx.xx.2018-ci il tarixli, F-18 nömrəli məktuba əsasən, Xətai rayonu, K.Kərimov küçəsində mülkiyyətində olan torpaq sahəsində təqdim olunmuş layihələr əsasında fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatının tətbiq olunması barədə Xətai RİH-yə ünvanladığı müraciətinə baxılaraq, qeyd edilən məsələ ilə əlaqədar təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən onun (İddiaçı) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin eskiz layihəsi Sabunçu rayonu Layihə Smeta Bürosu tərəfindən işlənmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən şərtlər aşağıdakı şərtlər daxilində razılaşdırılır: Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır; Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qadalarına riayət edilməklə saxlanmalı, qanunvericilikdə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməlidir. Qeyd edilməsi lazımdır ki, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihələrin memarlıqplanlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə, 2018-ci il tarixdə, “Layihə smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihənin təsdiq edilməsi barədə sərəncam qəbul edilməsi” məzmununda tələblə cavabdeh Xətai RİH-yə müraciət edilmişdir. Ancaq hazırki vaxtadək sözügedən inzibati orqandan cavab alınmamışdır. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə aşağıda qeyd edilmiş məzmunda ərizə ilə müraciət edilərək, sözügedən layihənin əslini həmin inzibati orqana təqdim etmişdir: “xx.xx.2024-cü il tarixdə yazılaraq ona göndərilmiş, yuxarıda qeyd edilmiş xüsusatları özündə əks etdirən, ərizəyə əlavə olaraq, 2018- ci il tarixdə, Layihə smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihənin əsli sizə təqdim edilir. Nəzərə alması xahiş edilir.” Həmin müraciətinə da cavab verilməyərək, hərəkətsizlik edilmiş və hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xətai RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-11/2- 936/2024 saylı iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətləri: Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində 2018-ci il tarixdə layihə smeta bürosi tərəfindən tərtib edilmiş eskiz layihənin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Xətai RİH-yə həvalə edilməsini xahiş etmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların” tələblərinə əsasən yol verilən tikintinin miqyasıtəqdim olunan ünvan 3 ünvanında fərdi yaşayış evinin memarlıq planlaşdırılmasının həlli layihəsi üzrə 1. Ərazinin tikinti əmsalı norma üzrə -0,4 faktiki 0,57 (172 kv.m/300 kv.m); 2. Ərazinin tikinti sıxlığı əmsalı norma üzrə- 0,6 faktiki 1,14 (344 kv.m/300 kv.m) təşkil edir. Mövcud qaydaların tələblərinə əsasən iddiaçının təqdim etdiyi memarlıq planlaşdırılmasının həlli layihəsi üzrə ərazinin tikinti əmsalı və ərazinin tikinti sıxlığı əmsalı cədvəldə yol verilən tikinti miqyası əmsalından çox olduğundan fərdi yaşayış evinin layihəsinin razılışdarılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətao rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Layihə Smeta bürosu tərəfindən “Sifarişçi” İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, tikiləcək fərdi yaşayış evinin X2 Həlli tərtib olunmuşdur. İddiaçının hazrki tələblə bağlı müraciətləri cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli 07-188/25 №li mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində inşa olunmuş fərdi yaşayış evinin yerüstü mərtəbələrinin sayı 2-dən, hündürlüyü 12 metrdən və aşırımların uzunluğu 6 metrdən çox olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tikinti normalarının tələblərinə uyğun olduğü müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 47. Tikinti obyektinin sifarişçisi. 47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir Maddə 80. Məlumatlandırma icraatı. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.https://eqanun.az/framework/46958 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 №li Fərmanı: 4.7. ... 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, .... maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 3.11.Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; ..... 3.11.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə bildirir ki, tikinti obyektlərinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun inşa olunmasına nəzarət funksiyasının təmin edilməsi məqsədilə, inşa ediləcək əmlakın eskiz layihəsi mütləq qaydada yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Eskiz layihəsi, mahiyyət etibarilə, inşa ediləcək əmlakın əsas parametrlərinin və texniki göstəricilərinin əks etdirilməsinə yönəlmiş ilkin memarlıqplanlaşdırma sənədidir. Əmlakın X1 təsdiqi, tikinti prosesində hüquqi baxımdan əsas xarakter daşımaqla yanaşı, həm də məlumatlandırma icraatı tətbiq olunan hallarda, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlər sırasına daxildir. Nəzərə alınmalıdır ki, eskiz layihəsinin təsdiqi olmadan iddiaçının fərdi yaşayış evinin tikintisinə başlanılması qanunvericiliyə zidd olacaq, tikinti icra edilsə belə, hazır tikili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilə bilməyəcək. Bu baxımdan, eskiz layihəsinin mövcudluğu və təsdiqi, həm tikintiyə başlama hüququnun yaranması, həm də inşa edilmiş əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün qanuni mütləq prosedur xarakteri daşıyır. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İPM-nin: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Mövcud qanunvericiliyin tələbindən də göründüyü kimi diskresion səlahiyyət inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir ki, hazırkı iş üzrə də eskiz layihəsinin təsdiq edilməsinə və ya edilməməsinə münasibətdə cavabdehin diskresion səlahiyyətlərindən yaranmış seçim imkanının mövcudluğu görünür. Başqa sözlə hazırkı halda eskiz layihəsinin təsdiq edilibedilməməsinə münasibətdə cavabdeh diskresion səlahiyyətə malikdir. Lakin, qanunvericiliyin tərkib hissəsi olan yuxarıda göstərilən müddəalardan da göründüyü kimi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eləcə də, inzibati məhkəmə icraatı üzrə hüquqi dəyərləndirmə aparan məhkəməyə də səlahiyyət verilmişdir ki, diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı yoxlanıla bilsin. Məhkəmə də iddia tələbi həddində diskresion səlahiyyətlərin məqsədə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul olunub-olunmaması istiqamətində yoxlama aparmış və müəyyən etmişdir ki, işin hazırkı faktiki hallarına uyğun olaraq cavabdehin nümayiş etdirdiyi hərəkətsizlik qanunsuz və əsassız olmaqla səlahiyyətin məqsədinə uyğun olmamış, ən əsası isə iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Cavabdeh isə işin faktiki hallarını nəzərə almadan, xidməti vəzifəsindən irəli gələn işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olmasına baxmayaraq araşdırmanı həyata keçirməmiş, eskiz layihəsinə dair hər hansı iradının olması ilə bağlı iddiaçıya rəsmi cavab verməmiş, bu sahədə hər hansı qiymətləndirmə və araşdırma aparmamış, bu hərəkətsizlik iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının zahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sabunçu rayonu İcra Hakimiyyəti Layihə Smeta bürosu tərəfindən “Sifarişçi” İddiaçı adına tərtib olunmuş Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində tikiləcək fərdi yaşayış evinin X2 Həllinin təsdiq edilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar