Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12536/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşından, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq ərizə ilə müraciət edilmiş, lakin hazırkı iş üzrə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə məlumat verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddiaçı həmin məktub üzrə yazılanları, həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddia tələbinə qoşma kimi əlavə edilən və cavabdehə təqdim edilmiş SOCAR "xxxx" tresti tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ümumilikdə bənna peşəsi üzrə 21 il 5 ay 10 gün gün əmək stajına malikdir. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olduğu üçün o, artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əldə etmək hüququnu qazanmışdır. Lakin cavabdeh qanunsuz və əsassız olaraq “güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və imtina məktubundan cavabdeh tərəfindən qeyd edilmişdir ki, “Mərkəzi filiala təqdim etdiyiniz SOCAR-ın sizə dair 21 may 2025-ci il tarixli 14-2-14/2-991/2024 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015 tarixləri arasındakı dövr ərzində və 12.08.201-ci il tarixdən bugünədək həmin müəssisənin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyiniz müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləməməyiniz barədə hər hansı məlumat göstərilməyib.” Göründüyü kimi cavabdeh tərəfindən absurd cavab verilmişdir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətinə əsasən “Bənna” dedikdə binanın daş, kərpic hissəsini tikən usta başa düşülür. Cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, “SOCAR” tərəfindən verilmiş arayışda da qeyd edildiyi kimi "xxxx" trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalarda fəaliyyət göstərirlər. Yəni cavabdehin qeyd etdiyi kimi iddiaçının fəaliyyət göstərdiyi “bənna” peşəsi üçün əlavə olaraq bənna briqadası yaradılmamışdır. Həmçinin cavabdeh tərəfindən Nazirlər Kabinetinin qərarında qeyd edilmiş siyahıya istinad olunsa da, nəzərə alınmamışdır ki, iddiaçının fəaliyyət göstərdiyim briqadalar “müxtəlif peşələrdən ibarət olan işçilərdən təşkil edilmiş kompleks briqada” olmuş, yəni ayrıca bənna briqadası formasında olmamışdır. Bundan əlavə cavabdeh tərəfindən imtina formal mülahizələrlə əsaslanmaqla verilmiş, iş üzrə bütün hallar araşdırılmamış, aidiyyətı orqan və qurumlara sorğu ilə müraciət edilməmiş, iddiaçının işçi kimi fəaliyyət göstərdiyi briqadların həqiqətən də məhz Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən briqdalara aid olubolmaması aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş olan imtina qanunsuz və əsassız olmuşdur. İddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuş və 25 ildən çox ümumi əmək stajı vardır. Həmçinin tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur. Bu səbəbdən də ona qeyd edilən tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin briqadanın tərkibində fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. “Bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000a—12680). Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı Mərkəzi Filiala xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin iddiaçya qeyd etdiyi əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məktub ünvanlanmışdır. İddiaçı M.X2 təqdim etdiyi SOCAR “Neftqaztikinti" trestinin ona dair 21 may 2025-ci il tarixli 14-2-U/2-991/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən bugünədək həmin müəssisənin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 2 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməməsi barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən həmin dövrlərin güzəştli şərtlərlə əmək pensiya hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Əlavə olaraq bildirilir ki, iddiaçının ümumi iş stajı 42 il 2 ay 21 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 21 gün (01.09 1982-xx.xx.1983-cü il, 22 10.1983-xx.xx.1985-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 2 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki: -Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, 665703 №-li diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə 12 №-li texniki məktəbə daxil olmuş, xx.xx.1983-cü ildə “soyuducu avadanlıqların təmiri və xidməti üzrə çilingər” peşəsi üzrə həmin məktəbin tam kursunu bitirmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. -xx.xx.1983-cü il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında bənna, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında bənna (xx.xx.2007ci il tarixli əmrlə AZDNİ tresti və onun struktur bölmələri yenidən təşkil olunaraq ARDNŞ-nin "xxxx" Trestinə verilib, AZDNİ Trestinin 2 saylı İTATF-ı "xxxx" Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb), xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifələrində işləmiş, xx.xx.2015-ci il tarixdən hazıradək də "xxxx" Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işləyir. -SOCAR-ın "xxxx" tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixində (əmr № 199/k, xx.xx.2003-cü il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına bənna peşəsinə işə qəbul edilib və xx.xx.2006-cı il tarixində (əmr № 94/k, xx.xx.2006-cı il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 2 il 7 ay 10 gün (iki il yeddi ay on gün) təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixində (əmr № 100/k, xx.xx.2006-cı il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialının 2 saylı sahəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 237-k, 05.11,2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 8 il 3 ay 26 gün (səkkiz il üç ay iyirmi altı gün) təşkil edir. “Azərdənizneftinşaat" tresti və onun struktur bölmələri xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq ARDNŞ-nin "xxxx" trestinə verilib və 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 275/k, xx.xx.2014-cü il) "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015ci il tarixində (əmr № 210/k, xx.xx.2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün (doqquz ay iki gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000205, xx.xx.2015cl il) "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə bənna peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 9 il 9 ay 2 gün (doqquz il doqquz ay iki gün) təşkil edir. İddiaçı bənna peşəsi üzrə iş stajı 21 il 5 ay 10 gün (iyirmi bir il beş ay on gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. Beləliklə, işin faktiki hallarına əsasən, xx.xx.1965-ci il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan və cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı münasibətdən onun qanunla tələb olunan 25 ildən də artıq (42 il, 2 ay, 21 gün) ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışda iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən bugünədək SOCAR "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməməsi barədə hər hansı məlumat göstərilmədiyinə istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkün hesab etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) “a) fəhlələr” yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. İddiaçının iş yeri olan SOCAR "xxxx" trestinin xx.xx.2025-ci il tarixli arayışında da onun mübahisələndirilən dövrlərdə işlədiyi bənna vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” vəzifəsinə uyğun gəldiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması dövründə SOCAR-ın "xxxx" trestin sorğu edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "xxxx" trestinin İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü) vermiş olduğu xx.xx.2025-ci il tarixli, 14-2-14/2-991/2025 nömrəli arayışa əsasən iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il tarixlərində çalışdığı bənna vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Qərarının hansı bəndinə uyğun olması, həmin vəzifələrin əmək funksiyalarının nədən ibarət olması, onun işlədiyi bənna vəzifəsinin kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənna olub-olmaması barədə ətraflı, izahlı məlumatların məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Müsəssisə tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi bənna peşəsi ilə bağlı qeyd edilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda işlər, peşələr, vəzifələr və göstəricilər 2 əsasa, istehsalat sahələrinə və həmin sahələrdəki peşə və vəzifələrə görə müəyyən olunur. "xxxx" trestinin əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin əsas istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğun olsa da, onun işlədiyi bənna peşəsi Siyahının həmin bölməsində birbaşa nəzərdə tutulmamışdır. Belə ki, Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. "xxxx" trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. İddiaçı işlədiyi bənna peşəsinin Siyahının qeyd olunan bölməsindəki sözügedən peşəylə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlinməsinə əsas verən məlumatlar aşağıdakılardır: 1. İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğunluq təşkil edir; 2. İş yerlərinin sonuncu attestasiyasının nəticələrinə əsasən İddiaçı əmək şəraitinin ağır və zərərlilik səviyyəsinin aşağı olduğu müəyyən edilərək onun tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tariхli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur; 3. İddiaçı tərkibi 3 bənna, 3 rəngsaz, 3 dülgər, 2 suvaqçı, 1 dəmir-beton məmulatların və konstruksiyaların qəlibləyicisi, 1 məmulatların yığıcısı (plastik), 1 armaturçu və 1 üzləyiciplitəçidən ibarət briqadanın tərkibində fəaliyyət göstərir; 4. Briqadanın tərkibində fəaliyyət göstəribgöstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) (əldə olunması üçün link: eqanun.az/framework/10349) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. Göründüyü kimi, təqdim edilmiş məktub-arayışda iddiaçının bənna vəzifəsində işlədiyi Trestin əsas istehsalatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olduğu bildirilmiş, hətta iddiaçının əmək funksiyalarının nədən ibarət olması, qeyd olunan uyğunluğun müəyyən edilməsi əsasları barədə ətraflı məlumat verilmişdir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bu yönümdədir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan arayışdakı və cavab məktubundakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Həm də vurğulanmaldır ki, iddiaçının xx.xx.2003-cü ildən qısa fasilələrlə eyni vəzifədə - bənna vəzifəsində işləməsi onu deməyə əsas verir ki, o daimi olaraq həmin idarədə bənna işləmişdir. Ona görə də, məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı arqumentini qəbul etmir və iddiaçının ümumilikdə 21 ildən artıq güzəştli iş stajının olması qənaətindədir. Həmçinin, eyni faktiki və hüquqi hallara əsaslanan mübahisələr ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-974/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və 2- 1(102)-2428/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadları ilə cavabdeh pensiya qurumunun kassasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Odur ki, iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2025-ci il tarixləri arasında SOCAR "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (11 il, 8 ay, 7 gün + 9 il, 8 ay, 25 gün = 21 il, 5 ay, 2 gün ). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12536/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12536/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver