Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12537/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X2 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “alğısatqı müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) ilə Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 28 oktyabr 2005-ci il tarixli, 320 nömrəli müqavilə ilə Goradil bağ massivində 600 kv.m torpaq sahəsi vətəndaşın icarəsinə verilmişdir. Müqavilə 26 oktyabr 2055-ci il tarixədək müddətə bağlanılmışdır. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli “Görədil bağ massivində İddiaçı istifadə və sahibliyində olan 0.11 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədi ilə onunla alğı-satqı müqaviləsinin bağlanılması” barədə ərizə ilə Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23 oktyabr 2007-ci il tarixli, 466-İİİ QD saylı Qanunla ədilən dəyişikliyə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı Binəqədi Bələdiyyəsinin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil vermədiyi üçün 2007-ci ilin dekabrından bələdiyyə tərəfindən hər hansı məqsədlər üçün torpaq ayrılması müvəqqəti dayandırılmışdır. Bu səbəbdən müraciətinizin müsbət həlli tərəfimizdən mümükün deyildir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Görədil bağ massivində İddiaçı istifadə və sahibliyində olan 0.11 ha (0.06 ha icarə müqaviləsi üzrə, 0.05 ha faktiki sahiblik üzrə) torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədilə onunla alğı-satqı müqaviləsinin bağlanılması və həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 oktyabr 2005-ci il tarixində Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin istifadə edilməsi üçün icarəyə verilməsi haqqında 320 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Görədil bağ massivində 0.06 ha torpaq sahəsi ərizəçinin istifadəsinə verilmişdir. Müqavilə 50 il müddətə bağlanmış, o tarixdən etibarən hər il müvafiq icarə haqqı ödənilmişdir. Həmin tarixdən etibarən ərizəçi sözügedən torpaq sahəsindən fasiləsiz istifadə etmiş, lazımı kommunal xərcləri və digər ödənişləri ödəmiş, habelə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquq və vəzifələrini həyata keçirmişdir. Bundan əlavə, yenə də həmin tarixdən etibarən sözügedən torpaq sahəsinə bitişik və ondan ayrılması mümkün olmayan 0.05 ha sahə də onun istifadəsində olmuşdur. İddiaçı iyirmi ildən artıqdır ki, həmin torpaq sahəsini mübahisəsiz istifadə edir. Bu müddətdə həmin torpaq sahəsi ilə bağlı heç bir rəsmi etiraz və ya bildiriş daxil olmamış, heç kim tərəfindən sahə ilə bağlı iddia irəli sürülməmişdir. Bu müddət ərzində Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə təsbit olunmuş faktiki sahiblik və istifadə hüququ maneəsiz həyata keçirilmişdir. Digər tərəfdən, torpaq sahəsindən istifadə ilə bağlı hüquq və vəzifələr icra edilmişdir. İyirmi illik maneəsiz istifadədən sonra həmin torpaq sahəsi ilə bağlı İddiaçı oranı satın almaqda üstünlük hüququ yaranmışdır. Bu hüquq ərizəçi ilə bələdiyyə arasında bağlanmış müqavilənin 4-cü maddəsində “İcarədarın hüquq və vəzifələri” hissəsində də təsbit olunmuşdur. Belə ki, həmin maddəyə əsasən icarədarın sahənin özəlləşdirilməsi qanunvericilikdə nəzərdə tutulduqda həmin sahənin ilk növbədə ona təklif edilməsini tələb etmək hüququ vardır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati aktın qəbulundan imtinaya qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın (onun qəbulundan imtinanın) ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, torpağın mülkiyyətə ayrılması haqqında qəbul edilən qərar qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin imtinası xx.xx.2024-cü il tarixdə olmuş, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. ...4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... “İcarə haqqında” Qanun: Maddə 7. İcarə müqaviləsi
1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi... İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı 0.11 ha torpaq sahəsinin onun mülkiyətinə verilməsi məqsədi ilə onunla alğı-satqı müqaviləsinin bağlanılmasını tələb edir. İddia ərizəsindən və iş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.06 ha hissəsini iddiaçı 28 oktyabr 2005-ci il tarixli, 320 nömrəli icarə müqaviləsi əsasında istifadə etsə də, digər 0.05 ha hissəsini qeyri-qanuni istifadə edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 28 oktyabr 2005-ci il tarixli, 320 nömrəli müqavilə ilə Goradil bağ massivində 600 kv.m torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, iddiaçı X1 Sistemində (BAMS) icarəçi kimi uçotdadır. Müqavilənin hazırda qüvvədə olması işin mübahisəsiz halıdır, müqavilə 26 oktyabr 2055-ci il tarixədək müddətə bağlanılmış, bundan başqa qanunvericilkdə müəyyən şərtlər nəzərə alınmaqla - bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin 0.05 ha hissəsi ilə bağlı isə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə normada qeyd edilən hallar baş verməmişdir. Odur ki, iddia olunan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz. İşin yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X3