Məhkəmə qərarları › İş №e-2-1(112)-12563/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12563/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12563/2023 02.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 443 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-12563/2023 saylı qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 267 nömrəli, xx.xx.2005-ci il tarixli “özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat va istirahət zonasının layihələşdirilməsi və yaşayış binasının layihələşdirilməsi haqqında” Sərəncamına əsasən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 921 saylı razılıq məktubu, Hom-Paş Prestij MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsinin icarə əsasında həmin mənzil-tikinti kooperativinin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsinin müvafiq qanunvericiliyə əsasən Hom-Paş Prestij MTK tərəfindən həll edilməsi, (1.2.) Xətai rayonu, Xocalı (keçmiş Telnov) prospektindəki 1181-ci məhəllədə, Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə ayrılmış torpaq sahəsinə dair Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 6/224 saylı qərarının 5-ci bəndinin ləğv edilməsi qərara alınaraq, layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtlərinin yerinə yetirilməsi, ərazinin ve obyektin memarlıq- planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırması, layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etməsi, Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi va əlaqədar təşkilatlarla razılaşdırması sifarişçiyə tapşırılmışdır. Həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Sərəncama əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti nəzdində "İnterservis” müdiriyyəti torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və sifarişçi Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində huququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalı və layihələşdirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilməsi, layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməli olması, ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılması, qeyd edilən bəndlərin sifarişçi tərəfindən yerinə yetirilmədiyi təqdirdə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmalı olduğu sərəncamda öz əksini tapmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 443 nömrəli, xx.xx.2015-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamına əsasən (1.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və “X1” Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilməsi, (1.1.) "xxxx" MTK-ya dair razılaşdırılmış layihə sənədləri "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilməsi, (1.2.) Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha müəyyən edilmişdir. (2.1.) Sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, (2.2.) layihələndirmənin vaxtı va qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirmək, (2.3) ərazinin va obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmaq, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etmək, (2.4.) layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırmaq, (2.5.) layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək tapşırılmışdır. (2.6.) Həmin sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsas olmuşdur. Sərəncamın 3-cü bəndinə əsasən sifarişçi, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd almalı, (4.) layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməli, (5.) yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacağı (6.) torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənməsi bildirilmişdir. "xxxx" MTK-nın sədri barəsində açılmış cinayət işi gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru "xxxx" MTK-nın sədrinin imzasını saxtalaşdıraraq “X1” Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı saxta razılıq məktubunu hazırlamaqla Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 443 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamını əldə etməyə nail olmuş və saxta yolla əldə etdiyi sərəncamdan istifadə edərək ilk öncə onunla müqavilə bağlamış sonra isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə həmin müqaviləni ləğv etməklə onun hüquqlarını kobudca pozmuşdur. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin eməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 267 nömrəli, xx.xx.2005-ci il tarixli Yaşayış binasının layihələşdirilməsi haqqında Sərəncamından görünür ki, həmin sərəncam ilə Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 443 nömrəli, xx.xx.2015-ci il tarixli "xxxx" MMC-nə yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilməsi haqqında Sərəncamından görünür ki, həmin sərəncam ilə Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1ci bəndi ilə “X1” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçı hazırda bu sərəncamı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının “sərəncamın ləğv edilməsi” barədə tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İş materiallarından görünür ki, iddiaçının ən geci xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi sərəncamdan məlumatı olmuşdur. Belə ki, işdə olan “X1” MTK və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən tərəflər təsdiq etmişlər ki, Bakı şəhəri, Xocalı prospekti 32, 1181-ci məhəllədə yerləşən “X1” MTK ilə "xxxx" MMC-yə məxsus yaşayış kompleksinin: 1) xx.xx.2011-ci il tarixli müqavilə əsasında A1 blokunun 14-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 124,7 kv.metr təşkil edən mənzil; 2) xx.xx.2011-ci il tarixli müqavilə əsasında A1 blokunun 14-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 136,1 kv.metr təşkil edən mənzil; 3) xx.xx.2011-ci il tarixli müqavilə əsasında A1 blokunun 15-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 122 kv.metr təşkil edən mənzil; 4) xx.xx.2012-ci il tarixli müqavilə əsasında 6 mərtəbəli blokun 4-cü mərtəbəsində yerləşən və Xocalı prospektində baxan hissədə (2 blokun arası) ümumi sahəsi 260 kv.metr təşkil edən qeyri yaşayış sahəsi; 5) xx.xx.2012-ci il tarixli müqavilə əsasında Xocalı A1 blokunun 02 qatında yəni mənfi 2 mərtəbəsində park yeri üçün 16 kv.metr qaraj sahəsi; 6) xx.xx.2013-cü il tarixli müqavilə əsasında C blokunun 01-130 kv.metr, 1-130 kv.metr, 2-130 kv.metr, 3-130 kv.metr, 4-130 kv.metr, cəmi 650 kv.metr təşkil edən qeyriyaşayış sahələri; 7) xx.xx.2013-cü il tarixli müqavilə əsasında C blokunun yaşayışın 17-ci mərtəbəsində ümumi sahəsi 750 kv.metr təşkil edən mənzillər İddiaçı məxsusdur. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06 mart 2019-cu il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti "xxxx" MMC-nin üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına həyata keçirilir. “X1” MTK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2013cü il tarixli müqavilələrə əsasən C blokunun yaşayışın 17-ci mərtəbəsində ümumi sahəsi 750 kv.metr təşkil edən yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun (Yeni Layihə ilə A4 Bloku) 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 627,7 kv.metr (bütöv mərtəbə) təşkil edən (qeyd edilən yaşayış sahəsinin yeri, ölçüləri, sərhədləri bu müqaviləyə əlavə edilən eskiz layihə ilə təsdiqlənir) yaşayış sahəsini "xxxx" MMC İddiaçı verməyi, İddiaçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Müqavilədən görünür ki, həmin "xxxx" MMC-nin nümayəndəsi, həm də İddiaçı həmin müqaviləni imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 06 mart 2019-cu il tarixli müqavilə ilə "xxxx" MMC Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikəcəyi yüksək mərtəbəli yaşayış binasının “D” blokunun (Yeni Layihə ilə A4 Bloku) 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 627,7 kv.metr yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüş, müqavilədə həmin səlahiyyətin "xxxx" MMC-yə Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən verilməsi qeyd olunmuşdur. Belə olan halda aydındır ki, iddiaçı "xxxx" MMC ilə həmin müqaviləni bağlayarkən onun tikəcəyi binanın yerləşdiyi torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən ona ayrıldığından məlumatlı olmuşdur. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Beləliklə, müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixli sərəncamdan 2019-cu ilin mart ayından etibarən məlumatlı olduğu halda onun ləğvi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi mübahisələndirmə haqqında iddialar üzrə nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə onu da qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həm iş materiallarından, həm də məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan müəyyən olunur ki, iddiaçı hazırkı iddianı, onunla üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edildiyinə görə qaldırmışdır (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 2098/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 06 mart 2019-cu il tarixli hər iki müqavilə ləğv edilmişdir). Lakin məhkəmə hesab edir ki, hazırkı iddia İddiaçı çatmaq istədiyi məqsədə, yəni onunla üçüncü şəxs arasında bağlanmış müqavilənin ləğvi nəticəsində vurulmuş ziyanın kompensasiyasına nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar