Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12565/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil , cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, X9 İcariyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli qərarına əsasən mərhum X4 dəniz kənarında 10 sot bostan sahəsi ayrılmışdır. Həmin qərarda həmçinin ümumi sahəsi 25 kv.m-dən çox olmamaq şərti ilə yaşayış evinin tikintisinə də icazə verilmişdir. X9 İcariyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli qərarına əsasən də X5 torpaq sahəsini hasara almış və həmin torpaq sahəsi üzərində yaşayış evi inşa etmişdir. Yaşayış evi inşa etdikdən sonra X5 ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. X5 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Bundan sonra mərhum X2 övladı, hazırki iş üzrə İddiaçı mərhumun vərəsəsi olaraq Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 12 saylı Notariat Ofisi 19 aprel 2022-ci il tarixli 903 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin müraciət cavabsız qalmışdır. Daha sonra İddiaçı eyni məzmunlu yəni, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət göndərmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 28 sentyabr 2022-ci il tarixli **********88 nömrəli cavab məktubunda bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan məzmunda cavab verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin cavab məktubunu imtina kimi qəbul olunur. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin imtinası əsassızdır. Belə ki, X9 İcariyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli qərarı ilə X2 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsbəsində yerləşən 0.10 ha torpaq sahəsi həmin vaxtdan daimi olaraq X2 istifadə və sahibliyində olmuşdur. X2 ölümündən sonra da onun vərəsəsi olan İddiaçı həmin torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən istifadə etmişdir. Mərhumun inşa etdiyi yaşayış evi təbii su, qaz və elektrik enerjisi ilə təchiz olunmuşdur. İddiaçı həmin topaq sahəsinə görə vergi ödənişlərini Mərdakan bələdiyyəsinə ödəmiş, kommunal haqlarını da müvafiq qurumlara ödəmişdir. Göstərilənlərə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 9, 22.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına və İPM-in 2.2.2, 14, 33, 35-ci maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokolundan çıxarışda torpaq sahəsinin dəniz kənarında müvəqqəti olaraq bostan sahəsi kimi verilməsi və əsaslı tikinti işlərinin aparılmasının qadağan edildiyi nəzərdə tutulmuşdur. Bundan əlavə, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən sahənin Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokolundan çıxarışda qeyd olunan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarında olan Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokoldan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 4-cü mikrorayon, Suvorov küçəsi, ev 21b, 46 №-li mənzildə yaşayan X4 dəniz kənarında müvəqqəti olaraq 0,10 ha bostan sahəsi verilmişdir. Məhkəmə mübahisəyə qiymət verərlən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinin İİ – İV hissələrinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Göründüyü kimi, əvvəlki dövrlərdə qüvvədə olan qanunvericilik normaları dövlət mülkiyyətində olan torpaq ərazilərindən vətəndaşlara müəyyən təyinat üzrə torpaq sahələrinin ayrılması səlahiyyətlərini rayon (şəhər) xalq deputarları sovetləri tərəfindən onların müvafiq icra orqanına, habelə kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakılar nəzərdə tutulmuşdur: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (2.6) fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bundan başqa, qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən belə nəticə əldə olunur ki: - vətəndaşlara Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokoldan çıxarışı ilə torpaq sahəsinin ayırması qanunsuz sayıla, yəni səlahiyyətsiz orqanın torpaq ayırması kimi qiymətləndirilə bilməz, müvafiq torpaq fondu 1988-ci ildə ayrıldığından Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 17 və 20-ci maddələrinə görə Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsi torpaq sahəsiniun vətəndaşa verilməsində səlahiyyətli olmuşdur; - Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokoldan çıxarışa münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən akt iddiaçının mərhum atasına aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır; - Mərdəkan qəsəbə Soveti İcraiyyə Komitəsinin 17 fevral 1988-ci il tarixli protokoldan çıxarış «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq 0,10 ha ölçüdə torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün əsasdır. Məhkəmə cavabdehin etirazda qeyd etdiyi digər hala (yerləşmə cizgisinin təqdim olunmaması) münasibətdə qeyd edir ki, torpaq sahəsinin coğrafi mövqeyi göstərən cizgi təqdim olunmasa da, bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3.1.22-ci bəndinə görə daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçr=irməsini təşkil etmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli 6 oktyabr 2010cu il tarixli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: (2.3.1) yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; (2.3.2) qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; (2.3.3) torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda. Belə olan halda yerləşmə cizgisinin təqdim olunmaması ilə bağlı imtina əsası formal xarakter daşıyır. Bununla da, işdə olan sənədlərlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsinin hazırkı iddiaçının mərhum atası X4 qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-12565/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12565/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver