Məhkəmə qərarları › İş №e-2-1(112)-12634/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12634/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12634/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Abşeron RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RİH Başçısının xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və İslahat Komissiyasının 1998-ci il tarixli 03 saylı protokolundan çıxarışı əsasında X5 üzrə X2 və X4 xx.xx.1998-ci il tarixli 28 saylı əmrə əsasən Abşeron rayonu X5 ərazisində fərdi ev tikmək üçün ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron RİH Başçısının xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və İslahat Komissiyasının 1998-ci il tarixli 03 saylı protokoluna əsasən Abşeron rayon X5 üzrə xx.xx.1998-ci il tarixli 28 saylı əmrə əsasən icarə üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün ona 0,12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan ərazi X5n işçiləri üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi tərəfndən naturada qəbul edilmiş və daş hasarla əhatə edilmişdir. Torpaq sahəsinin ayrılması barədə müvafiq Qərar (əmr) ona təqdim edilsə də, torpaq sahəsinin cizgi-planı təqdim edilməmişdir. Bu səbəbdən torpaq sahəsinin yerləşmə cizgisinin əldə etmək məqsədi ilə AR Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət arxivinə müraciət etsə də, Dövlət Arxivindən yuxarıda qeyd edilən qərarın təsdiq olunmuş surəti təsdiq edilsə də, cizginin həmin qərara əlavə edilmədiyini müəyyən edilmişdir. Bundan sonra o, torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi üçün Abşeron RİH-yə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi ona qanuni əsaslarla ayrılarkən həmin dövr üçün qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun torpaq sahəsinin ayrılması barədə əmrin tərkib hissəsi kim torpaq sahəinin planı və ölçüsü ona təqdim edilməli idi. Yuxarıda qeyd etdiyi kimi, torpaq sahəsi ona naturada təhvil verilsə də , torpaq sahəsinin plan ölçüsü təqdim edilmədiyindən, qanuni istifadəsində olan torpaq sahəsinə dair müvafiq çıxarış əldə edə bilməmişdir. xx.xx.1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş hazırda qüvvədə olan AR Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə əsasən torpaq sahəsi ayrılarkən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Abşeron RİH-nin xx.xx.2025-ci il tarixli, 5-29/2- 1926/2025 №-li iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Abşeron RİH-nin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, çizgi-plan, çizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “torpaq sahəsinin yerquruluşu planı” adlanır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin tələblərinə əsasən orpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanına əsasən yuxarıda qeyd olunan Məcəllənin 65-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra keçmiş Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 1998-ci il tarixli, 593-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmalk üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 2 dekabr 1998-ci il 593-İQ Qanununun 19-cu maddəsində yerquruluşu işlərinin aparılma qaydası aşağıdakı kimi müəyyən olunmuşdur: yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 12 mart 1999cu il 113 nömrəli Fərmanında qeyd olunur ki, həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin qərarları ilə vaxtilə Abşeron Rayonuna təhkim edilmiş sovxozların ərazilərindən həmin sovxozlarda çalışmış qulluqçulara fərdi ev tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli, 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. O cümlədən iddiaçıya məxsus torpaq sahəsi də hazırda Bakı şəhərinin (Xəzər rayonu) idarəçiliyindədir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının iddia etdiyi yerləşmə sxeminin (yerquruluşu planından çıxarış) hazırlanması üçün Rayon İcra Hakimiyyətində texniki vasitələr, bu sahə üzrə mütəxəssis və torpaqların elektron kadastr bazası mövcud deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-İRA/2-Ə-17xx-xx- 1639/24 №-li məktubu ilə təqdim edilmiş “X5”nun xx.xx.1998-ci il tarixli, 28 №-li arxiv çıxarışından müəyyən olunur ki, Abşeron RİH-nin xx.xx.1998-ci il tarixli, 40 №-li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 №-li protokoluna əsasən aşağıda adları qeyd olunan sovxoz sakinlərinə və icra üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0.12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. ....İddiaçı İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Abşeron RİH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-29/2-Ə-110-009/2025 №-li cavab məktubunda göstərilmişdir ki, hər hansı formatda xəritəçəkmə. planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti RİH-nin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cızgı-plan, cızgı-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydalan haqqında Əsasnamə"nm 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qaqununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələnn qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fopdu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Yuxanda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-34753/2025 №-li cavab məktubunda göstərilmişdir ki, faktiki torpaq sahəsi 0.1428 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin təqribi 538.0 kv.m hissəsi Xəzər rayonu, Binə qəsəbəsi yerdəqalan hissəsi isə Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati ərazisi hüdudları daxilindədir. Sahənin bir hissəsi Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahədən yol tərəfdən hasarboyu aşağı təzyiqli 270.0 mmlik yerüstü qaz xətti keçir. Həmçinin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Sözügedən sahənin bir hissəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) ... Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. ... Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. ... Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. ... Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) ... Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. ... Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: ... Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: - qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: - mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; - mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; - torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; - istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; - torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; - torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. MƏHKƏMƏNİN MÖVQEYİ Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, həmin dövrdə səlahiyyətli olan X3 əmri əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm əmr tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə əmr ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1595/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda icarə müqaviləsinin bağlanmasına, cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Həmin sərəncamın və müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, həmin sərəncamın Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki işlər üzrə formalaşmış mövqeyi vətəndaşın xeyrinə olmuş, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul edilərkən yerli icra hakimiyyəti tərəfindən verilməli olan yerləşmə cizgisinin məhz yerli icra hakimiyyətinin özü tərəfindən təmin olunmasını nəzərdə tutmuşdur. Göstərilən bütün halları nəzərə alqıda məhkəmə hesab edir ki, iddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz əmrə əsasən ona verilmiş torpaq sahəsinin yalnız faktiki olan sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən, cavabdeh inzibati orqan kimi Əsasnamayə görə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 üzrə X2 və X4 xx.xx.1998-ci il tarixli 28 saylı əmrinə əsasən Abşeron rayonu X5 ərazisində fərdi ev tikmək üçün İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar