Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1265/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə Şahin oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı maliyyə yardımının göstərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xüsusi karantin rejimi dövründə koronavirus (COVİD- 19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi öhdəliyinin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərimizə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi məqsədilə vergi orqanına müraciət etsək də, vergi orqanı tərəfindən cəmiyyətə maliyyə yardımı edilməmişdir. Bununla bağlı yenidən, ödənilməmiş maliyyə yardımının ödənilməsi məqsədilə vergi orqanına müraciət olunsa da, vergi orqanı tərəfindən maliyyə yardımının ödənilməsindən imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən inzibati orqana maliyyə dəstəyinin ayrılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********167400 nömrəli, xx.xx.2021-ci il tarixli **********885400 və **********887800 nömrəli, xx.xx.2023-cü il tarixli **********239700 nömrəli müraciətlər daxil olmuş, inzibati orqan tərəfindən iddiaçının müraciətləri xx.xx.2021-ci il tarixli **********500700 nömrəli, xx.xx.2023-cü il tarixli **********952300 nömrəli məktublarla cavablandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən maliyyə dəstəyindən imtinanın əsası kimi qeyd edilmişdir ki, "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq olunmuşdur. Vergi ödəyicisinin fəaliyyət növü (71120-Mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulmuş fəaliyyət sahələrinə aid olmadığı üçün qeyd olunan vergi ödəyicisinin internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetindən "Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı" üzrə müraciətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında" 8 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinin 4.13-cü bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi (mühəndislik və layihələndirmə xidmətləri) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir. Göründüyü kimi hüquqi şəxsin fəaliyyəti xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahəsinə aid edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə yardımının verilməsinin əsası kimi xüsusi karantin rejimi dövründə fəaliyyəti məhdudlaşdırlan sahibkarlara maddi dəstəyinin verilməsi və sahibkarın fəaliyyəti olmadığı üçün işçilərin əmək müqaviləsinə xitam verilməsinin qarşısının alınması olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin F-41 nömrəli xx.xx.2020-ci il tarixli Əmri ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş". Pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi tədbirlərinə "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında başlanmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması" istiqaməti üzrə 2020-ci il ərzində 2-ci bəndlə “Pandemiyadan zərər, çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” və 3-cü bəndlə “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)" Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə nazirliklərinə tapşırılmışdır (müvafiq maliyyə vəsaitləri nəzərdə tutulmaqla). Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1950 nömrəli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqlar üzrə İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-38 nömrəli Əmri ilə Tədbirlər Planı (məsul icraçılar göstərilməklə) təsdiq edilmiş və həmin tədbirlər planının operativ, vaxtında, keyfiyyətlə və koordinasiyalı şəkildə icrasının təmin edilməsi məqsədilə Koordinasiya Şurası yaradılmışdır. İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, İctimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-41 nömrəli Əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş" (bundan sonra - Metodiki Göstəriş) təsdiq edilmişdir. Metodiki göstərişdən irəli gələn məsələlərin icrası Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Dövlət Vergi Xidməti tərəfindən yekun olaraq, 387 sayda iqtisadi fəaliyyət növünün kodları və adlarından ibarət "Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı” müəyyənləşdirilmişdir. Belə ki, Metodiki Göstərişdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru müəyyən edilmiş, müraciətin elektron qaydada doldurması şərti göstərilmişdir. Metodiki Göstərişin 2.3.6-cı (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi) və 2.3.7-ci (pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı) yanmbəndlərində maliyyə yardımının göstərilməsi əsası kimi işəgötürənin pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsinə aid olması şərti göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi iddiaya uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi olmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı avqust 2021-ci ildə müxtəlif tarixlərdə Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, İdarə onun faktiki fəaliyyət sahəsinə Nazirlər Kabinetinın 8 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verildiyindən muzdlu işçilərə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsindən imtina etmişdir. İşdən görünür ki, iddiaçı məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh isə eyni əsasla iddiaçının tələbini təmin etməkdən imtina edərək, bildirmişdir ki, onun faktiki fəaliyyət sahəsinə Nazirlər Kabinetinin 8 dekabr 2020-cı ıl tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verildiyindən muzdlu işçilərinizə əmək haqqının ödənilməsi ilə bağlı maliyyə yardımının göstərilməsi mümkün olmamışdır. Hal-hazırda isə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq maliyyə dəstəyi proqramı çərçivəsində ödənişlərin edilməsi dayandırılmışdır. Cavabdeh həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı ona ünvanladığı məktubda göstərmişdir ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş" təsdiq olunmuşdur. Vergi ödəyicisinin fəaliyyət növü (71120-Mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulmuş fəaliyyət sahələrinə aid olmadığı üçün qeyd olunan vergi ödəyicisinin internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetindən “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” üzrə müraciətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarının 1 nömrəli əlavəsinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə icazə verilən fəaliyyət sahələri qrupuna daxil edilmişdir. İddiaçı hazırda cavabdehin bu imtinası ilə razılaşmayaraq, ona Koronavirus (COVİD- 19) pandemiyasından zərər çəkmiş sahə kimi muzdlu işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı maddi yardım göstərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Qərarın 3-cü hissəsinə əsasən insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər; 3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər; 3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; 3.4. masaj və hamam xidmətləri; 3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; 3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); 3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); 3.10. fərdi mənzillərdə təmizlik xidmətləri; Həmin qərarın 4-cü hissəsində isə həmin Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir: 4.5.12. mühəndislik və layihələndirmə xidmətləri. Göründüyü kimi, iddiaçının əsas fəaliyyət növü mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi olmuş, yuxarıda qeyd edilən qərarla xüsusi karantin rejmi dövründə həmin sahədə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, həmin İşçi Qrupa tapşırılmışdır: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək. Bundan sonra İşçi Qrup tərəfindən əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı müəyyən edilmiş, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X2: -1.2. Bu Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. - 1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. - 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. - 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. - 2.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada əks etdirilir: 2.3.1. Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı; 2.3.2. VÖEN; 2.3.3. Aktiv bank hesabları; 2.3.4. 1 mart 2020-ci il tarixinə və müraciət tarixinə aktiv əmək müqavilələri bildirişi üzrə işçi sayları. 2.3.5. Müraciət formasında aşağıdakı məlumatlar vergi ödəyicisi tərəfindən onlayn qaydada doldurulur: 2.3.6. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi; 2.3.7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı. 2.3.8. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. - 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. - 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. - 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. - 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. - 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. Göründüyü kimi, Metodik Göstərişə əsasən muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi barədə məlumat o halda Maliyyə Nazirliyinə göndərilirdi ki, vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlsin. İşin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, iddiaçının fəaliyyət göstərdiyi sahə fəaliyyətinə icazə verilmiş sahə olmuş, əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilməmiş, buna görə də onun müraciəti üzrə məlumatlar yoxlanılarkən “Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir” məzmununda uyğunsuzluq aşkar edilərək, tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı halda iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması müəyyən edilmişdir. Aydındır ki, iddiaçı fəaliyyətinə icazə verilən digər sahələrdə fəaliyyət göstərən şəxslər kimi, öz işçilərini tam tərkibdə işə cəlb edə bilməmişdir. Lakin koronavirus (COVİD-19) infeksiyasının nəinki iddiaçının fəaliyyətinə, o cümlədən qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir göstərməsi hamıya bəlli olan haldır. Qanunverici pandemiyadan zərər çəkmiş şəxsləri müəyyən edərkən mənfi təsirin dərəcəsindən asılı olaraq maliyyə dəstəyinin göstərilməsi ilə bağlı sahələri diferensiyalaşdırmışdır və iddiaçının fəaliyyət sahəsi ağır zərərə məruz qalan sahələrə aid edilmədiyindən həmin sahədə fəaliyyət göstərən şəxslərə maddi yardım göstərilməsi nəzərdə tutmamışdır. Məhkəmə hesab edir ki, belə yanaşma mütənasib olmaqla, ümumi marağa uyğun olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə yekunda belə qənaətə gəlir ki, iddiaçının fəaliyət göstərdiyi sahə pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil edilmədiyindən, həmin fəaliyyət sahəsinə icazə verildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1265/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1265/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver