Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1267/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinə (bundan sonra mətndə KSİÜBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********1196 nömrəli və xx.xx.2022-ci il tarixli **********1187 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi xidməti müşavirləri tərəfindən 03 mart 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Zirvə kofe-park” adlı kafedə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi 03 mart 2022-ci il tarixli, DVX seriyalı, ******* nömrəli aktda və 03 mart 2022-ci il tarixli DVX seriyalı, ******* nömrəli aktda müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının və əhali ilə pul hesablaşması aparılması qaydalarının pozulması hallarının aşkar edilməsi göstərilmişdir. Həmin akta əsasən KSİÜBİ tərəfindən 18 aprel 2022-ci il tarixli **********1196 nömrəli qərar qəbul edilmiş və ona 8000 manat cərimə sanksiyası tətbiq edilmişdir. Həmçinin o, əhali ilə pul hesablaşması aparılması qaydalarının pozulmasına görə də 1000 manat cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Belə ki, ona məxsus kafedə keçirilən operativ vergi nəzarəti zamanı guya 4 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Bu tamamilə əsassızdır. Ona görə ki, həmin şəxslər kafenin işçiləri deyil, işə düzəlməyə gəlmiş şəxslər olmuşlar. Hətta onlardan biri onun qohumu olmuşdur. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymayaraq, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Onun tərəfindən nəzarət tədbirinin keçirildiyi gün, tədbirdən bir neçə saat əvvəl 4 nəfər işçi ilə əmək müqaviləsi bağlanmışdır. O, operativ nəzarət tədbiri keçirilən zaman həmin ərazidə olmamış, bu barədə ona heç nə bildirilməmişdir. Vergi orqanı işçiləri onun gəlməyini və lazımi sənədləri təqdim etməyini də gözləmədən qanunsuz hərəkətlər etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********258400 №-li, xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, KSİÜBİ-nin xx.xx.2022-ci il tarixli **********2047 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 005965 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edildiyi, lakin vergi ödəyicisi tərəfindən aktın imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən olunmuşdur. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:41:38-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********1196 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:41:40-da oxunduğu müəyyən edilmişdir. O cümlədən, fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 011784 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul edilmədiyi müəyyən olunmuşdur. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2022 -ci il tarixdə saat 00:37:00-da oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********1187 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022 -ci il tarixdə saat 17:41:35-da oxunduğu müəyyən edilmişdir. KSİÜBİ Operativ vergi nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda müşahidə həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli **********509100 nömrəli Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə müvafiq olaraq “Operativ vergi nəzarətinin təyin edilməsi haqqında” xidməti məruzə əsasında xx.xx.2022-ci il tarixli **********2047 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. Eyni zamanda 3 mart 2022-ci il tarixli KY221720238 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda da yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd olunmuşdur. İddiaçı ərizəsində əsassız olaraq bildirmişdir ki, aktda adı qeyd olunmuş 4 nəfər kafenin işçiləri olmamış, işə düzəlməyə gələn şəxslər olmuşdurlar. Qeyd olunanların əksinə bildirirlər ki, işçi X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən “administrator” vəzifəsinə işə cəlb olunduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Nərimanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən “fırınçı” vəzifəsinə işə cəlb olunduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Nigar, Yavər, Muradı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən “nəzarətçi” vəzifəsinə işə cəlb olunduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Arzu, Nigarı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gündür ki, İddiaçı tərəfindən işə cəlb olunduğunu, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Yavər, Arzu, Nərimanı tanıdğını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********1187 nömrəli qərarına münasibətdə isə iddiaçı qərarın ləğvini xahiş etsə də, iddia tələbini ümumiyyətlə əsaslandırmamışdır. Qeyd olunan hal ilə bağlı bildirirlər ki, xx.xx.2022-ci il tarixində saat 17:15-də göstərilmiş iaşə xidmətinə görə (1 çaydan çay və mürəbbə) 6 manat məbləğində ödəniş edilmiş, lakin ödəniş müqabilində məbləğ NKA-nın fiskal yaddaşına vurulmamış və qəbz təqdim edilməmişdir. Vergi orqanının əməkdaşları tərəfindən dövriyyədən yayındırılmış 6 manat saat 17:21-də 162 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. NKA-nın çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmuşdur.Yuxarıda qeyd olunan səbəblərdən xx.xx.2022-ci il tarixli **********1187 nömrəli qərarla vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.
İşin halları.
İş materiallarında olan; KSİÜBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2047 №-li qərarı ilə İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat ŞTQ Babək 223 ünvanında yerləşən “Kafe”də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri KSİÜBİ-nin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2089 №-li tələbnaməsi ilə İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrini əsas tutaraq - əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri, vergilərin hesablanması uçun zəruri olan digər mühasibat maliyyə sənədlərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb olunmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 011784 №-li xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, KSİÜBİ-nin xx.xx.2022-ci il tarixli **********42047 №-li qərarına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək 223 ünvanında yerləşən “Zirvə Kafepark” restoranında sahibkar İddiaçı iştirakı olmadan əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, əhali ilə nağd pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2022-ci il tarixdə saat 17:15-də göstərilmiş iaşə xidmətinə görə (1 çaydan çay və mürəbbə) 6,0 manat ödənilmiş, lakin ödəniş müqabilində məbləğ NKA-nın fiskal yaddaşına vurulmamış, qəbz təqdim edilməmişdir. Yoxlayıcılar tərəfindən dövriyyədən yayındırılmış 6,0 manat saat 17:21-də 162 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuş və “X” hesabatı akta əlavə olunmuşdur. NKA-dan gündəlik “Z” hesabatları alınmış və saxlanması təmin edilmişdir. NKA-nın qəbzinin üzərində göstərilən xidmətin adı (menyu üzrə), əmtəə kodu, məbləği (bir vahidlə) əks olunmamışdır. Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə İddiaçı VM-nin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəazarət – kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı VM-nin 58.7ci maddəsinə əsasən maliyyə sansksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu mdadəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 005965 №li xx.xx.2022-ci il tarixli aktdan və ona əlavədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək 223 ünvanında yerləşən “Zirvə Kafe-park” restoranında sahibkar İddiaçı iştirakı olmadan keçirilən operativ vergi nəzarəti nəticəsində ictimai iaşə xidmətlərinin yerinə yetirilməsinə görə cəlb olunmuş 08 (səkkiz) nəfər fiziki şəxsdən 4 (dörd) nəfərinin (X3, X11, X4, X6) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqında qəbz” əldə edilmədən cəlb edildiyi müəyyən olunmuşdur. Nəticədə İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən maliyyə sansksiyasının tətbiq edilməsi təklif olunmuşdur. KSİÜBİ-nin əməkdaşları tərəfindən izahatları alınmış: - Kürdəmir şəhərində doğulmuş xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında Zabrat qəsəbəsi, Babək 223 ünvanında Zirvə restoranına xx.xx.2022-ci il tarixdə İddiaçı adlı şəxs tərəfindən administirator vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, əmək haqqını nağd qaydada hər gün 10 manat sahibkar tərəfindən ödənildiyini bildirmişdir. - Xaçmaz rayonunda doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2022-ci ildə Zabrat qəsəbəsi, Babək 223 ünvanında Zirvə restoranına İddiaçı adlı şəxs tərəfindən fırınçı vəzifəsinə qəbul olunduğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, əmək haqqının nağd qaydada hər gün 15 manat olmaqla sahibkar tərəfindən ödənildiyini bildirmişdir. - Şərur rayonunda doğulmuş xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2022-ci ildə Zabrat qəsəbəsi, Babək 223 ünvanında Zirvə restoranına İddiaçı adlı şəxs tərəfindən nəzarətçi vəzifəsinə qəbul olunduğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, əmək haqqını nağd qaydada hər gün 10 manat sahibkar tərəfindən ödənildiyini bildirmişdir. - Lənkəran rayonunda doğulmuş xx.xx.1996-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixli izahatında 3 (üç) gündür ki, Zabrat qəsəbəsi, Babək 223 ünvanında Zirvə restoranına İddiaçı adlı şəxs tərəfindən barmen vəzifəsinə qəbul olunduğunu, əmək müqaviləsinin və ya əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin ona təqdim olunmadığını, aylıq 300 manat əmək haqqı aldığını bildirmişdir. KSİÜBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1187 №-li Qərarı ilə İddiaçı VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. KSİÜBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1196 №-li Qərarı ilə İddiaçı VM-nin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. KSİÜBİ-nin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********1188 №-li Tələbnamə ilə İddiaçı xx.xx.2022-ci il tarixədək 1.000 manatın ödənilməsi tələb olunmuşdur. KSİÜBİ-nin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********1197 №-li Tələbnamə ilə İddiaçı xx.xx.2022-ci il tarixədək 8.000 manatın ödənilməsi tələb olunmuşdur.
Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi;; - 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınması VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh ona verilmiş səlahiyyətlər çərçivəsində xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat ŞTQ Babək 223 ünvanında yerləşən “Kafe”də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsini qərara almışdır. Məhkəmə bildirir ki, cavabdehin prosessual cəhətdən qəbul etmiş olduğu qərarda hər hansı bir nöqsan olmamaqla yanaşı, həmin qərar aşağıdaki qanunvericiliyin müddəalarına görə əsaslıdır. Azərbayca Respublikası Vergi Məcəlləsinin: - 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. - 16.1.9-cu maddəsinə əsasən otereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. - 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X19); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağ pul ödəmələri hesabına aparılması başa düşülür. Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparıtının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən çekin təqdim edilməməsi təşkil edir. Əlbətdə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Lakin, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. İş materiallarında olan sənəndləri təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hal ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus obyektə əhali ilə nağd pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu halda, xx.xx.2022-ci il tarixdə saat 17:15-də göstərilmiş iaşə xidmətinə görə (1 çaydan çay və mürəbbə) 6,0 manat ödənilmiş, lakin ödəniş müqabilində məbləğ NKA-nın fiskal yaddaşına vurulmamış, qəbz təqdim edilməmişdir. Yoxlayıcılar tərəfindən dövriyyədən yayındırılmış 6,0 manat saat 17:21-də 162 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuş və “X” hesabatı akta əlavə olunmuşdur. NKA-dan gündəlik “Z” hesabatları alınmış və saxlanması təmin edilmişdir. İddiaçı tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********1187 №-li Qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Mübahisələndirilən digər qərara gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3-cü maddəsinə əsasən işəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4-cü maddəsinə əsasən işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 4 (dörd) nəfər fiziki şəxsin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə administirator, fırınçı, nəzarətçi, barmen vəzifəsində işləyirlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə administirator, fırınçı, nəzarətçi, barmen işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********1196 №-li Qərarı da qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün m*üddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev