Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12679/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Tibb Baş İdarəsinə) qarşı “iddiaçının xidmətdən azad olmağı ilə bağlı sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Tibb Baş İdarəsinə) qarşı “iddiaçının xidmətdən azad olmağı ilə bağlı sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunmuşdur. 2021-ci ildə bitirmiş və həmin ilin sentyabr ayından Ədliyyə orqanlarından dövlət qulluğunun xüsusi növündə xidmətə başlamışdır. Bu illər ərzində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmiş, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 2-ci Qarabağ müharibəsində həkim kimi aktiv iştirak etmişdir, iddiaçıya "Suqovuşanın azad olunmasın"na və "Vətən müharibəsi iştirakçısı" medalları verilmiş, 05 oktyabr 2022-ci il tarixindən ona möhtərəm prezident tərəfindən müharibə veteranı statusu verilmişdir. Buna baxmayaraq iddiaçıya qarşı çox saylı haqsızlıqlar edilmiş, növbəti xüsusi rütbəsi verilməmiş, məharət dərəcəsi qeyri-qanuni yerə kəsilmiş, cənab nazir Fikrət Məmmədovun təşəbbüsü ilə ədliyyə əməkdaşlarına verilməli olan əlavələr və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.6-cı bəndində nəzərdə tutulmuş əlavə vəsaitlər və tibbi müavinətlər Tibb Baş İdarəsi tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin Qanunun 24.2 və 37.7-ci maddələrinə əsasən, onun kirayə qaldığı evin kirayə pulu kompensasiya kimi ödənilməli olduğu halda, heç bir ödəniş edilməmişdir. Bu səbəblərdən dolayı maddi durumu çox acınacaqlı vəziyyətə gəlmişdir. Bunlara etiraz olaraq və xüsusilə ailəsində olan çətinlikləri nəzərə alaraq xx.xx.2022-ci il tarixində Azərbayca Respublikası Ədliyyə naziri cənab Fikrət Məmmədova ərizə ilə müraciət edərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci bəndini rəhbər tutaraq xidmətdən azad olunmağı barədə sərəncam verməsini xahiş etmişdir. Nazirlik tərəfindən ona rəsmi cavab verilərək, işdən çıxmağının qanuna əsasən mümkün olmaması və bağlanmış əmək müqaviləsinə əsasən onun 10 il müddətində işləməli olduğu öhdəliyinin olması bildirilmişdir. Nazirliyin gətirdikləri əsassız bəhanə iddiaçı ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə bağlanmış əmək müqaviləsinin 6.2-ci bəndində qeyd olunan 10 təqvim ili müddətində işləməyi öhdəsinə götürməyidir. Halbuki, həmin müqavilənin 7-ci bəndinə əsasən, işçi ilə əmək münasibətlərinə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunda göstərilən hallarda və qaydada xitam verilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Ədliyyə Nazirliyinə və Tibb baş idarəsinə qarşı faktlara istinad olunmadan, böhtan xarakterli məlumatlara əsaslanmaqla qaldırdığı iddiaları pozulmuş hüquqların bərpası deyil, xidməti intizamsızlığa və üzərinə düşən öhdəliklərin icrasından yayınmağa haqq qazandırmaq məqsədi daşımaqla yanaşı, ədliyyə işçisinə yaraşmayan və qulluq keçdiyi orqanın nüfuzunu aşağı salacaq davranışlarıdır. Hər il respublikada müxtəlif orqanların tərkibindəki mövcud olan xüsusi təyinatlı tibb xidmətlərində kadr çatışmazlığının aradan qaldırılması və gənc həkimlərlə komplektləşdirilməsi məqsədilə dövlət sifarişi əsasında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində gənc müdavimlər hazırlanır. İddiaçı də gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün orada təhsil almış həmin gənc həkimlərdən biridir. 2021-ci ildə təhsilini bitirərək birbaşa Müdafiə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunmuş və müvafiq əmrlə (surəti əlavə olunur) xx.xx.2021-ci il tarixdən ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuş, müalicə müəssisəsi tibb xidmətinin həkimftiziatrı vəzifəsinə təyin edilmiş və bu günədək orada çalışır. İmtiyazlı əsaslarla tibb təhsili aldığı üçün qulluğa qəbul olunarkən onunla baş idarə arasında əmək müqaviləsi bağlanılmışdır. İddiaçı iddia ərizəsində qaldırdığı bir çox məsələlərlə əlaqədar bu günədək baş idarəyə heç bir müraciət etmədən (qulluq keçməyinə vaxtından əvvəl xitam verilməsi və kirayə haqlarının ödənilməsi müraciətləri istisna olmaqla) məhkəmədə iddia qaldırmaqla qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin müqavilənin 6.2-ci maddəsinə görə ədliyyə orqanlarında 10 təqvim ili müddətində fasiləsiz işləməyi öhdəsinə götürməyinə, 8.3-cü maddəsinə görə isə fikir ayrılıqları və mübahisələrin bir qayda olaraq məhkəməyə qədər danışıqlar yolu ilə həll ediləcəyinə dair razılaşdırılmasına baxmayaraq bu maddələrin tələblərinə məhəl qoymadan əsassız müraciətlərlə, qərəzli məsələlər qaldırmaqla (məcburi işlədilməsi barədə) çaşqınlıq yaratmaq təəssüratı yaradır. Ona təqdim edilmiş məktubdakı yazıları təhrif edərək “işdən çıxmağın qanuna əsasən mümkün olmadığı" barədə imtina cavabının verildiyini iddia etsə də əslində “məsələyə hazırda baxılmasının mümkün olmadığı" haqqında izah məzmunlu mətn olmuş, bununla əlaqədar isə baş idarəyə təkrar hər hansı bir müraciəti olmamış və heç bir danışıqlar aparılmamışdır. İddiaçı hər hansı maliyyə və digər sənədlər təqdim etmədən qanunvericiliklə nəzərdə tutulmuş “pul təminatlarının ona ödənilməməsi səbəbindən ədliyyə orqanlarında işləməklə ailəsinin və özünün maddi vəziyyətinin ağırlaşdığı, acınacaqlı vəziyyətə düşdüyü” iddiasına gəlincə isə bildirilir ki, işlədiyi müddət ərzində ona əmək haqqından başqa 9086,97 (doqquz min səksən altı manat, 97 qəpik) manat məbləğində əlavə pul vəsaiti köçürülmüşdür. Ən məyus edici və təəssüf doğurucu hal isə İddiaçı müharibə veteranı olmasına və bununla əlaqədar dövlət medalları ilə təltif olunmasına baxmayaraq zabit kimi dövlət qulluğunun xüsusi növündə xidmət keçməyi məcburi işlədilmə və ya işgəncə kimi qələmə verməyidir. Ədliyyə orqanlarında həmin kateqoriyadan olan əməkdaşların qayğıları daim diqqət mərkəzində saxlanılır. İddiaçı ərizəsində “müharibə veteranı” statusunu 2022-ci ildə aldığını etiraf etsə də, nədənsə həmin kateqoriyadan olan əməkdaşların Tibb baş idarəsi üzrə 5 noyabr 2021-ci il tarixli, 58-k saylı əmrlə bir aylıq vəzifə maaşı məbləğində, Ədliyyə Nazirliyi üzrə 1 noyabr 2022-ci il tarixli, 469-k saylı əmrlə iki aylıq vəzifə maaşı məbləğində mükafatlandırıldıqda ona da şamil olunmasını unutmuşdur. “Ona qarşı haqsızlıqlar edilərək növbəti xüsusi rütbəsinin verilmədiyi və məharət dərəcəsinin qeyri-qanuni olaraq kəsildiyi” iddiaları isə həqiqətə uyğun olmayan ifadələrdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir xüsusi rütbədə olmaq üçün müddətlər müəyyən edilmişdir. Sözügedən Qanunun 21.3.5-ci maddəsinə əsasən tibb xidməti leytenantı rütbəsində olma müddəti 2 ildir və hazırda bu məsələyə baxılmaqdadır. Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli, 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”nin 1.4-cü maddəsinə əsasən “İİ məharət dərəcəsi” penitensiar və tibb xidmətində 5 ildən az olmayaraq qulluq etdikdə verilir. Xidmətdən azad olunma ilə bağlı “sərəncam vermə öhdəliyinin nazirliyin üzərinə qoyulması” iddiasına dair isə qeyd olunur ki, hazırda tibb xidmətində imtiyazlı əsaslarla tibb təhsili almış təxmini 100dən yuxarı əməkdaş vardır. İddiaçı “məcburi işlədilmə barədə” ifadəsindən istifadə etməklə dövlət tərəfindən onun təhsili üçün çəkilən xərcləri heçə saymış olur. Bu cür qərarın qəbul olunması isə digərləri üçün mənfi president yarada bilər. Eyni zamanda, Müdafiə Nazirliyindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunduqlarını rəhbər tutaraq barələrində tətbiq olunmuş intizam tənbehlərindən lazımi nəticə çıxarmayaraq uzun müddət üzrsüz səbəbdən işə gəlməməklə xidməti vəzifələrini icra etməyən əməkdaşlar müvafiq əmrlə ədliyyə orqanlarından xaric edilərək müdafiə nazirinin sərəcamına qaytarılmış və müvafiq əmrlə onlar əsasən işğaldan azad olunmuş ərazilərdə hərbi xidmətə təyinat almışdırlar. İddiaçı ədliyyə orqanlarında işləməklə səfərbərlik dövrü və müharibə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırışdan möhlət hüququ olan (bron olunan) əməkdaşlarından biridir. Qeyd olunanlarla yanaşı qanunvericiliyə əsasən bu kimi mübahisələrə dair iddiaların müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırılması mümkünlüyünü nəzərə alaraq, iddia ərizəsinə bununla əlaqədar sənədlər əlavə edilmədiyindən prosesual müddətin buraxılıb-buraxılmadığını tərəfimizdən müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı barəsində xidmətdən azad olunmağı barədə əmrin verildiyini və artıq mübahisənin mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin təmin olunduğunu bildirmiş və inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının hazırki iddiası onun xidmətdən azad olmağı ilə bağlı sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. Hal-hazırda məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 542-K nömrəli əmrdən görünür ki, İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Tibb Baş İdarəsinə) qarşı “iddiaçının xidmətdən azad olmağı ilə bağlı sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-12679/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12679/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver