Məhkəmə qərarları › İş №e-2-1(112)-1268/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1268/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1268/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 2000 saylı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 46 nömrəli orderi əsasında 04 avqust 1993-cü il tarixli, 1496 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0.12 ha torpaq sahəsi olan 20010 nömrəli bağ sahəsi atası X6 verilmişdir. Həmin bağ sahəsi faktiki olaraq həmin tarixdən bugünə qədər onların istifadələrindədir. Atası xx.xx.2015-ci ildə vəfat etmişdir. O, atasının vərəsəsidir. O, sözügedən bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 2000 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, göstərilən torpaq sahəsinin bir hissəsi digər şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ülə üst-üstə düşür. Eyni zamanda təqdim olunan orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsinə X1 müraciəti olmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-40702/2023 **********02 nömrəli məktubla imtina edilmişdir.

9. 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 21 sentyabr 2023-cü il tarixli, 2299 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəsi İddiaçı müraciət etmişdir və vərəsələr sırasına daxil edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar X5 miras qalmış Bakı şəhəri, Goradil bağlar massivi ünvanda yerləşən 0.12. ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

10. Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 52/2-M-625-112/2023 nömrəli “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamından çıxarış”a əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il, 195 nömrəli qətnaməsinə əsasən Goradildə 48 nəfərlik 247 nömrəli Bağtikinti kooperativi təsdiq edilmiş, siyahı əlavə olunmuşdur: 4.46. X8 – SP-14114.

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Goradil bağlar sahəsindəki 247 nömrəli kooperativ tərəfindən verilmiş 46 nömrəli orderə əsasən X6 Bakı şəhər İcra Hakimiyyətinin 4 avqust 1993-cü il tarixli, 1496 nömrəli qərarına əsasən ona Goradil bağ massivində, 247 nömrəli BTK nəzdində, 0.12 ha torpaq sahəsi olan 2000 nömrəli torpaq ayrılmışdır.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-32927/2024 **********27 nömrəli məktubla bildirilmişdir ki, İdarənin arxivində 247 nömrəli BTK-nın bölgü sxemi və İddiaçı adına order aşkar edilməmişdir. Vahid elektron kadstr baza məlumatlarında koordinatlarla verilmiş sahə bütövlüklə **********87-06301 reyestr nömrəli qeyri-yaşayış binası istifadəsində olan torpaq sahəsinin baza məlumatı daxilində yerləşir. Bundan əlavə, torpaq sahəsinə dair koordinatlar qeyd olunmuş sxem və sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 07 mart 2025-ci il tarixli, 321-3-30/2-9552/2025 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən 2000 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1200 kv.m təşkil edir. Göstərilən torpaq sahəsinin sərhədləri yol tərəfi 3-5 daş hasar, digər tərəfləri isə şərtidir. Sahə üzərində tikili yoxdur. Göstərilən 1200.0 kv.m sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. İdarənin arxivində mövcud olan sənədlərə əsasən 247 nömrəli BTK-nın bölgü sxemi və X3 adına olan (təqdim edilmiş) orderin arxiv nüsxəsi aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, göstərilən sahəsinin hər hansı qeydiyyatdan keçən sahə ilə üst-üstə düşmə halı mövcud deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İşin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamından çıxarış”a əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il, 195 nömrəli qətnaməsi əsasında Goradildə 48 nəfərlik 247 nömrəli Bağ-tikinti kooperativi təsdiq edilmiş, siyahı əlavə olunmuşdur: 4.46. X8 – SP-14114. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 46 nömrəli orderə əsasən X6 Bakı şəhər İcra Hakimiyyətinin 4 avqust 1993-cü il tarixli, 1496 nömrəli qərarı əsasında Goradil bağ massivində, 247 nömrəli BTK nəzdində, 0.12 ha torpaq sahəsi olan 2000 nömrəli torpaq ayrılmışdır. İddiaçı mərhum X4 vərəsəsi kimi sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığına torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirməyin mümkün olmamasına, həmçinin, göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ülə üst-üstə düşməsinə, eyni zamanda təqdim olunan orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsinə istinad edilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı cavabdehin özü tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən sahənin hər hansı qeydiyyatdan keçən sahə ilə üst-üstə düşmə halı mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, orderin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin (Mötəbərlik prezumpsiyası) tələbləri (19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.) baxımından həmin order mötəbər hesab edilir.

23. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması, torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyənləşdirməyin mümkün olmaması da, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, bütün bu uyğunsuzluqların aradan qaldırılması da, cavabdehin səlahiyyəti olmaqla, iddiaının məsuliyyət sferası ilə əhatə oluna bilməz.

24. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının vərəsəsi olduğu mərhum X4 adına sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

27. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

29. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

30. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 2000 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar