Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12694/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X3 Əmir oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 63325,15 manat artıq ödəmə məbləği mövcuddur. Qeyd olunan artıq ödəmə məbləği vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş vergi məbləği və fəaliyyəti ərzində əvəzləşdirilmiş ƏDV məbləğlərindən yaranmışdır. İddiaçı tərəfindən vergi orqanına ilkin olaraq xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən 2023-cü və 2024-cü illər üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələrində elektron uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur ki, bu da şəxsi hesab vərəqənizdəki artıq ödəmə məbləğinin reallığa uyğun olmasına dair əsaslı şübhələr yaradır. Daha sonra xx.xx.2024-cü il tarixdə eyni məzmunlu şikayət ilə müraciət edilmişdir. Şikayətə cavab olaraq bildirilmişdir ki, müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirildikdə yenidən baxılacaqdır. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2024cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 63325,15 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC COVİD-19 pandemiyasının yayılması vüsət almış 2020-ci ildə ölkəyə maska idxal etmək niyyətində olaraq bu məqsədlə investisiya qoymaqla xaricdən maska gətirməyə qərar vermişdir. Lakin mallar ölkəyə gələrkən ölkənin yerli istehsal müəssisələri açıldığı üçün artıq maskaya tələbat demək olar ki, minimuma enmişdir. Bu səbəbdən də iddiaçı ölkəyə idxal etdiyi maskaları artıq tələbatın olmadığı üçün elə maya qiymətinə gücnən sata bilmiş, nəticədə də müəssisə külli miqdarda ziyana uğramışdır. İddiaçı malları idxal edərkən ƏDV-ni dövlət büdcəsinə ödəmiş, lakin malların üzərinə ticarət əlavəsi gələ bilmədiyi və malları maya dəyərinə satdığı üçün dövlət büdcəsinə ƏDV üzrə vergi öhdəliyi yaranmamışdır. Beləliklə, bu səbəbdən də iddiaçı müəssisənin şəxsi hesab vərəqəsi üzrə artıq ödənilmiş vergilər yaranmışdır. Belə ki, 12 mart 2024-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 63325,15 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Lakin cavabdeh vergi orqanı 6 aprel 2024-cü il tarixdə **********623600 nömrəli cavab məktubu təqdim edərək iddiaçının guya 2023 və 2024-cü illər üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələri üzrə elektron uyğunsuzluqların mövcud olduğunu bildirmiş və qeyd edilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsini tövsiyə etmişdir. Əslində cavabdeh vergi orqanın imtina səbəbi ərizənin icrası ilə heç bir əlaqəsi olmasa və həmin imtina səbəbi ərizənin icrasından imtina etməyə qanuni əsas olmasa da, yenədə məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı 25 yanvar 2024-cü il tarixdə 2023 və 2024-cü illər üzrə cari mənfəət vergi bəyannamələri təqdim etmiş və cavabdeh vergi orqanı 01 may 2024-cü il tarixdə həmin bəyannamələri kameral vergi yoxlamasından keçirərək onlara münasibət bildirmiş, iddiaçının təqdim etdiyi bəyannamələri təsdiq edərək hər hansı məbləğdə əlavə vergilər hesablamamışdır. Lakin bundan sonra da, cavabdeh vergi orqanı iddiaçının artıq ödəmənin qaytarılması ilə bağlı ərizəsini yenə də icra etməmişdir. Daha sonra, iddiaçı yenidən 23 may 2024-cü il tarixdə artıq ödəmənin qaytarılması ilə bağlı ərizənin icrasının təmin edilmədiyi üçün şikayət ərizəsi ilə cavabdeh vergi orqanına və Dövlət Vergi Xidmətinə müraciətlər etmişdir. Lakin vergi orqanı 27 may və 5 iyun 2024-cü il tarixli cavab məktubları ilə iddiaçıya müraciət edərək şablon cavablar vermiş, cavab məktublarında yenidən artıq ödəmələrin qaytarılması ilə bağlı qaydalara əsasən müraciət edəcəyini tövsiyə edərək vergilərin qaytarılmasından imtina etmişdir. Hesab edirlər ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, vergi orqanının imtina məktubları əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 63 325,15 manat artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 63325,15 manat artıq ödəmə məbləği mövcuddur. Qeyd olunan artıq ödəmə məbləği vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş vergi məbləği və fəaliyyəti ərzində əvəzləşdirilmiş ƏDV məbləğlərindən yaranmışdır. İddiaçı tərəfindən vergi orqanına ilkin olaraq xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən 2023 və 2024-cü illər üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələrində elektron uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur ki, bu da şəxsi hesab vərəqənizdəki artıq ödəmə məbləğinin reallığa uyğun olmasına dair əsaslı şübhələr yaradır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir və kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Qeyd olunan halla bağlı müvafiq bəyannamələr üzrə uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciətiniz əsasında baxıla bilər. Daha sonra xx.xx.2024-cü il tarixdə 2 eyni məzmunlu şikayət məktubu ilə müraciət edilmişdir. Həmin məktublara cavab olaraq bildirilmişdir ki, müraciətiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirildikdə yenidən baxılacaqdır. Göründüyü kimi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddədə müvafiq icra hakimiyyəti qismində Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bununla yanaşı, Qaydaların 3.1-ci bəndinə görə vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.1.1-ci maddəsinə görə artıq ödəmə məbləği digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid oluna bilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatət göndərərək işə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən formal cavablar verilmiş, inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraat və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, iddiaçının dövlət büdcəsinə artıq ödəməsinin olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddiaçının tələbini təmin etməmişdir. Halbuki, iddiaçının müraciət etdiyi xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən 63325,15 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. - 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. - 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.1. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 4.12. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun rəsmi məlumatına əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan açıq şəkildə aydın olunur ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»na müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Normaların məzmunundan da aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iş materialları ilə də iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə müxtəlif əsaslardan irəli gələrək həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, yuxarıda şərh edilən qanunvericilik normaları pozulmuş və iddiaçının xeyrinə əsassız olaraq məsələ həll edilməmişdir. Oxşar işlər üzrə məhkəmə təcrübəsi mövcuddur. Hətta, cavabdeh oxşar iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 477/2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətini sonradan geri götürmüşdür. “İnzibati İcraaat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsin əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-cimaddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçın şəxsi hesab vərəqəsi üzrə 12 mart 2024-cü il tarixə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 63325,15 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-1(112)-12694/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12694/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver