Məhkəmə qərarları › İş №e-2-1(112)-12701/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12701/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12701/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı qərarın ləğv edilməsi tələbinə dair işin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Apellyasiya Şurasının 13 iyun 2024-cü il tarixli 2 saylı Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun İmişli rayonunun Gövhərli kəndində yerləşən 11,4 hektar pambıq sahəsinə üçüncü şəxslərin riskli hərəkətləri nəticəsində dəymiş zərərin 32832 (otuz iki min səkkiz yüz otuz iki) manat məbləğində sığorta dəyərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırkı iddianın aidiyyət məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında hazırkı iddianın növünün müahisələndirmə haqqında idda olduğunu bildirərək cavabdehin hüquqi ünvanı üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edildiyini bildirdi. Cavabdehin nümayəndəsi isə, ümumiyyətlə işin inzibati mübahisə, yoxsa kommersiya mübahisəsi olması ilə bağlı məhkəmələrdə vahid təcrübənin olmadığını bildirərək işin adiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdehin qərarının ləvğ edilməsi və kompensasiya ödənilməsi öhdəliyin cavabdehə havlə edilməsi barədədir. Cavabdeh qismində isə Aqrar Sığorta Fondu göstərmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın növü mübahisələndirmə, yaxud kompensasiya iddiası olmasından asılı olmayaraq işə baxmağa səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsi deyil, Şirvan İnbzibati Məhkəməsidir. Belə ki, cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, o cümlədən İmişli rayonunu əhatə edir. Belə olan halda hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan iddiaçının yaşayış yerinin İmişli rayonu, Gövhərli kəndi olması müəyyən edilir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. Hazırkı iddia kompensasiya iddiası kimi qiymətləndirilsə belə, məhkəmə hesab edir ki, hazırkı işə baxmağa səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəməsidir. Belə ki, işdən görünür ki, kompensasiya tələbi İmişli rayon Gövhərli kəndinə yerləşən torpaq sahəsinə dəymiş zərərlə bağlı irəli sürülmşüdür. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyalarının 2-1(102)-2272/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1685/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq sahəsi ilə bağlı kompensasiya tələbinə dair iddialara İPM-in 8.1.1-ci maddəsinin tələblərinə əsasən torpağın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 18.10-cu bəndinə əsasən İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Şirvan İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddianın növünün müəyyən edilməsi, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növününü seçilməsi, iddianın mümkünlüyü ilə bağlı məsələlər və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsini işə baxmağa səlahiyyətli olan Şirvan İnzibati Məhkəməsi etməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı qərarın ləğv edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar