Məhkəmə qərarları › İş №e-2-1(112)-12712/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12712/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12712/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli **********941000 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC qeydiyyatda olan vergi orqanına 20 aprel 2023-cü il tarixdə təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli Qərarla 16 000,00 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərarın məzmununda göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 80 000,00 manat tərəfinizdən təqdim eidlmiş 2022-ci il mənfəət vergi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Sözügedən qərardan görünür ki, cavabdeh vergi orqanı iddiaçının 2022-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində 80 000,00 manat məbləğində əməliyyatları riskli hesab edərək xərclər hissəsində nəzərə almamış və həmin məbləğə 20 % mənfəət vergisi tətbiq edərək 16 000,00 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır. Nəzərə alınmayan 80 000,00 manat xərcin vergi ödəyicilər ilə iddiaçı arasında aparılan müxtəlif əməliyyatlardan ibarət olmuşdur ki, cavabdeh vergi orqanı da əsassız və qanunuz olaraq həmin əməliyyatları riskli hesab etmiş və bu səbəbdən də həmin xərcləri nəzərə almamışdır. Bununla da, iddiaçıya bu xərclərin nəzərə almamasına görə 16 000,00 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Hesab edirik ki, qeyd edilən xərcinin nəzərə alınmamasına görə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. İlk öncə qeyd edirik ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamanın nəticəsi üzrə qəbul etdiyi qərar ətraflı əsaslandırılmamış, ümumilikdə külli miqdarda xərc məbləğinin nəzərə alınmaması göstərilsə də, onun açıqlanması, yəni hansı əməliyyatlar və hansı vergi ödəyicilər ilə əlaqədar olduğu qeyd edilməmiş, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir. İddiaçı 80 000,00 manat dəyərində əməliyyatların konkret olaraq cavabdehin iddia etdiyi kimi riskli olması barədə məlumatı olmasa da, bundan əvvəl iddiaçıya bəzi aylar üzrə təqdim edilmiş uyğunsuzluq məktublarından hesab edirik ki, cavabdehin etimal etdiyi həmin riskli əməliyyatlar aşağıdakılardı: 1. "xxxx" MMC üzrə - 50 000,00 manat; 2. "xxxx" MMC üzrə - 30 000,00 manat. İddiaçı 13 oktyabr 2021-ci il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti “Elektrik mühərriklərinin, generatorlarının və transformatorlarının təmiri”ndən ibarət olmuşdur. 1. "xxxx" MMC üzrə iddiaçı 15 dekabr 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 13 yanvar 2022-ci il tarixli EBBP seriyalı 552754 nömrəli elektron vergi qaimə-faktura əsasında 50 000,00 manat məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 13 yanvar 2022-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 10 mart 2022-ci il tarixli **********168300 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 13 yanvar 2022-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 10 mart 2022-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırığı mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. 2. "xxxx" MMC üzrə iddiaçı 1 fevral 2022-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 16 fevral 2022-ci il tarixli EBBR seriyalı 366150 nömrəli elektron vergi qaimə-faktura əsasında 30 000,00 manat məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyat riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.azdan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 16 fevral 2022-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatİ riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 5 aprel 2022-ci il tarixli **********026800 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 16 fevral 2022-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 5 aprel 2022-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatın baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırığı mövcuddur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əsassız və qanunsuz vergi məbləğinin hesablanmasını sübut etmək üçün həmin müəssisələrin hansı tarixdən sonra riskli vergi ödəyicisi hesab edilməsini müəyyən etmək kifayətdir. Başqa sözlə desək, əgər müəssisələr riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirsə, bununla bağlı cavabdeh vergi orqanı müvafiq qərar qəbul etməlidir. Məhz qeyd olunan qərarın tarixindən sonra isə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir və həmin vergi ödəyicisi ilə hər hansı əməliyyat aparıldığı zaman bununla bağlı həmin vergi ödəyicisinin riskli olmasına dair müvafiq xəbəredici bildirişlər əks olunur. Bundan başqa, əgər cavabdeh vergi orqanı iddiaçının adları göstərilən müəssisələrdən malların alışını qəbul etmirsə, deməli iddiaçının həmin il üzrə bəyan etdiyi dövriyyəni də qəbul etməli deyil. Çünki əgər iddiaçı mallar almamışdırsa, deməli təmir işlərin görülməsi də mümkün ola bilməz. Həmçimin, Vergi Məcəlləsinin 109.9-cu maddəsində imperativ qaydada göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdimedilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Sözügedən normanın məzmunundan görünür ki, vergi orqanı əgər əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsini əsas gətirərək vergi ödəyicisinin hər hansı gəlirdən çıxılan xərc sənədlərini qəbul etmirsə, belə olan təqdirdə həmin əməliyyat çərçivəsində əldə edilmiş malların dəyərini bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxmaldır. Halbuki, təəssüflər olsun ki, cavabdeh vergi orqanı hətta qeyd edilən normanı düzgün tətbiq etməmiş, ümumilikdə əmtəəsiz (riskli) hesab etdiyi əməliyyatın bütün dəyərini iddiaçının gəlirdən çıxılan xərclər hissəsində nəzərə almamış və nəticə etibarı ilə həmin nəzərə almadığı əməliyyat həcminə 20% mənfəət vergisi tətbiq etməklə əlavə vergilər hesablamışdır. İddiaçı qeyd olunanlara əsasən idda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 16 000,00 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, əmtəəsiz aməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 80000 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün 16 000,00 manat kənarlaşma yaranmışdır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aparılmış 50.000,00 manat (EQF seriya EBBR, № 552754; xx.xx.2022) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aparılmış 30.000,00 manat məbləğində (EQF seriya EBBR, № 366150; xx.xx.2022) qarşılıqlı əməliyyatlar üzrə alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********039900 nömrəli məktub göndərilmiş göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən dəqiqləşdirilmiş bəyannamə, izahat və ya təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə 16.000,00 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********941000 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçının “"xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə apardığı əməliyyatlar zamanı həmin vergi ödəyicilərinin riskli olmadıqları və riskli vergi ödəyicisi olmaları barədə qərarların əməliyyatlar aparıldıqdan sonra qəbul edildiyi səbəbindən tərəflər arasında aparılan əməliyyatla şübhə altına alına bilməz” dəlilinə münasibətdə, hazırkı mübahisə üzrə əməliyyatlar aparılan şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın tarixinən həmin əməliyyatların əmtəəsiz hesab edilməsinə heç bir təsiri yoxdur. Əksinə həmin əmtəəsiz əməliyyatlar nəticəsində vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərarlar qəbul edilir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat hesab edilərək, "xxxx" MMC-nin riskli vergi ödəyici olması barədə xx.xx.2022-ci il tarixli **********168300 nömrəli və "xxxx" MMC-nin isə riskli vergi ödəyici olması barədə xx.xx.2022-ci il tarixli **********026800 nömrəli qərarlar qəbul edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********168300 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********026800 nömrəli qərarına əsasən vergi ödəyicisi “FİNTAKS" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

12. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

13. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

14. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

15. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərardan göürür ki, kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 16 000,00 manat əlavə vergi hesablanmışdır.

16. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC, “FİNTAKS" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır.

17. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********168300 nömrəli, “FİNTAKS" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********026800 nömrəli qərarlar qəbul edilmişdir.

18. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

19. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri “"xxxx" MMC, “FİNTAKS" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı "xxxx" MMC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

22. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), “FİNRAKS" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, “FİNTAKS" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.

23. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

26. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli **********941000 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar