Məhkəmə qərarları › İş №e-2-1(112)-12739/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12739/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12739/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «iddiaçının qeydiyyata alınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «iddiaçının qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, X2 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini X1 30 aprel 2004-cü il tarixdə satın almış və 19 fevral 2017-ci il tarixdə həmin torpaq sahəsini 18 saylı Notariat Kontorunda hazırkı İddiaçı 12.000 manata satması ilə bağlı ərizəni imzası ilə təsdiq etmişdir. “Bakı Torpaq” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsi 29 may 2017ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən sözügedən torpaq sahəsi üzərində birmərtəbəli fərdi yaşayış evinin planını təsdiq etmişdir. İddiaçı fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra həmin ünvanda faktiki olaraq yaşamağa başlamış, qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş vergiləri ödəməkdən yayınmamışdır. Belə ki, Azərbaycan Rspublikası Vergi Məcəlləsinə əsasən müəyyən olunan əmlak və torpaq vergilərini ödəmişdir və bu **********6373 saylı tədiyyə bildirişində, eyni zamanda hökümət ödəniş portalı vasitəsi ilə ödəniş edilən zaman təqdim olunmuş qəbzlərdə öz təsdiqini tapır. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Rspublikasının Qanunun 5-ci maddəsində qeyd olunur ki, fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Eyni zamanda, İddiaçı ərizəsi əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən iddiaçı X4 məxsus fərdi yaşayış evinin qazlaşdırılmasına icazə verilmişdir. Bakı şəhəri Suraxanı RİH Hövsan qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışlar da iddiaçının həmin ünvanda yaşadığını təsdiq edir. 20 iyun 2022-ci il tarixdə iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış masssivində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə məktubla müraciət etmişdir. Lakin Suraxanı RPİ iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış masssivində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasının səlahiyyətləri xaricində olduğunu bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 182-ci maddəsinin tələbinə əsasən, əşyanı vicdanlı əldə edən olduğu hallarda əldə edən əşyanın mülkiyyətçisi olur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Rspublikasmm Qanunun 8-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Göstərilənlərə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış masssivində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvananmış 24 noyabr 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 1.1-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqların istifadəsi və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun beşinci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Beləliklə qanunun yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi və İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddiaya qarşı münasibətin bildirilməsi üçün iddia ərizəsinin həmin quruma təqdim edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvananmış 1 dekabr 2022-ci il tarixli məktubunda isə iddia ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 5.1-ci bəndinə əsasən Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışların verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən, iş üzrə cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış masssivində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından, iddiaçının həmin evə istər hüquqlarının qeydiyyata alınması, istərsə də yaşayış yeri üzrə qeydiyyata alınması üzrə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasını da məqsədəuyğun saymır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tələbində yaşadığı ünvana qeydiyyata alınmasını tələb etsə də, iş üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu tələbə cavab vermək səlahiyyətində olan qurum deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar