Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1274/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Dövlət Pedoqoji Universiteti işə cəlb edilməklə qərarın əsassız olduğu üçün ləğv edilməsi və diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, M-5724/31-24 saylı məktubu ilə müəyyən edilmiş qərarın əsassız olduğu üçün ləğv edilməsi və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən xx.xx.2010-cu ildə İddiaçı verilmiş B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1274/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Gəncədə anadan olmuş, orta məktəbi orada bitirmiş, ali məktəbə imtahan verib Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialına daxil olmuşdur. 3-cü kursun ortasında qiyabi şöbəyə keçmişdir. Təhsil aldığı müddətdə bütün dərslərə gəlmiş, davamiyyəti yetərli olmuş, keçirilən bütün imtahanlarda iştirak etmiş və diplom almışdır. Hazırda onun təhsil aldığını təsdiq edən tələbə bileti, şəkil və videolar əlində mövcuddur. Sonda iddiaçıya xx xxxx 2010-cu il tarixdə, B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplom verilmişdir. 2011-2019-cu illərdə Gəncə şəhəri 12 nömrəli orta məktəbdə, 2019-2020-ci illərdə isə Gədəbəy rayonu Daryurd kənd tam orta məktəbində işləmişdir. Belə ki, sonuncu iş yerinə Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanı uğurla verib qəbul olunmuşdur. Bir müddət sonra o, Təhsil Nazirliyinə müraciət edərək, diplomunun həqiqiliyini yoxlamaq qərarına gəlmişdir. Çünki özü saxta diplomların həmin ərəfədə çoxalması ilə əlaqədar narahat olmuşdur. Beləliklə, Təhsil Nazirliyindən onun ərizəsinə cavab verilərək, xx.xx.2012-ci il tarixli, M-2448/03-24 saylı məktubla bildirilmişdir ki, ona verilən sənəd Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutuna (Gəncə filialına) verilən dövlət nümunəli sənəddir. Lakin, cavabdhein xx.xx.2020-ci il tarixli, M-5724/31-24 saylı məktubuna əsasən həmin diplomun hüquqi əsasının olmaması müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 27-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Azərbaycan Müəllimlər institutunun Gəncə filialının əyani şöbəsinə daxil olub, 3-cü kursdan qiyabi formada təhsilini davam etdirərək başa vurmuşdur. Həmin ali məktəbi bitirməsi ilə əlaqədar ona 2010-cu ildə B seriyalı 200219 nömrəli diplom verilmişdir. Bu əsasla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbinin hüquqi əsası olmdığından bu tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adından yazılmış B seriyalı 200219 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Nəzərə çatdırırlar ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış "Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontigentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Nazirlik iddiaçının təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tutduğu vəzifəyə təyin edilmə əsası olaraq, təhsil sənədi kimi təqdim etdiyi Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının bitirməsi barədə verilən diplomun dövlət nümunəli olmadığı müvafiq araşdırma zamanı sübuta yetirmişdir. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə’’nin 6.1-ci bəndinə əsasən təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İddiaçının Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan qanunun bu tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yazılı izahat təqdim edərək göstərmişdir ki, onların fikrincə iddiaçının təhsil hüququnu vətəndaşlarının təhsil hüququnun təmin olunmasında mərkəzi icra hakimiyyəti orqanı olan cavabdeh təmin etməlidir. Onun vəzifəsi Konstitusiyadan və qanundan irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir, (maddə 2). Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir, (maddə 5.1).Təhsil Nazirliyi dövlət təhsil müəssisəsi olan və vətəndaşlar qarşısında məsuliyyət daşıyan Azərbaycan Müəllimlər İnstitutuna iddiaçının “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaqla daxil olmasına nəzarət etməli və hər hansı bir qanunsuz hal olduqda dərhal müdaxilə etməli idi. Lakin, nəinki belə bir müdaxilə etmiş, əksinə özünün sonrakı hərəkətləri ilə buna yol vermişdir. “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 1. dövlət, 2. bələdiyyə, 3. özəl. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır, (maddə 14.17). Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. (14.18). Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. (15.1). Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamanaməsi ilə müəyyən edilir. (15.4). Cavabdeh hazırda iddiaçının hüququnun bərpa olunmasından boyun qaçıra bilməz. Çünki qüvvədə olan qanunvericiliyə görə cavabdeh dövlətin adından iddiaçının daxil olduğu təhsil müəssisəsinin fəaliyyətinə nəzarət etməli idi. Belə ki, Təhsil qanununun 29.0.26-cı maddəsinə əsasən təhsil sahəsində dövlətin vəzifələri təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirtməkdir. Həmçinin Əsasnaməyə görə cavabdeh təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirtməli, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etməlidir. (7.3). Bu necə nəzarətdir ki, tələbəni Təhsil Nazirliyinin nəzarətində və təsisçiliyində olan instituta qəbul edirlər, tələbə 4 il orada təhsil alır, hər il təhsil haqqı ödəyir, müəllimlər ona əmək sərf edirlər, imtahanlarda iştirak edir və tələbənin təhsil almasına dövlət vəsaitləri hesabına xərc qoyulur, amma bu müddət ərzində onun həmin təhsil müəssisəsində qanuni oxuyub-oxumamasına cavabdeh nəzarət etmir? Cavabdeh iddiaçının təhsil hüququnun təmin olunmasına çəkilən dövlət vəsaitinin xərclənməsinə görə də məsuliyyət daşıyır. Belə ki, “Təhsil haqqında” Qanunun 38.4-cü maddəsinə əsasən dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Cavabdeh qanunla onun üzərinə düşən vəzifəni yerinə yetirərək nəinki İnstitutunun fəaliyyətinə, iddiaçının “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməklə İnstituta girməsinə nəzarət etmiş, öz hərəkətlərini davam etdirərək, iddiaçıya 2012-ci il tarixdə məktubla cavab verərək ona verilmiş diplomun qanuni olmasını bildirmiş, daha sonra iddiaçının müəllim kimi işə qəbul edilməsinə yol vermiş və bir neçə dəfə müəllimlərin işə qəbul imtahanlarında iştirak etməsinə icazə vermişdir. Cavabdeh öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutmalı və iddiaçının hüququnu təmin etməlidir. Faktlarla müəyyən edilir ki, iddiaçı cavabdehin təsisçisi olduğu və nəzarəti altında fəaliyyət göstərən institutda Bakalavriat təhsil səviyyəsində ali təhsilli mütəxəssis olaraq hazırlanmışdır. “Təhsil haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, iddiaçıya cavabdehin təsisçisi olduğu və nəzarəti altında fəaliyyət göstərən institutu bitirməsi barədə təhsil haqqında dövlət sənədi verilmişdir. Təhsil qanununun 17.2-ci maddəsinə əsasən hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. Diplomu aldıqdan sonra iddiaçı yenə də, cavabdehin nəzarətində olan təhsil müəssisələrində işə qəbul olunaraq işləmişdir. “Təhsil haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. İddiaçının təhsil hüququnun təmin edilməsinə görə cavabdeh qanunla məsuliyyət daşıyır. “Təhsil haqqında” Qanunun 45.1-ci maddəsinə əsaəsn bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Təhsil Müəssisələri Tələbələrinin X2 Attestatiyası haqqında” Əsasnamənin 2-ci maddəsinə əsasən məzunların dövlət attestasiyası yalnız dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində ali peşə təhsilinin dövlət təhsil standartlarında nəzərdə tutulan istiqamət və ixtisasları üzrə aparılır və təhsilin, eləcə də ixtisas dərəcəsinin səviyyəsi haqqında dövlət nümunəli diplom verilməsi ilə başa çatdırılır. Əsasnaməyə əsasən Dövlət attestasiya komissiyasına ümumi sədr rəhbərlik edir. O, bütün attestasiya işini təşkil edir, komissiyaların fəaliyyətlərini nəzarətdə saxlayır, Dövlət attestasiya komissiyasının ümumi sədri eyni zamanda sınaq komissiyalarından ixtisası üzrə birinə də sədr, eləcə də üzv ola bilər və bir qayda olaraq elmlər doktoru və ya professor olmalıdır. Dövlət ali təhsil müəssisələrində dövlət attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiyası komissiyalarının sədrlərini ali məktəbin tabe olduğu idarəetmə orqanı həmin müəssisənin təqdimatına əsasən təyin edir. (10). Əsasnamədən görünür ki, iddiaçının təhsil aldığı dövlət ali təhsil müəssisəsində dövlət attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiyası komissiyalarının sədrlərini institunun tabe olduğu cavabdeh tərəfindən təyin edilir. İddiaçıya dövlət attestasiyası komissiyasının qərarı ilə diplom verib və ondan imtahan götürülüb. İddiaçı əsas peşə təhsili proqramlarından biri üzrə tam təlim kursunu başa çatdırmış və tədris planında nəzərdə tutulan bütün əvvəlki attestasiya sınaqlarından müvəffəqiyyətlə keçmiş, öz istiqaməti (ixtisası) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarına və buraxılış işinin müdafiəsinə buraxılmışdır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili " qaylarının 2.14-cü maddəsinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar. Nəhayət dövlət attestasiyasının nəticələrinə görə buraxılış işi üzrə attestasiya komissiyası ona ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilməsi barəsində qərar qəbul etmişdir. Cavabdeh bu zaman tabeliyində olan institutda dövlət attestasiyasının keçirilməsinə görə yuxarıda göstərilən qanunvericiliyə əsasən birbaşa məsuliyyət daşıyırdı. Heç də təsadüfi deyildir ki, əsasnamənin 18-ci maddəsinə əsasən dövlət attestasiya komissiyasının işi haqqında hər il ali məktəbin (fakültənin) elmi şurasında hesabat verilir. Bu hesabat buraxılış yekun attestasiyası başa çatdıqdan sonra üç ay müddətindən gec olmayaraq ali məktəbin tabe olduğu idarəetmə orqanına təqdim olunur. Buna görə də, Cavabdeh iddiaçının təhsil hüququnu təmin etməkdən qətiyyən imtina edə bilməz. İddiaçının təhsil aldığı ali məktəb cavabdehin tabeliyində olan müəssisə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı da olmuşdur. İddiaçının daxil olduğu-tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin bakalavriat üzrə əsas təhsil səviyyəsinə tələbə qəbulu planı təsdiq edilmişdir. Əgər iddiaçı bu plandan kənar qəbul olunmuşdursa, cavabdeh və ya onun tabeliyində olan institut iddiaçının təhsil müəssisəsindən kənarlaşdırılmasını təmin etməli idilər. Bundan əlavə, cavabdeh institutun təsisçi olduğu, o cümlədən nəzarət edən orqan olduğu üçün bir sıra səlahiyyətlərindən istifadə edib bas verəcək qanunsuzluqları aradan qaldırmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin aşağıdakı maddələrinə görə cavabdehin əlində kifayət qədər səlahiyyətlər var idi ki, iddiaçının təhsil hüququnu təmin etsin: 4.2-ci maddəsinə əsasən ali təhsil müəssisəsinin təsisçisinin səlahiyyətləri aşağıdakılardır: 4.2.1. ali təhsil müəssisəsinin nizamnaməsinin və strukturunun təsdiqi; 4.2.2. ali təhsil müəssisəsinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi; 4.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi; 4.2.4. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; 4.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; 4.2.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faizi və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi; 4.2.7. ali təhsil müəssisəsinin yenidən təşkili və ləğv edilməsi. 4.12. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilinəsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir. 4.14. Rektor: 4.14.1. ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır; 6.1. Ali təhsil müəssisəsinin fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər. 6.2. Ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə həmin təhsil müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər. 6.3. Ali təhsil müəssisəsinin fəaliyyətinə dair illik hesabat tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təqdim edilir. 6.6. Ali təhsil müəssisəsinin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir. Göründüyü kimi, Təhsil Nazirliyi institutda keçirdiyi yoxlamalarda belə bu faktı üzə çıxarmamışdır. Halbuki, bu onun birbaşa borcu idi. Bütün göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh iddiaçının təhsil hüququnu təmin etməyə borcludur. Odur ki, iddianı təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə izahat verərək, iddiaçının Azərbaycan Müəllimlər İnstitutunda oxumadığını, diplomunun qanunsuz olduğunu bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan A № 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli, 2010-cu il tarixli bakalavr diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının xx xxxx 2010-cu il tarixli (qərarı) ilə “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən bakalavr dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2012-ci il tarixli, M-2448/03-24 nömrəli məktubdan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən adına yazılmış B № 200219 (qeydiyyat nömrəsi № 2/1883) diplom blankı həqiqətən 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutuna (Gəncə filialın) verilən dövlət nümunəli sənəddir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilmişdir ki, adına yazılmış B seriyalı, 200219 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 09/xx-xx/2803 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, xx xxxx 1988-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx, əvvəlki soyadı: Vəlyeva) 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir ali təhsil müəsisəsinə qəbul olmamış və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmri verilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki mübahisədə iddiaçının 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi, lakin, heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Azərbaycan Müəllimlər İnstitutu tərəfindən Dövlət Attestasiya Komissiyasının xx xxxx 2010-cu il tarixli qərarı ilə “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında B seriyalı № 200219 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və həmin diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-1274/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1274/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver