Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1279/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, 6 saylı evin 67 saylı mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********55 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsindəki 6 nömrəli evin 67 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Sabunçu rayon icra hakimiyyətinin 30 mart 2004-cü il tarixli 185 nömrəli sərəncamına əsasən Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə dayanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Sabunçu rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli iclasının qərarına əsasən Bakı şəhəri, 2-ci Zabarat qəsəbəsi, R.Göyüşov küçəsi, ev 6, 67 nömrəli mənzil iddiaçıya verilmişdir. 2018-ci ildən həmin mənzildə iddiaçı və oğlu X2 daimi qeydiyyatdadırlar. Mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi bağlı olaraq ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarə xx.xx.2024-ci il tarixli məktubu ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən tikintisinə başlanılmış xx.xx.2010-cu il tarixdə istismara verilmişdir. Bakı şəhəri Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 222 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonun Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9251,7 kv metr sahəsi olan iki doqquz mərtəbəli yaşayış evi Bakı şəhəri icra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 185 nömrəli, 30 mart 2004-cü il tarixli “İİ qrup Qarabağ əlili A.T,Rüstəmovun yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında” sərəncamdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlil olmuşdur. Ailə tərkibi 2 nəfər ( özü, qardaşı) olmaqla Bakıxanov qəsəbəsi, Efendiyev küçəsi 12 saylı evin yaşayış sahəsi 17,26 kv.m olan bir otaqlı 50 saylı mənzildə daimi pasport qeydiyyatındadır və yaşayır. Bakı şəhərində xx.xx.1996-cı il tarixindən daimi pasoprt qeydiyyatındadır. Həmin sərəncamla İddiaçı ailə tərkibi 1 nəfər olmaqla İİ qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəli - əmrlə yaradılmış komissiyanın 10 dekabr 2010-cu il tarixli iclasının qərarından çıxarışdan görünür ki, xx.xx.2004-cü ildə 2 nəfər ailə tərkibi ilə mənzil uçotuna alınmış 2 qrup Qarabağ əlili İddiaçı ailə tərkibi 3 nəfərdir (özü, həyat yoldaşı, oğlu), qardaşına məxsus 1 otaqlı sahəsi 17,26 kv.m mənzildə 3 nəfər qeydiyyatda olmaqla orada qardaşının ailəsi yaşayır. Faktiki özü 2004-cü ildən müxtəlif ünvanlarda kirayədə yaşayır. Həyat yoldaşı atası evində qeydiyyatdadır. Həyat yoldaşı ümumi səbəbdən İİİ qrup əlildir. Cəmiyyətin hüqqşunasıdır (QMƏVŞAİB-nin sədrinin məktubu var). Həmin iclasda iddiaçının ümumi sahəsi 91,69, faydalı sahəsi 42,24 kv.metr olat 5-ci mərtəbədə yerləşən 67 saylı mənzillə təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 222 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2014cü il tarixli, 47s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci kilometr, 1-ci döngə, 6 və 6 A ünvanlarında hər birisi 0,1252 ha torpaq sahəsində yerləşən və hər birisinin 9251,7 kv. metr sahəsi olan iki doqquzmərtəbəli yaşayış evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Həmin Sərəncamla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- Pirşağı yolu, 1-ci kilometr, 1 -ci döngə, 6 və 6A ünvanlarında əlil, şəhid ailələri və Böyük Vətən müharibəsi veteranları üçün inşa edilmiş iki doqquzmərtəbəli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20 sentyabr 2024-cü il tarixli, 3-52-13/2-790/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevraİ 2014-cü il tarixli, 47s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 222 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- Pirşağı yolu, 1-ci kilometr, 1-ci döngə (Ruslan Göyüşov küçəsi), 6 və 6A ünvanlarında yerləşən doqquzmərtəbəli yaşayış binaları balansa qəbul edilmişdir. Qeyd edilən bina Azərbaycan Respublikası Nazirlər Klabinetinin 06 fevral 2008-ci il tarixli, 44s nömrəli Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlil və şəhid ailələri üçün inşa edilmiş və həmin binalarda yaşayış sahələrinin bölgüsü nazirlik tərəfindən həyata keçirilmişdir. Hazırda qeyd edilən yaşayış binası və orada yerləşən 67 saylı mənzil mülkiyyət formasına görə dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 73 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********63 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin faktiki yaşayış sahəsi 43.1 kv.m (2 otaq), ümumi sahəsi 90.1 kv.m təşkil edir. Mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin bu imtinası mübahisələndirərək, onun istifadəsinə verilmiş 67 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mülkiyyət hüququnu qeydə almasını istədiyi mənzil onun sahiblik və istifadəsindədir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə birinci imtina əsası ilə bağlı qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının 185 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən iddiaçı İİ qrup Qarabağ əlili kimi mənzil növbəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixli qərarla mənzil ona təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı mənzil növbəsinə 2004-cü ildə dayanmışdır və ona mənzilin ayrılması onun müharibə əlili olması ilə əlaqədar mənzil növbəsinə alınması ilə əlaqədar olmuşdur. Ona görə də, iddiaçının mübahisəli mənzillə bağlı hüquqları mənzil növbəsinə alındığı 2004-cü il tarixdən yaranmışdır. İddiaçıya həmin növbə ilə əlaqədar olaraq 2010-ci ildə mənzil verilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə olan halda aydın olur ki, cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.metr olan 67 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1279/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1279/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver