Məhkəmə qərarları › İş №e-2-1(112)-1281/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1281/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1281/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC,"xxxx" MMC və "xxxx" MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 aprel 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********060800 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarla yanaşı vergi orqanı tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli, 15 iyul 2024-cü il tarixli qərarların da ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə iddia cavabdehin 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: Bildirilmişdir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********299000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2024-cü ilin fevral ayı üzrə 77 353,16 manat əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərar tərəfimizdən Bakı İnzibatı Məhkəməsindən mübahisələndirilmiş və məhkəmə tərəfindən e-2-1(112)-9376/2024 saylı iş üzrə icraata qəbul edilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********060800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən eyni dövr üzrə əvvəlki qərar ləğv edilərək yeni qərar qəbul edilmiş və tərəfimizdən xx.xx.2024-cü il tarixində dəqiqləşdiirlmiş iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********41500 saylı kareral uyğunsuzluq məktubu göndərilərək 12 ədəd elektron qaimə faktura üzrə əməliyyatların riskli hesab olunduğu və ƏDV üzrə əvəzləşdirilmələrin əsassız aparılıdığı bildirilmişdir. Qeyd olunan uyğunsuzluq məktubu əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********276200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2024-cü ilin mart ayı üzrə 74 866.70 manat ƏDV məbləği hesablanılmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən **********208000 saylı xx.xx.2024-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 2023-cü ilin mənfəət vergisi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub göndərilərək “Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 1 156 247,60 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranması” bildirilmişdir. Qeyd olunan uyğunsuzluq məktubu əsasında cavabdeh tərəfindən 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********631200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək 83 185.34, xx.xx.2024-cü il tarixli **********347000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən isə 112 697.23 manat olmaqla cəmi 195 882.57 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Mənfəət vergisi hesablanması ilə bərabər 2024-cü ilin 1-ci rübü üzrə 34 775,34 manat, 2-cü rübü üzrə isə 48 970,65 manat cari vergi məbləğləri də hesablanılmışdır. - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixində 25/23 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin iyun və iyul aylarında 3 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 290 247 (xx.xx.2023 tarixli, EBDİ 761977 saylı e-qf əsasında -94 069 manat, xx.xx.2023-cü il tarixli, EBDK 769399 sayl e-qf əsasında -187 188 manat, xx.xx.2023-cü il tarixli EBDK 776 084 saylı e-qf əsasında -8990 manat ƏDV məbləği 52 244.46) manat olan mal, iş və xidmətlər təqdim edilmişdir, qeyd olunan elektron qaimə fakturalar üzrə ƏDV məbləği 52 244.46 manat təşkil etmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin iyun iyul ayları ərzində 33 132.42 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********596900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, “KAZİZ LL" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********341300 nömrəli Qərara sasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDK seriyalı 776084 nömrəli, xx.xx.2023 tarixli EBDİ seriyalı 761977 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 769399 nömrəli ) elektron qaim -faktura (lar) əmtəsiz və(və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir”. - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixli 22/42 malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin sentyabr və oktyabr aylarında 3 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 245 670.80 manat(xx.xx.2023-cü il tarixli EBDQ 067721 saylı e-qf əsasında – 26 477 manat, xx.xx.2023-cü il tarixli, EBDQ 064305 saylı eqf əsasında-83 406.8 manat, xx.xx.2023-cü il tarixli EBDP 159103 saylı e-qf əsasında-135 787 manat) olan mallar alıcıya təqdim edilmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin setnyabr oktyabr ayları ərzində 44 220.74 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********820900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********330900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDP seriyalı 159103 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 067721 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 064305 nömrəli ) elektron qaiməfaktura (lar) əmtəsiz və (və ya) riskli əməliyyatların rəəşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixli 13/23 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin noyabr-dekabr aylarında 5 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 415 927.6 manat (xx.xx.2023-cü il tarixli EBDS 511588 saylı e-qf əsasında – 222 913.00 manat, xx.xx.2023-cü il tarixli, EBDT 228588 saylı e-qf əsasında-47 905.90 manat, xx.xx.2023-cü il tarixli EBDU 166289 saylı e-qf əsasında-57 085.6 manat, xx.xx.2023-cü il tarixli EBDV 840997 saylı e-qf əsasında 81 268.10 manat, xx.xx.2023-cü il tarixli EBDV 850931 saylı e-qf əsasında 6 755.00 manat) olan mallar alıcıya təqdim edilmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin setnyabr noyabr dekabr ayları ərzində 74 866.95 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********820900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, “AGRO FUBER" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********534300 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDV seriyalı 850931 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 166289 nömrəli, xx.xx.2023 tarixli EBDT seriyalı 228588 nömrəli, xx.xx.2023 tarixli EBDS seriyalı 511588 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 840997 nömrəli elektron qaimə -faktura (lar) əmtəsiz v ə(və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən müəssisənin onlayn kargüzarlıq sisteminə göndərilmiş xx.xx.2024-cü il tarixli, **********820900 və xx.xx.2024-cü il tarixli, **********596900 nömrəli xəbərdarlıq məktublarından görünür ki, “KAZİZ LL" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanının xx.xx.2024-cü il tarixli **********341300 saylı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə vergi orqanının xx.xx.2024-cü il tarixli **********330900 saylı, “AGRO FUBER" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024 tarixli **********534300 nömrəli qərarlarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdirlər. Qeyd olunanlar ilə bağlı olaraq bildirilmişdir ki, hər 3 müəssisə ilə aparılmış əməliyyatalara görə əvəzləşməyə təqdim edilmiş ümumilikdə 152 219.86 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq hesablama aparılmış, riskli hesab edilən 1 156 247,60 manat dəyərində e-qaimə fakturalar isə xərc kimi nəzərə alınmadan cəmi 195.882,57 manat əlavə vergi məbləği hesablanılmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi müəssisə tərəfindən alqı-satqı əməliyatları aparılarkən sonradan riskli hesab edilmiş hər 3 müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışdırlar. İddiaçı MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış malların qarşı tərəflər tərəfindən elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Cavabdehin etirazı Etirazın məzmunu onunla əlaqədardır ki, VM-nin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün əvəzləşdirməyə əsas vermir. "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən aparılan əməliyyatlar riskli hesab olunduğundan sənədlər əvəzləşdirməyə əsas yaratmır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi mahiyyəti üzrə qiymətləndirilən hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mahiyyəti üzrə inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd olunur ki, iddia mümkünlük şərtlərini ödəməyən cavabdehin 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır ki, mahiyyəti üzrə baxılan hissə mübahisələndirilən digər qərarların ləğvi ilə əlaqədardır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyun 2024-cü il tarixli **********060800 nömrəli qərardan görünür ki, fevral 2024 əlavə dəyər vergisi üzrə 77.353,16 manat məbləğində iddiaçıya əlavə vergi hesablanmışdır. Həmin qərarla ilkin mübahisələndirilən 24 aprel 2024-cü il tarixli qərar ləğv edilmişdir. Mübahisələndirilən 21 iyun 2024-cü il tarixli **********276200 nömrəli qərardan görünür ki, mart 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 74.866,70 manat əlavə vergi məbləği hesablanmışdır. vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyənnaməsindən görünür ki, 13 096.41 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır. İş materaillarından görünür ki, cavabdeh tərəfindən 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərar qəbul olunaraq iddiaçının barəsindən 112 697.23 manat, daha sonra isə eyni gün ərzində 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli qəbul edərək 2023-cü il mənfəət vergisi üzrə əlavə olaraq 83.185,34 manat vergi məbləği hesablanmışdır. Eləcə də, həmin sonuncu qərarla **********347000 nömrəli, 15 iyul 2024cü il tarixli digər qərar ləğv edilmişdir. Qərarın ləğv edilərək eyni dövr üzrə yeni qərar qəbul olunmasına baxmayaraq, ləğv edilən **********347000 saylı qərarla hesablanılmış 112 697.23 manat mənfəət vergisi məbləği azaldılmamışdır. Həmin qərarda **********631200 saylı qərarda elə təqdim edilmişdir ki, vergi ödəyicisi tərəfindən 125 793.64 manat (13 096.41+112 697.23 manat) mənfəət vergisi hesablanılmışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsindən və kameral vergi yoxlaması ilə tərtib edilmiş mənfəət vergisi bəyənanməsindən də görünür ki, vergi ödəyəcisi tərəfindən bəyan olunmuş 13 096.41 manat mənfəət vergisinə nisbətdə 195 882.57 manat (112 697.23 manat+83 185.34 manat) əlavə vergi məbləği hesablanılmışdır. İddiaçının ƏDV depozit hesabından çıxarışdan görünür ki, 2023-cü il üzrə iddiaçı "xxxx"MMC, "xxxx" MMC və "xxxx"MMC ilə aparılmış əməliyyatların tarixi, mədaxil və məxaric məbləğləri və ödənişin təyinatı barədə məlumatlar əks olunmuşdur. İddiaçının riskli hesab edilmiş elektron qaimə fakturalarının siyahısından görünür ki, "xxxx"MMC, Agro Fuber ”MMC və "xxxx"MMC adlı müəssisələrlə malların, işlərin və xidmətlərin təqdim edilməsi üzrə 2023-cü il ərzində baş tutmuş əməliyyat və qaimə faktura üzrə vergi orqanı tərəfindən iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır. Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat xarakterli elektron sistemdən çıxarışlardan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023-cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Eləcə də, "xxxx"MMC də 14 fevral 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023-cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Həmçinin, "xxxx"MMC də 15 aprel 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023-cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Qərarların qəbuluna əsas olmuş elektron qaimə-fakturalardan görünür ki, həmin elektron qaimə fakturalar iddiaçı ilə, adıçəkilən üç müəssisə arasında 2023-cü il tarixli əməliyyatlarla əlaqədardır. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 15 aprel 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini arzulayır. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicilər ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxslər arasında münasibətlər yarandığı və əməliyyatlar aparıldığı zaman adıçəkilən şəxslər riskli vergi ödəyiciləri hesab olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktların əsassız olubolmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməli, iddiaçı ilə həmin şəxslər arasında yaranan münasibətlərin hansı tarixə dayandığı, həmin tarixdə adıçəkilən şəxslərin riskli vergi ödəyicisi olub-olmaması istiqamətində araşdırma aparılmalıdır ki, bu hissədə dəyərləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri ”nın: 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Qayda və Şərtlərinə cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar vergi orqanı tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarlarına əsasən yuxarıda adıçəkilən hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Göründüyü kimi həmin şəxslərin riskli vergi ödəyiciləri olması təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının adıçəkilən hüquqi və fiziki şəxslər ilə müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə nəzər yetirdikdə görünür ki, həmin maddənin normasına görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən normalarına (Məcəllənin 568.1, 575.1. 575.2. 570.1. 581.1 599.3-cü maddələrinə) əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı, elektron qaimə fakturaların tərtib edildiyi 2023-cü il tarixi üzrə dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamış, hüquqi şəxslər 2024-cü il tarixli qərarlar əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. Qeyd olunur ki, hətta həmin dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilməməli, inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtin mövcudluğuna həmin hallar dəlalət etməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də mülki hüquq münasibətlərinə daxilı ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisilərinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatlardan sonrakı tarixdə qəbul edilmiş qərarlarla olmasına, iddiaçının həmin müəssisələrin riskli vergi ödəyiciləri siyahısında olmasına dair xəbərdarlığ edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İş materallarından görünür ki, cavabdeh tərəfindən 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərar qəbul olunaraq iddiaçının barəsindən 112 697.23 manat, daha sonra isə eyni gün ərzində 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli qəbul edərək 2023-cü il mənfəət vergisi üzrə əlavə olaraq 83.185,34 manat vergi məbləği hesablanmışdır. Eləcə də, həmin qərarla **********347000 nömrəli, 15 iyul 2024-cü il tarixli digər qərar ləğv edilmişdir. Qərarın ləğv edilərək eyni dövr üzrə yeni qərar qəbul olunmasına baxmayaraq, ləğv edilən **********347000 saylı qərarla hesablanılmış 112 697.23 manat mənfəət vergisi məbləği azaldılmamışdır. Əksinə **********631200 saylı qərarda elə təqdim edilmişdir ki, vergi ödəyicisi tərəfindən 125 793.64 manat (13 096.41+112 697.23 manat) mənfəət vergisi hesablanılmışdır. Göründüyü kimi, qərar ləğv olunsa da, qərara əsasən hesablanılmış mənfəət vergisi məbləği olduğu kimi qalmışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsindən və kameral vergi yoxlaması ilə tərtib edilmiş mənfəət vergisi bəyənanməsindən də görünür ki, nəticə etibari ilə vergi ödəyəcisi tərəfindən bəyan olunmuş 13 096.41 manat mənfəət vergisinə nisbətdə 195 882.57 manat (112 697.23 manat+83 185.34 manat) əlavə vegi məbləği hesablanılmışdır. Məhkəmə, qeyd etməy zəruri hesab edir ki, ləğv edilmiş 15 iyul **********347000 saylı qərarla hesablanılmış 112 697.23 manat mənfəət vergisi məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni gün ərzində iddiaçının barəsində mənfəət vergisinin hesablanılması ilə bağlı iki qərar qəbul etmiş, sonuncu qərar ilə əvvəlki qərarı ləğv etdiyini bildirsə də, iş materialları ilə qərarın texniki olaraq ləğv edildiyi, hesablanılmış vergi məbləğinin buna uyğun davranılaraq azaldılmadığı, yekun olaraq 13 096.41 manat mənfəət vergisinə nisbətdə 195 882.57 manat(112 697.23 manat+83 185.34 manat) əlavə vegi məbləği hesablanılması müəyyən olunmuşdur. Qeyd olunan hesablama tam olaraq riskli əməliyyatlar ilə bağlı olduğundan və vergi ödəyicisi tərəfindən cəmi 13 096.41 manat mənfəət vergisi bəyən olunduğundan əlavə hesablanılmış 195 882.57 manat məbləğ tam olaraq azaldılmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. İddiaçının məhkəmə təqdim etdiyi, eləcə də analoji işlər üzrə yuxarı instansiya məhkəməsinin formalaşmış təcrübəsindən görünür ki, hazırkı növ iddialar üzrə mübahisələndirilən qərarlar ləğv edilmiş, əlavə vergi hesablanması qanunsuz hesab edilmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli, 21 iyun 2024-cü il tarixli **********276200 nömrəli və 10 iyun 2024-cü il tarixli **********060800 nömrəli qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar