Məhkəmə qərarları › İş №e-2-1(112)-12852/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12852/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12852/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X33 Abıyevin sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15, üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 və X20 üçüncü şəxslər qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış qeydiyyat nömrəsi ********** saylı olan çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz əmlakın Dövlət Reyestrində 2328 №-li reyestr kitabının 263761 nömrəli vərəqində aparılmış № **********48-05101-093045 reyestr nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırılmışlar ki, ataları X11 1999-cu ildə anaları X30 ilə nikaha daxil olmuşdur. Faktiki nikahdan onlar-iki bacı və xx.xx.2013-cü il tarixində bir qardaşları doğulmuşdur. xx.xx.2016-cı il tarixində ataları X11 ölmüşdür. Ataları mərhum X11 1963-cü ildə doğulmuş və doğulduğu gündən ünvan 2-də yaşamış, hərbi xidmətdə olmuş, qeyd etdikləri kimi anaları ilə nikaha daxil olmuş, onlar doğulmuşdur və vəfat edənədək həmin evdə yaşamışdır. Babaları və nənələri də ölmüşlər. Babası öldükdən sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi, ev 3, mənzil 25-də yerləşən daşınmaz əmlak miras qalmışdır. Həmin evdə yaşamaqla babalarından miras qalmış əmlak ataları tərəfindən qəbul edilmişdir. Ataları və onlar doğulduqdan həmin evdə qeydiyyatda olmaqla yaşamışdır. Buna baxmayaraq bibiləri X20 və X1 sənədlər əsasında mərhum babaları X3 miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev mənzil 25-də yerləşən daşınmaz əmlakı adlarına rəsmiləşdirilmiş və izləri itirmək üçün həmin mirası bir-birinə bağışlamaqla onların vərəsə kimi hüquqlarını pozmuşlar. Bu barədə onların məlumatı iş üzrə cavabdeh X20 onlara qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldıraraq onun, yəni İddiaçı1 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi, ev 3 mənzil 25-dən istifadə hüququnun itirilmiş hesab edilməsi və digər cavabdeh ona yəni İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi, ev 3, mənzil 25-də istifadə hüquqununun 7200 manat kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzildən məcburi çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş etdikdən sonra xəbərləri olmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e- 2(003)-2332/2022 saylı, 14 dekabr 2022-ci il tarixli 09 yanvar 2023-cü il tarixində rəsmən təqdim edilmiş qətnaməsi ilə iddia təmin edilərək onun, yəni İddiaçı1 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 3, mənzil 25-dən istifadə hüququnun itirilmiş hesab edilməsi və digər cavabdeh olan onun, yəni İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 3 mənzil 25-dən istifadə hüququnun 9720 manat kompensasiya ödənilməklə xitam verilməsi, ondan yəni İddiaçı1 350 manat pulun tutularaq X12 verilməsi qət edilmişdir. X7 həmin ünvan 2-də yerləşən ********** saylı əmlakı öz adına rəsmiləşdirərək xx.xx.2018-ci il tarixində Çıxarış alır (onlara məlum olmayan əsaslarla). 18 gün ərzində həmin əmlakı Bakı şəhəri 125 saylı notariat ofisində (İş № 4ə-16) bağışlama yolu ilə X12 bağışlayır və o, da öz növbəsində çıxarış alır və bunun davamı kimi onların doğulub, boya-başa çatdıqlar, ailələrinin yaşadığı və vərəsələri olduqları evdən onların istifadə hüquqlarına xitam verilməklə çıxarılmaqlarını tələb edir. Onlar həmin evdə vərəsə olaraq qeydiyyatda olmaqla ailələri ilə yaşayırlar və miras əmlakı qəbul etməklə idarə etdiklərikini şəksiz nümayiş etdirirlər. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış, X7 və X20 üçüncü şəxslər qismində işə cəlb olunmuş və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim olunmuş və cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 mənzilindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və İddiaçı2 mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddia ərizəsində göstərilən məsələlərin həlli mülki mühakimə icraatının vəzifəsinə aid olduğundan, hesab edirlər ki, iddia mümkün hesab oluna bilməz. Belə ki, iddia tələbi cavabdeh inzibati orqanına qarşı veildiyindən, onun hansı yalnışlığa yol verməsi, habelə yalnışlığıa yol veribsə bununla bağlı iddiaçıların hansı subyektiv hüquqlarına toxunması ətraflı təsvir olunmalı idi. İddiaçıların çıxarışın ləğvi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil. Cavabdehin və üçüncü şəxs X4 iddia ilə bağlı yazılı münasibətləri məhkəməyə təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçılar (nümayəndə və vəkil) və üçüncü şəxslərdən X7 məhkəmə iclasında iştirak etmədiklərindən məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçıların və üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan, AZE seriyalı ******** №-li və AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqlərinin surətlərindən müəyyən olunur ki, müvafiq olaraq xx.xx.2001-ci il tarixdə və xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)2332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X20 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü cavabdeh İddiaçı1 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və xx.xx.2001-ci il təvəllüdlü cavabdeh İddiaçı2 7200 (yeddi min iki yüz) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və cavabdeh İddiaçı2 10800 (on min səkkiz yüz) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 Bakı şəhər Xəzər rayonu,Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və cavabdeh İddiaçı2 9720 (doqquz min yeddi yüz iyirmi) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş 350 manat haqqın cavabdeh İddiaçı1 tutularaq X12 ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)2332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı1 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilməsi, cavabdeh İddiaçı2 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı1 350 manat məbləğində pulun tutularaq X12 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2332/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)2332/2022 saylı qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2332/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə - qətnamənin “qət etdi” hissəsində “cavabdeh İddiaçı1 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilməsi, cavabdeh İddiaçı2 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi” əvəzinə “cavabdeh İddiaçı2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilməsi, cavabdeh İddiaçı1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi kimi oxunması qərara alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********68 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Bakı şəhəri X31 xx.xx.1973-cü il tarixli 105241 №-li orderin surətindən müəyyən olunur ki, X6 Buzovna qəsəbəsində məhəllə 23, ev 3 ünvanında, blok 2, mərtəbə 5-də yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 59,85 kv. m. olan mənzil ayrılmışdır. Orderdə 9 nəfər ailə üzvü ilə birlikdə- özü X8, X16, X26, X9, X21,X17, X11, X22, X13 və X14 adları qeyd olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verlmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1988-ci ildə ölmüşdür. Bu barədə 1988-ci ilin iyun ayının 14-cü günündə 107 № ilə qeyd edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 458470 №-li, xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx.xx.1994-cü ildə ölmüşdür. Bakı şəhəri Əzizbəyov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 054140 №-li, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin may ayının 27-ci günündə 402 № ilə qeyd edilmişdir. Bakı şəhəti Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 694565 №-li, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 10-cu ayının 08-ci günündə 817 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 738468 №-li, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 04-cü ayının 01-ci günündə 236 № ilə qeyd edilmişdir. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 682 №-li, xx.xx.2016-cı il tarixli çıxarışdan müəyyən olunur ki, X27 xx.xx.1993-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 08 fevral 1993-cü il tarixdə Xəzər rayon Buzovna qəsəbə 1/№-də 28 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 918550 №-li, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 12-ci ayının 14-cü günündə 977 № ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının “Vət. X5 vəfat etməsi ilə əlaqədar, onun adına olan Buzovna qəsəbəsi, R.İmanov küçəsi, məhəllə 23, 3 nömrəli evin, 25 nömrəli mənzilinin kirayə müqaviləsinin qızı vət. X4 adına keçirilməsi haqqında” 20 №-li, xx.xx.2018-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, məhəllə 23,3 nömrəli evin yaşayış sahəsi 59,85 kv. m. olan 4 otaqlı, 25 nömrəli mənzilinin kirayəçisi vət. X8 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda pasport qeydiyyatında olan və yaşayan qızı vət. X2 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mənzilin kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. (Digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri vardır). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə istinad edərək qərara alınmışdır: Vət.X5 vəfat etməsi ilə əlaqədar onun adına olan Buzovna qəsəbəsi,R.İmanov küçəsi, məhəllə 23,3 nömrəli evin yaşayış sahəsi 59,85 kv. m. olan 4 otaqlı, 25 nömrəli mənzilinin kirayə müqaviləsi qızı vət.X4 adına dəyişdirilsin. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,4 kv. m. olan mənzil xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2828 nömrəli reyestr kitabının 263761 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,4 kv.m olan mənzil X12 bağışlamışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,4 kv. m. olan mənzil xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2828 nömrəli reyestr kitabının 263761 nömrəli vərəqində X10 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-08035/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xəzər RİH-nin arxiv fondu üzrə 2018-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2018-ci il tarixli, 20 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin 5-12/2-2351/2023 saylı, xx.xx.2023cü il tarixli cavab məktubu ilə X5 vəfat etməsi ilə əlaqədar onun adına olan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, məhəllə 23, 3 nömrəli evin, 25 nömrəli mənzilinin kirayə müqaviləsinin qızı X4 adına keçirilməsi haqqında Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 20 №-li Sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçıların hazırki müraciətinə cavab olaraq cavadeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********xx/xx/2023 №li məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmalk üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz əmlakın Dövlət Reyestrində 2328 №-li reyestr kitabının 263761 nömrəli vərəqində aparılmış № **********48-05101-093045 reyestr nömrəli qeydin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyillər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi. mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Məhkəmə hesab edir ki,, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının “Vət. X5 vəfat etməsi ilə əlaqədar, onun adına olan Buzovna qəsəbəsi, R.İmanov küçəsi, məhəllə 23, 3 nömrəli evin, 25 nömrəli mənzilinin kirayə müqaviləsinin qızı vət. X4 adına keçirilməsi haqqında” 20 №-li, xx.xx.2018-ci il tarixli sərəncam verilərkən və həmin sərəncam əsasında xx.xx.2018-ci il tarixdə ünvan 1 dair mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2828 nömrəli reyestr kitabının 263761 nömrəli vərəqində X4 adına qeydə alınarkən hazırki iş üzrə iddiaçılar olan xx.xx.2001-ci il təvəllüdlü və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 və İddiaçı1 18 yaşları tamam olmadığından onların razılıq verməsi qanunda nəzərdə tutulmamışdır. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar