Məhkəmə qərarları › İş №e-2-1(112)-1286/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1286/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1286/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Fərulla oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaş pasportunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıya ümumvətəndaş pasportunun verilməsindən imtina barədə 20 aprel 2023-cü il tarixli məktubu (imtinası) qanunsuz hesab edilərək onun üzərinə iddiaçıya ümumvətəndaş pasportunun verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 "xxxx" ASC-nin nümayəndəsi olduğu müddətdə, eləcə də, Dubay şəhərində yerləşən, həmin vaxtlar səhmdarı olduğu “BAC Services JLT” tərəfindən “United textil” və “United Steel” zavodların layihələndirilməsi, tikintisi, avadanlıqların alınması, zavodların işə salınması və s. işlərin həyata keçirilməsi üçün bank rəhbərliyinin birbaşa göstərişi ilə götürdüyü kredit üzrə “BAC Services JLT” şirkətinin dövlətə 21.077.037 ABŞ dolları məbləğdə kredit borcu olduğu, borc qalmış pul vəsaiti vaxtında qaytarılmadığı üçün ibtidai istintaqın göstərdiyi əsaslar üzrə AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə iddiaçı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2015-ci il tarixdə ********* №-li cinayət işi başlanmış və ittiham elan olunmuşdur. xx.xx.2015-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilmişdir. 1 (bir) ildən artıq həbsxanada saxlandıqdan sonra saxlama müddəti bitdiyi üçün xx.xx.2016-cı il tarixdə seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənərək sərbəst buraxılmışdır. İddiaçı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması öz təsdiqini tapmadığından İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. İddiaçı ümumvətəndaş pasportu almaq üçün müvafiq quruma müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 20 aprel 2023cü il tarixi məktubda iddiaçıya ümumvətəndaş pasportu verilməsindən imtina edilmiş və qeyd olunmuşdur ki, iddiaçı barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2016-cı il tarixdə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Səbail Rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2,179.3.1.2, 193.1.3.1, 221.3.2.2, 308.2 maddələri ilə cinayət işi başlanmışvə nəticəsi barədə məlumat olmadığı üçün ümumvətəndaş pasportu ilə təmin edilməyi mümkün olmamışdir. İddiaçı hesab edir ki, həmin cavab (imtina) qanunsuzdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2016-cı il tarixdə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Səbail Rayonu üzrə şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 179.3.1.2, 193.1.3.1, 221.3.2.2, 308.2 maddələri ilə cinayət işi başlanmış və nəticəsi barədə məlumat olmadığı üçün iddiaçının ümumvətəndaş pasportu ilə təmin edilməyi mümkün olmamışdır. İmtina üçün əsas olan səbəb aradan qaldırıldıqdan sonra və iddiaçı yenidən müraciət etdiyi təqdirdə vəsatətinə baxılacağı bildirilmişdir.

4. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 4(005)-475/2016 nömrəli Qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun təqdimatı təmin edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri ləğv edilmiş və İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur.

5. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)-36/2023 nömrəli Qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması öz təsdiqini tapmadığından İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki, İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən getmək hüququna dair məhdudiyyətin qoyulması ilə bağlı hər hansı qərarın qəbul edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunan məktubdan aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə heç bir məhdudiyyət qoyulmamışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı ümumvətəndaş pasportu almaq üçün xx.xx.2023-cü il tarixdə ASAN-1 xidmət mərkəzinə müraciət etmişdir. Lakin, barəsində olan BMCMİ-nin tərəfindən AR CM-nin 178.3.2, 179.31.2, 193-1.3. 1.2213.2 .2 , 308.2 cinayət işi içraatda olduğu üçün vəsatətin qəbulundan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsinin 9.3.4 bəndinə əsasən üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şəxs şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Yuxarıda göstərilənləri nəzərə alaraq təyin olunmuş məhkəməyə hazırlıq iclasının, eləcə də məhkəmə baxışının və sonrakı proseslərin cavabdehin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçıya ünvanlanan məktuba əsasən X2 Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.

8. Daxili İşlər Nazirliyinin Məhkumluq barədə Arayışların Verilməsi üzrə Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1966-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83 və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.

9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinə ünvanlanan tələbnaməyə cavab olaraq ünvanlanan məktubda qeyd olunmuşdur ki, cinayət işi hal-hazırda icraatdadır. Soyadı - Hüseynov Adı - Adil Atasının adı – Fətulla Təvəllüdü – xx.xx.1966 Anadan olduğu yer - Azərbaycan, Bakı Şəxsiyyəti təsdiqləyən sənəd -00017292 Fin - xxxxxxx Daktoformula - 32 89596 / 20 79777 Qan qrupu – B(İİİ) Vətəndaşlığı - Azərbaycan Yaşadığı yer - Azərbaycan, Bakı, Səbail ray, Azərbaycan pr, ev 24, m 24 İş yeri - İşsiz Həbs olunma tarixi - xx-xx-2015 Kim tərəfindən həb edilib - DİN BMCMİ İŞ Cinayətin tövsüfü - Dələduzluq CM-in maddələri - 178.3.2 Materialın nömrəsi - 221900611 Kim tərəfindən məhkum edilib - Nərimanov R-N Məhk. Hökmün tarixi – xx.xx.2016

10. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı təqsirləndirilməsi ilə bağlı hər hansı bir cinayət işi və ya material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına İddiaçı barəsində cinayət işi daxil olmamışdır.

12. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

13. Cavabdeh təyin olunmuş məhkəməyə hazırlıq iclasının, eləcə də məhkəmə baxışının və sonrakı proseslərin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə 3.0.4-cü maddəsinə əsasən pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəddir.

18. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunundan: 4.Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir...

8. Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir...

9. ...Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır... Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsindən: 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

20. Cavabdeh orqan iddiaçıya ümumvətəndaş pasportunun verilməsindən imtina edilməsinin əsası olaraq “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək bildirmişdir ki, vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Cavabdeh orqan qeyd etmişdir ki, vətəndaş İddiaçı barəsində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən AR CM-nin 178.3.2, 179.3.1.2, 193-1.3. 1.2213.2 .2 , 308.2, 309.2 maddələri ilə cinayət işi aparıldığından ümümvətəndaş pasportu alınması ilə bağlı vəsatətin qəbulundan imtina edilmişdir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cinayət məsuliyyətinə cəlbetmə/məhkumluq haqqında məlumatlarda İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə həbs olunduğu, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2016-cı il tarixli hökm qəbul olunduğu və cinayət işinin hal-hazırda icraatda olduğu bildirilmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 4(005)-475/2016 nömrəli Qərarı ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri ləğv edilmiş və İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Məhkəmə tərəfindən ünvanlanan sorğulara cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən vətəndaş İddiaçı təqsirləndirilməsi ilə bağlı hər hansı bir cinayət işi və ya materialın Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmadığı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı barəsində cinayət işi daxil olmadığı bildirilmişdir. Daxili İşlər Nazirliyinin Məhkumluq barədə Arayışların Verilməsi üzrə Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1966-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğunun olmadığı qeyd olunmuşdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaş İddiaçı (FİN xxxxxxx) barəsində aparılan cinayət işi üzrə istintaqın nəticəsi barədə, eləcə də polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə sorğular göndərilsə də, həmin sorğulara cavab verilməmişdir.

23. Məhkəmə eyni zamanda nəzərə alır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)-36/2023 nömrəli Qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması öz təsdiqini tapmadığından İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki, İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən getmək hüququna dair məhdudiyyətin qoyulması ilə bağlı hər hansı qərarın qəbul edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunan məktubdan aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə heç bir məhdudiyyət qoyulmamışdır.

24. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, hazırda İddiaçı barəsində hər hansı cinayət işi üzrə seçilmiş qətimkan tədbiri barədə məlumat mövcud deyil, İddiaçı məhkumluğu yoxdur və iddiaçının Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə heç bir məhdudiyyət qoyulmamışdır.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının sərbəst hərəkət etmə azadlığına qoyulan məhdudiyyət kimi qiymətləndirilməlidir.

26. X5 Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

27. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının hərəkət etmə azadlığına məhdudiyyətin qoyulması üçün Konvensiyada qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir, odur ki, iddiaçıya ümumvətəndaş pasportu verməməklə həmin hüququn həyata keçirilməsinə qoyulmuş məhdudiyyət qanuni hesab edilə bilməz.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı ümumvətəndaş pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar