Məhkəmə qərarları › İş №e-2-1(112)-1286/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1286/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1286/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişlərinin geri qaytarılması və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı gömrük ödənişlərinin geri qaytarılması və s barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın məzmunu onunla əlaqədardır ki, İndoneziyadan Azərbaycan Respublikasına idxal olunmuş ümumi dəyəri 25721,60 ABŞ dolları olan 17680 kiloqram netto çəkidə qəlyan üçün kömür yükünün 14 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda bəyan edildiyini, brutto çəkisi 20519, netto çəkisi isə 17680 kiloqram təşkil edən qəlyan üçün kömürlərin ümumilikdə 12000, 3000 və 268 ədəd olmaqla hər birinin 10 kiloqram olan 1768 ədəd karton qutularda qablaşdırıldığını və düzgün bəyan edildiyini iddiaçı bildirmiş, gömrük orqanı tərəfindən 2333 kiloqram netto çəkinin artıq olması barədə yanlış nəticəyə gəlindiyini bildirmişdir. Malın gömrük dəyərində 15864,40 manat məbləğində heç bir qanuna əsaslanmayan uyğunsuzluğa istinadən bildiriş təqdim edilmiş, ehtiyat üsulla hesablama aparılmışdır. 17 sentyabr 2024-cü il tarixdə dəqiqləşmə verilmişdir. Sonradan 30 sentyabr 2024-cü il tarixdə növbəti dəqiqləşmə verilmişdir. Məhkəmə tərəfindən AR İPM-nin 13 və 48-ci maddələrinin tələbləri baxımından hüquqi yardıma uyğun olaraq sonradan 24 aprel 2025-ci il tarixdə cavabdehin əvəz edilməsi barədə ərizə və 28 aprel 2025-ci il tarixli iddia tələbinin dəqiqləşmə ərizəsi təqdim edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, 3862,39 manat məbləğində ödənişlərin geri qaytarılması üçün rəy tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və 1000 manat məbləğində xərcin iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi formasında iddia tələbinə qəbul edilmş, İdarənin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Etirazda qeyd edilir ki, “Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının Metodologiyası”nın 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan çəki başa düşülür. 14 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə münasibətdə sözügedən ilkin qablaşdırma qutuları, yəni malların ayrılmaz hissəsi olan qablaşdırılması yanlış olaraq onların netto çəkisi qismində nəzərə alınmamış və müvafiq qanunvericilik normalarının tələbi gözlənilməmişdir. 57,2 qram rəy üzrə fərqin qutunun çəkisi olduğu aydın görünür. Həmin qutular istehlak üçün ayrılmaz tərkib hissədir. Mallar satışa qutularda hazır formada satışa təqdim edilir. İstinad edilən metodologiya BMT-nin Statistika Komissiyasının materialları əsasında hazırlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə işin materiallarını araşdıraraq iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İş materiallarında olan: İddiaçı Komitəyə ünvanladığı 22 fevral 2024-cü il tarixli ərizədə qeyd edir ki, malların brutto çəkisinin həqiqətən 20519 kq olduğu qənaətinə gəlinsə də, malın netto çəkisində hesablama düzgün aparılmamış, 2333 kiloqram netto çəkinin artıq olduğu qənaətinə gəlinmişdir. Halbuki, malların daşınması və qablaşdırılması üçün tara qismində nəzərdə tutulan karton qutuların boş çəkiləri nəzərə alınmamış, nəticədə malların netto çəkisi gömrük əməkdaşı tərəfindən suni surətdə şişirdilmişdir. Daxilində kömür olan 15000 ədəd kiçik həcmli 1 kiloqramlıq qutular ümumi olaraq 1500 ədəd iri həcmli master box karton qutularına yığılmış, 2680 ədəd kiçik həcmli 1 kiloqramlıq ikiqat poletilen bağlamalar isə 268 ədəd iri həcmli karton qutulara qablaşdırılmışdır. İnvoys sənədində qeyd edilir ki, netto çəki 20519 kq, brutto çəki 17680 kq-dır. Gömrük dəyərinə düzəliş edilməsi barədə bildirişdən görünür ki, 15864,40 manat məbləğində uyğunsuzluğun aşkar edilməsinə istinad edilməklə gömrük dəyərinin düzgünlüyünün müəyyən edilməsi təklif edilmişdir. Dövlət Gömrük Komitəsinin 14 mart 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən bildiriş sənədi 20 fevral 2024-cü il tarixdə təsdiq edilmiş və gömrük bəyannaməsi rəsmiləşmə üçün təqdim edilmişdir. 26 aprel 2024-cü il tarixli məktubda qeyd edilir ki, 6-cı üsul tətbiq edilmişdir, 1-ci üsul rəsmi İndoneziyanın ixrac statistikasının Azərbaycan Respublikası rəsmi statistik rəqəmləri ilə kəskin fərqlənməsi nəticəsində yaranmış risk faktorları, 2,3,4 və 5-ci üsulların tətbiqindən imtinaya səbəb, platinium markalı və keyfiyyətli malın bu günə qədər idxal faktının aşkar edilməməsi olmuşdur Ekspert rəyində qeyd edilir ki, invoys sənədində ümumi brutto çəki 20519 kq, netto çəki 17680 kq göstərilmişdir. 1 kq kütləyə malik olduğu göstərilən, karton qutuya qablaşdırılmış vəziyyətdə olan qəlyan üçün kömürün 1 ədədinin brutto (qablaşdırma ilə birgə) çəkisi 1050,8 qram, qablaşdırmasız, yəni netto çəkisinin (xalis çəkisi) 993,6 qram təşkil etdiyi nəzərə alındıqda 1500 ədəd karton qutudakı qəlyan üçün kömürlərin brutto çəkisi 1576,2 kq, netto çəki 1490,4 kq-dır. Karton qutu içərisində olan 10 ədəd qəlyan üçün kömürlərin brutto çəkisi 10,9062 kq, içərəsində olan 10 ədəd kömürün ümumi brutto çəkisi 10,6364 kq, netto çəki 10,12204 kq-dır. Komitənin 17 iyun 2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının Metodologiyası”nın 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan çəki başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin: 65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə malın netto çəkisinin müəyyən edilməsi və gömrük rəsmiləşdirilməsinin aparılmasına təsiri ilə əlaqədardır. İş materiallarından da göründüyü kimi brutto çəki, yəni qablaşdırma ilə birgə çəki ilə mübahisə predmeti olmamaqla, fərqli mövqe netto çəkinin gömrük məqsədləri baxımından fərqli dəyərləndirilib-dəyərləndirilməməsi ilə əlaqədardır. Belə ki, iddiaçı qəlyan kömürünün netto çəkisinin müəyyən edilməsi zamanı iş materialında fotoşəkili olan və məhkəmə iclasında da baxışı həyata keçirilən 1 kq qutuda olan qəlyan kömürünün qiymətləndirilməsi zamanı həmin qutunun netto çəkidə nəzərə alınmalı olmadığını iddia edir. Cavabdeh isə həmin qutunun malın ayrılmaz tərkib hissəsi olmasına istinadən həmin qutunun da malın netto çəkidə olmalı olmasında iddialıdır ki, məhkəmə hesab edir ki, gömrük məqsədləri baxımından həmin mövqe qanuni və əsaslı hesab edilməlidir. Belə ki, malın gömrük rəsmiləşdirilməsinin predmeti olması baxımından, həmin malın çəkisinin adi qaydada yox, məhz rəsmiləşdirmə üçün zəruri olan netto çəkisinin müəyyən edilməsi gömrük dəyərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Aydın məsələdir ki, malın invoys sənədində faktiki, yəni heç bir qablaşdırma olmayan xalis çəkisi göstərilmişdir ki, lakin həmin hal gömrük orqanının da beynəlxalq təcrübədən irəli gələn gömrük dəyərinin müəyyən edilməsi baxımından netto çəkinin malın ayrılmaz tərkib hissəsi olan qabının da nəzərə alınmaqla hesablamasını istisna etmir. Nəzərə alınmalıdır ki, ölkə ərazisinə daxil olan siqaret, şüşə qablarda içki, dərman vasitələri, çay kimi malların gömrük dəyəri müəyyən edilərkən, siqaretin qutusununun, içkinin şüşəsinin, dərmanın qutusu və çayın paketinin nəzərə alınmadan təkcə siqaret dənələrinin özü, maye halında içki, çay qarası və ya ədəd olaraq dərmanın özünün qiymətləndirmə baxımından netto çəkisinin hesablanmasından söhbət gedə bilməz. İddiaçının mövqeyi ilə hazırkı halda gömrük rəsmiləşdirilməsi zamanı ölkə ərazisinə gətirilən içkidə ancaq maye hissə, çay paketində çayın qarası, siqaret qutusunda, siqaret dənəsi, dərman qutusunda ədəd dərmanın xalis çəkisi müəyyən edilməli və həmin çəkiyə əsasən gömrük dəyəri müəyyən edilməlidir ki, göstərilən növ gömrük dəyərinin hesablama qaydası nə daxili, nə də beynəlxalq qanunvericilikdə və təcrübədə mövcud olmamışdır. Eləcə də, netto çəkinin gömrük məqsədləri baxımından hesablanması zamanı da malın satışı üçün nəzərdə tutulmuş qutudan çıxarılmaqla qara kömürün ayrıca netto çəkisinin hesablanmasından da söhbət gedə bilməz. Yuxarıda göstərilən məhsullarda olduğu kimi malın xüsusiyyətlərinin tətqiqi nəticəsində müəyyən edilir ki, cavabdeh tərəfindən haqlı olaraq 1 kq ölçüdə kvadrat formalı qara kömürlərin yerləşdirildiyi qablaşdırma da netto çəkidə nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, gömrük dəyərinin müəyyən edilməsi baxımından netto çəki ilə ekspert rəyində qeyd edilən netto çəki arasında hər hansı ziddiyyət və ya əlaqəlilik mövcud deyildir. Ekspertin dindirilməsi zamanı da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xalis çəkinin müəyyən edilməsi gömrük məqsədləri baxımından yox, məhz malın özünün qabsız yoxlanılması ilə əlaqədar olmuşdur ki, çəki fərqi də məhz göstərilən məqsədlə qiymətləndirmə baxımıdan irəli gəlir. Başqa sözlə ekspert xalis çəki müəyyən edərkən qablaşdırmanı nəzərə almamış, kömürün özünün çəkisini müəyyən etmişdir. Gömrük orqanının imtina dəlilində qeyd edilir ki, “Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının Metodologiyası”nın 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan çəki başa düşülür. Qeyd olunmalıdır ki, həmin Metodologiya normativ hüquqi akt xarakterli olmasa da, normanın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması mümkün olsa da, adıçəkilən 13.4-cü bəndinə qanunvericiliklə hər hansı uyğunsuzluğu aşkar edilmir. Məhkəmə də hesab edir ki, malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan çəki başa düşülür. Metodologiyada istinad edilən Məcəllənin 317-ci maddəsinin tələbindən də göründüyü kimi Gömrük orqanları Azərbaycan Respublikasında xarici ticarətin cari vəziyyətini, dinamikasını, inkişaf meyllərini və perspektivlərini təhlil etmək, gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək məqsədi ilə malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların toplanması, təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar. Xarici ticarətin gömrük statistikası bu Məcəlləyə və rəsmi statistika haqqında qanunvericiliyə uyğun olaraq, xarici ticarət əlaqələri barədə məlumatların müqayisəliliyini təmin edən metodologiya əsasında aparılmalıdır. Məcəllənin 318-ci maddəsinin tələbindən görünür ki, Gömrük orqanları öz səlahiyyətlərini həyata keçirməsini təmin etmək məqsədilə xüsusi gömrük statistikasını aparırlar. Xüsusi gömrük statistikasının məlumatları gömrük orqanları tərəfindən yalnız gömrük məqsədləri üçün istifadə olunur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin müddəaların tələbləri gözlənilməklə malın netto çəkisinin müəyyən edilməsinə dair qayda gömrük siyasətini həyata keçirən qurum tərəfindən Gömrük Məcəlləsinin tələblərinə zidd olmadan hazırkı iş üzrə də tətbiq edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən, imtina dəlili kimi, həmçinin qeyd edilir ki, Kyoto Konvensiyasının rəsmiləşmə və digər gömrük qaydalarına dair ümumi təlimatlar adlı sənədin 1 saylı əlavəsində brutto çəkiyə verilən anlayışa əsasən brutto çəki dedikdə daşınma və digər yükdaşıma məqsədləri üçün çəki nəzərdə tutulur. İri sarı rəngli karton qutular malların daşınma və nəql edilməsi məqsədi daşıdığından brutto çəkiyə, kiçik karton qutular isə istehlaka qədər malların ayrılmas hissəsi olub üzərində istehlakçılar üçün mal barəsində zəruri məlumatların olması nəzərə alınaraq netto çəkiyə daxil edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən Mal adlarının və kodlarının uyğunlaşdırılması sistemi üzrə beynəlxalq konvensiyanın harmonikləşmiş sistemin şərhinə dair 6 əsas ümumi qaydadan 5-cisinə istinadən qeyd edilir ki, qablaşdırma 2 növdə olur, birinci daşınma məqsədi nəzərdə tutan xarici qablaşdırma, ikinci malın bir hissəsi olub onunla birlikdə satışa təqdim edilən qablaşdırma Malların istehlakına qədər ayrılmaz tərkib hissəsi olan qablaşdırmalar əsas malın özü ilə birlikdə təsnifləşdirilir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən konkret faktiki şərtlərin mövcudluğunu sübut etmək cavabdehin vəzifəsidir. Məhkəmə də hesab edir ki, həmin sübutetmə cavabdeh tərəfindən yuxarıda istinad edilən beynəlxalq təcrübə nəzərə alınmaqla da realizə edilmişdir. İstinad olunan əlavədə də qeyd edildiyi kimi brutto çəki dedikdə daşınma və digər yükdaşıma məqsədləri üçün çəki nəzərdə tutulursa, netto çəki dedikdə də həmin daşıma məqsədi qablaşdırma istisna edilirsə, davamı kimi də malın ayrılmaz tərkib hissəsi olan, satış üçün qəlyan kömürün özü ilə birlikdə olan qablaşdırma da həmin tələblər baxımından netto çəkidə nəzərə alınmalıdır. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hazırkı inzibati mübahisə mövcud məhkəmə təcrübəsində çoxluq təşkil edən sövdələşmə qiymətinin nəzərə alınmalı olmasına dair mübahisələrdən də fərqlənir. Belə ki, hazırkı halda hesablama zamanı invoysda olan qiymətlər nəzərə alınmışdır, lakin malın bəyan edilmə qaydaları baxımından çəki ilə qiymətləndirmə üsulu hazırkı mala tətbiq edildiyindən, malın çəkisinə uyğun olaraq qiymət müəyyən edilməsi zərurəti yaranmışdır ki, artıq çəkiyə münasibətdə də müəyyən edilən məbləğ invoysdakı qiymət əsasında hesablanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı məhz netto çəkinin iddia edilən qaydada hesablanmalı olması və onun tətbiqini tələb etmişdir ki, məhkəmə hesab edir ki, həmin tələb əsassızdır. Göründüyü kimi gömrük rəsmiləşdirilməsi qanuni və əsaslı olaraq həyata keçirilmişdir ki, gömrük ödənişlərinin geri qaytarılmasına dair iddianın təmini istisna edilir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin rəsmiləşdirmə ilə bağlı hər hansı pozuntu halı aşkar edilmədiyindən iddianın digər xərcin tutulması hissəsində də qanuni və əsaslılığından söhbət gedə bilməz. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Odur ki, 100 manat ekpsertizanın keçirilməsinə dair xərcin ödənilməsi iddia rədd edilməsi nəzərə alınmaqla iddiaçıya həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar