Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12888/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və bağ evinə dair çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı torpaq sahəsinə və bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı bağ evi X4nun mülkiyyətində olmuşdur. 11 iyun 1997-ci il tarixdə X4 notariat qaydasında təsdiq edilən vəsiyyətnamə yazaraq həmin bağ evini ona vəsiyyət etmişdir. X4 24 may 1998-ci il tarixdə vəfat etmişdir. 18 aprel 2002ci il tarixdə Bakı şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum atasından miras qalmış şəhadətnamədə qeyd edilən digər əmlaklar kimi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı bağ evi də, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat vəsiqəsi) verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş çıxarış (qeydiyyat vəsiqəsi) itdiyindən həmin bağ evinə dair yeni (dublikat) çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir . Lakin, sözügedən daşınmaz əmlaka dair çıxarış verilməsindən həmin daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 021-25688-1212 saylı xx.xx.2012-ci il tarixli məktubu əsasında müvəqqəti məhdudiyyətin qoyulduğu əsası ilə imtina edilmiş, bu barədə ünvanına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********11 saylı, xx.xx.2020-ci il tarixli «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» Bildiriş göndərilmişdir. Onunla «A.İ.M.» Vəkil Bürosu arasında bağlanmış müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 31 yanvar 2020-ci il tarixli və 08 iyul 2021-ci il tarixli sorğular göndərilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı torpaq sahəsinin və bağ evinin üzərinə müvəqqəti məhdudiyyətin qoyulması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 021-25688-1212 saylı xx.xx.2012-ci il tarixli məktubunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi üçün mövcud olmuş əsas, hazırda həmin əsasın aradan qalxıb-qalxmaması, habelə həmin məktub əsasında qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi üçün hazırda əsasların yaranıb-yaranmaması ilə bağlı məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən sorğulara cavab verilməmiş, lakin məsələni araşdıran əməkdaşlarla telefon danışıqları zamanı Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı torpaq sahəsinə və bağ evinə məhdudiyyət qoyulması üçün hər hansı əsasın mövcud olduğunun aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan sonra o, cavabdehə təkrar müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatı ilə bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli **********52 saylı məktubu ilə sözügedən daşınmaz əmlak üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 021-25688-1212 saylı xx.xx.2012-ci il tarixli məktubu əsasında müvəqqəti məhdudiyyət qoyulduğunu, məhdudiyyətin götürülməsi ilə bağlı məktub idarəyə daxil olacağı təqdirdə müraciətində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacığını bildirərək Bakı şəhəri. Sabunçu rayonu. Bilgəh qəsəbəsi. 10232 sahədə yerləşən 112 saylı bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Hesab edir ki, mərhum atasından ona miras qalmış sözügedən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğundan və həmin bağ evinə məhdudiyyət qoyulması üçün hər hansı əsasın mövcud olduğu aşkar edilmədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı torpaq sahəsinə və bağ evinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 021-25688-1212 saylı, xx.xx.2012-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********11 saylı, xx.xx.2020-ci il tarixli, **********11 saylı, xx.xx.2022-ci il tarixli, **********52 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********11 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının nümayəndəsinə bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən daşınmaz əmlak üzərinə müvəqqəti məhdudiyyətin qoyulması barədə Azərbaycan Respublikası DİN-in 021-25688-1212 saylı, xx.xx.2012-ci il tarixli məktubu daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubdan görünür ki, qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 021-25688-1212 saylı, xx.xx.2012-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Belə ki, müvafiq qurum tərəfindən məhdudiyyətin götürülməsi ilə bağlı məktub İdarəyə daxil olacağı təqdirdə müraciətində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Bakı İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bilgəh qəsəbəsi, 10232 sahəsində 112 saylı bağ sahəsi X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 61 saylı reyestr kitabının, 59-cu səhifəsinəd, xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 039-21537-1219 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 nömrəli bağ evinə verilmiş çıxarışın (qeydiyyat vəsiqəsi) tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********35 nömrəli və xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubla təqdim edilmiş sənədlərin surətlərindən müəyyən edilmişdir ki: - Bağın İcarəyə verilməsi haqqında 10232 nömrəli, 03 iyul 1995-ci il tarixli müqavilənin surətindən görünür ki, X12 ilə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, Bilgəh qəsəbəsində 0,12 ha bağ sahəsi, sahəsi 19,2 kv.m olan 2 otaqdan ibarət bina X8 istifadəsinə verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 18 aprel 2002-ci il tarixli şəhadətnaməyə əsasən 24 may 1998-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında yaşayan həyat yoldaşı X6 4/1 hissəyə məcburi pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 31 oktyabr 1990-cı il tarixli, 04 saylı kit. Səh 569. 30/569 reyestrli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, ev 22, mənzil 34-də yerləşən yaşayış sahəsi, 55,92 kv.m ibarət olan 4 otaqlı mənzil, Bakı ş. Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 61 saylı kit., səh., 59, 59 reyestrli qeydiyyat vəsiqəsinə əsasən Bilgəh qəəsbəsi, 10232 sahədə yerləşən 112 nömrəli bağ və Bakı ş. Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 873 saylı kit., səh 131175, 30/1680 reyestrli qeydiyyat vəsiqəsinə əsasən BƏK qəs, ev 2, mənzil 12-də yerləşən yaşayış sahəsi 36.0 kv.m-dən ibarət olan iki otaqlı mənzil. - Qanun üzrə vərəsəlik hüququ haqqında 18 aprel 2002-ci il tarixli şəhadətnaməyə əsasən 24 may 1998-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında yaşayan oğlu X9 4/3 hissəyə məcburi pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 31 oktyabr 1990-cı il tarixli, 04 saylı kit. Səh 569. 30/569 reyestrli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, ev 22, mənzil 34-də yerləşən yaşayış sahəsi, 55,92 kv.m ibarət olan 4 otaqlı mənzil, Bakı ş. Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 61 saylı kit., səh., 59, 59 reyestrli qeydiyyat vəsiqəsinə əsasən Bilgəh qəəsbəsi, 10232 sahədə yerləşən 112 nömrəli bağ və Bakı ş. Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 873 saylı kit., səh 131175, 30/1680 reyestrli qeydiyyat vəsiqəsinə əsasən BƏK qəs, ev 2, mənzil 12-də yerləşən yaşayış sahəsi 36.0 kv.m-dən ibarət olan iki otaqlı mənzil. - 18 aprel 2002-ci il tarixli Bakı şəhəri 38 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X6 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 61 saylı kit., səh 59, 59 reyestrli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, 10232 sahədə yerləşən 112 saylı bağın 4/1 hissəsini oğlu İddiaçı bağışlamış, İddiaçı isə bağışlanan bağı qəbul etmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 112 saylı bağ evinə verilmiş qeydiyyat vəsiqəsinin surəti arxiv qovluğunda saxlanılmamışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubla təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 021- 25688-1212 saylı, xx.xx.2012-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavininə müraciət edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində aparılan araşdırma materialları ilə əlaqədar olaraq 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami küçəsi, ev 103, mənzil 16 və 17-də pasport qeydiyyatında olan X7, həmin ünvanda pasport qeydiyyatında olan 1953-cü ildə anadan olmuş X2, 1953-cü ildə Şəmkir rayonunda anadan olmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olan İddiaçı və 1985-ci ildə RF-nin Moskva şəhərində anadan olmuş, Bakı şəhəri, Z.Tağıyev küçəsi, ev 2, mənzil 26-da pasport qeydiyyatında olan X3 adlarına daşınmaz əmlakların qeydiyyata alınıb-alınmaması barədə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu müraciətinə cavabdeh tərəfindən 02 sentyabr 2022-ci il tarixli, **********52 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 saylı sahədə yerləşən 112 saylı saylı bağ sahəsi mülkiyyət hüququ ilə iddiaçının mərhum atasına məxsus olmuşdur. İddiaçının atası öldükdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və anası ilə arasında bağlanmış bağışlama müqaviləsinə əsasən sözügedən bağ sahəsi iddiaçıya məxsus olmuşdur və bu barədə müvafiq təsdiqedici sənədlər cavabdeh İdarənin arxivində mövcuddur. İddiaçı ona məxsus bağ evinə verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət etmiş, lakin, sonuncu tərəfindən Büroya məlumat daxil olmadığı bildirilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi sözügedən daşınma əmlak üzərinə müvəqqəti məhdudiyyətin qoyulması barədə Azərbaycan Respublikası DİN-in 021-25688-1212 saylı, xx.xx.2012-ci il tarixli məktubunun daxil olmasına istinad edilsə də, məhkəmə araşdırması zamanı sözügedən məktubun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sonuncu tərəfindən təqdim edilmiş həmin məktubun məzmunundan müəyyən edilmişdir ki, həmin məktubla iddiaçıya məxsus əmlakların üzərinə hər-hansı bir məhdudiyyət qoyulması xahiş edilməmiş, sadəcə iddiaçının adına daşınmaz əmlakların qeydiyyata alınıb-alınmamsı barədə məlumat verilməsi xahiş edilmişdir. Bu xüsusat isə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina olunması üçün əsas kimi çıxış edə bilməz. Bu səbəbdən də, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10232 saylı sahədə yerləşən 112 saylı 0.12 ha torpaq sahəsinə və bağ evinə dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-12888/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12888/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver