Məhkəmə qərarları › İş №e-2-1(112)-12892/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12892/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12892/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş və xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş "Müəssisə və obyektin" Texniki Pasportuna əsasən, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanındakı qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur, tikinti altı sahə 991,9 kv.m, faktiki topraq sahəsi 2558 kv.m.-dir. İddiaçı, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi, FHN X3 İdarəsinin nümayəndəsi və Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktrou tərəfindən “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda” Qəbul Komissiyasının Aktı tərtib edilmişdir. Həmin aktdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 unvanındakı şadlıq evi və ofis tikintisi üçün iddiaçıya torpaq sahəsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departmaneti tərəfindən ayrılmış (Şəhadətnamə № 003295, xx.xx.2004-cü il), obyektin tikinti işlərinin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdrəsi tərəfindən tərtib edilərək təsdiq edilımmiş, tikinti-quraşdırma işlərinin aparılmasına icazə Bakı şəhər İcra Hakimiyyəti başçısının 471 № li, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə icazə verilmişdir. Tikilinin ümumi sahəsi 11745 kv.m., torpaq sahəsinin ölçüsü 2580 kv.m. göstərilmişdir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün “Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 fevral tarixli 1255 nömrəli Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, həmçinin Bakı şəhərində yeni körpülərin, yeraltı və yerüstü keçidlərin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində aparılan işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2930 nömrəli Sərəncamı ilə "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə “Tədbirlər Planı" təsdiq edilmiş, həmin tədbirlər planında Bakı şəhərinin Heydər Əliyev və Babək prospektlərində yolların genişləndirilməsi və müxtəlif yol qovşaqlarının yenidən qurulmasının 2011-2013-cü illər icra olunması və icraçısının Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi göstərilmişdir." Bakı şəhər icra Hakimiyyəti başçısının «ünvan 2 ünvanlarının kəsişməsində olan ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi barədə» xx.xx.2012-ci il tarixli 182 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanlarının kəsişməsində olan ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin “Torpaqların dövlət ehtiyacları üçün ayrılması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hər kvadratmetr üçün 1250 manat məbləğində, həmin qanuna müvafiq olaraq ümumi dəyərin 20 faizi miqdarında kompensasiya verilməklə, ümumilikdə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 1500 manat məbləğində vəsait ödənilməklə vətəndaşlarla notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında köçürülmə işləri həyata keçirilməsi və həmin ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi qərara alınmışdır. "xxxx" ASC-nin "Yolun tikintisi altına düşən maneələrin köçürülməsi layihəsi" işçi qrupunun iddiaçıya ünvanlanmış xx.xx.2012-ci il tarixli bildirişində "Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi" ilə əlaqədar iddiaçıya məxsus ofis binasının yolun tikintisi altına düşdüyü bildirilmişdir. 12 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanında yerləşən, iddiaçıya məçxsus ümumi sahəsi 4043 kv.m oplan qeyri-yaşayış sahəsinin 815,6 kv.m hissəsi dövlət ehtiyacları üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən alınmış və qeyri-yaşayış sahəsinin həmin hissəsinin dəyəri olaraq iddiaçıya 1,223,400 manat kompensasiya ödənilmişdir. İddiaçı qeyri yaşayış sahəsinin qalan hissəsi, yəni 3227,4 kv.m. hissəsinin yeni inşa edilmiş avtomobil yolunun ərazisinə düşdüyünə görə həmin sahə üçün ona kompensasiya ödənilməsi barədə iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1666/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, "Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində müxtəlif yol qovşağının tikintisi layihəsi" ilə bağlı tikinti altına düşən, iddiaçıya məxsus, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 19 ünvanında yerləşən, ümumi sahəsi 4043 kv.m. olan qeyri-yaşayış sahəsinin 3228 kv.m. hissəsinin dövlət ehtiyacları məqsədilə alındığına görə iddiaçıya qeyri-yaşayış sahəsinin hər 1 kv.m. üçün 300 manat olmaqla, cəmi 968400 manat kompensasiya məbləğinin cavabdeh "xxxx" ASCdən tutulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin Qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli məktubla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə müraciət etmiş və 15 gün müddətində, ya 1566,1 kv.m. torpaq sahəsini istifadəsinə qaytarılmasını və ya həmin ölçüdə digər ərazidə torpaq sahəsini istifadəsinə verməklə kompensasiya edilməsini və yaxud həmin torpaq sahəsinə görə ******* (1566,1x3000) manat pul məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmiş və imtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş “Azəravtoyol" ASC) tərəfindən həyata keçirilmiş “Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi" layihəsi bitmişdir. Yolun tikintisi altına düşən maneə sahiblərinə kompensasiya tam ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddia edilən pozulmuş hüquqların müdafiəsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ vardır." İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 19 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınmış qeyri-yaşayış sahəsinin yerləşdiyi və iddiaçının qanuni istifadəsində olmuş 2558 kv m. torpaq sahəsinin 1566,1 (2558-991,9) kv.m hissəsinin də dövlət ehtiyacları üçün geri alındığına görə, ədalətli kompensasiya məbləğinin ******* manat müəyyən edilməklə, həmin məbləğin cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni istifadəsində olan faktiki torpaq sahəsi 2558 kv.m. olsa da, sırf avtomobil yolunun inşasına düşən hissə tikili altında olan 991,9 kv.m. torpaq sahəsi mübahisə predmeti olmuş olmuş və həmin hissədə iddia tələbi irəli sürülmüşdür. Torpaq sahəsinin qalan 1566,1 (2558-991,9) kv.m. hissəsi avtomobil yolunun mühafizə zolağına düşdüyündən, həmin hissədə iddia tələbi irəli sürülməmişdir ona görə ki, bütün işlər tam olaraq qurtardıqdan sonra cavabdehin vəzifəli şəxsləri həmin torpaq sahəsini iddiaçının istifadəsinə qaytarmalı idilər. Yəni, avtomobil yolunun inşası başa çatdıqdan və ərazidə aparılan tikinti işləri tam olaraq qurtardıqdan sonra, qalan 1566,1 (2558-991,9) kv.m. torpaq sahəsi iddiaçının istifadəsinə verilməli idi. İddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 2558 kv.m. olması faktı qeyri-yaşayış sahəsinin Texniki Pasportu ilə tam sübut olunur. Həmin torpaq sahəsi avtomobil yolunun mühafizə zolağına düşdüyündən həmin dövrdən hal-hazıradək müxtəlif vaxtlarda və mütəmadi olaraq 1566,1 kv.m. torpaq sahəsinin qaytarılması barədə, ASC-nin bəzi vəzifəli şəxslərinə müraciətlər edilsə də, əvvəlcə yaxın vaxtlarda həmin torpaq sahəsindən istifadə edə biləcəyini, sonra isə güya başqa bir yerdə həmin ölçüdə və ərazi baxımından daha da əlverişli yerdə torpaq sahəsinin onun istifadəsinə verilməklə kompensasiya edəcəklərini bildirsələr də, hal-hazıradək heç bir əməli tədbirlər görülməmişdir. Eləcə də, qanuni istifadədə olan 1566,1 kv.m. torpaq sahəsinin dövlət ehtiyacları məqsədilə alındığına görə, nə əvvəlcədən və nə də sonradan bazar dəyərinə uyğun ödənişi aparılmamış və nədəki həmin ölçüdə torpaq sahəsi verilməklə kompensasiya edilməmişdir. Cavabdeh iddiaçıya kompensasiya ödəməkdən imtina etsə də, göstərilən məsələ ilə bağlı iddiaçının hüquqlarının pozulmasıyla dolayısı ilə razılaşmış və onun məhkəməyə müraciət etmə hüququnu izah etmişdir. Odur ki, məcbur qalıb, qanuni istifadədə olan 1566,1 kv.m. torpaq sahəsinin cavabdeh tərəfindən dövlət ehtiyacları məqsədilə alındığına görə 6 733 603 manat pul məbləğində kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. 2011-ci ildə başlanılan "xxxx" ASC-yə qarşı "qeyri-yaşayış sahəsinin qanuni istifadəsinə verilmiş torpaq sahəsinə görə kompensasiya ödənilməsi barədə" analoji məhkəmə mübahisəsi ilə bağlı bəzi sənədlərin və eləcə də, həmin məhkəmə işi üzrə qanuni qüvvədə olan və cavabdeh tərəfindən icra olunmuş Qətnamənin əldə edilməsi mümkün olmuşdur. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-iqt(81)- 2299/2012 nömrəli xx.xx.2012-ci il tarixli Qətnaməsi 17-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, "Odur ki, Məhkəmə tərəfindən araşdırma zamanı-...., ... (həmin iş üzrə iddiaçı olan fiziki şəxsin) Bakı şəhəri Nəsimi rayonu, Ə.Quliyev 9 ünvanında (yəni hazırkı məhkəmə mübahisəsində göstərilən ünvana yaxın məsafədə (qonşuluqda)) mülkiyyətində olmuş 52,2 kv.m. və 24,6 kv.m., cəmi-76,8 kv.m. qeyri-yaşayış sahəsinin yerləşdiyi və qanuni istifadəsində olmuş 550,2 kv.m. torpaq sahəsindən 350 kv.m torpaq sahəsinin 2009-cu il tarixə ümumilikdə ədalətli dəyəri 618 672 manat və 2011-ci il tarixə isə 550,2 kv.m. torpaq sahəsinin 1 kv.m.-nin bazar dəyəri 1300 manat, 20% də əlavə edildikdə 1560 manat, ümumilikdə 858312 manat təşkil etdiyi müəyyən edildi. Bakı şəhəri Nəsimi rayonu, Ə.Quliyev 9 Ünvanının, hazırkı məhkəmə mübahisəsində göstərilən ünvana yaxın məsafədə (qonşuluqda) olmasını "xxxx"ASC-nin vəzifəli şəxsi ilə birgə tərtib edilmiş və 17 saylı MİS-nin rəisi tərəfindən həm imzası, həm də möhrü ilə təsdiqlənmiş ""RAMSTORQ" ətrafı - Ə .Quliyev və Y.Səfərov küçələrində avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin yerləşmə sxemi"ndən və eləcə də fiziki şəxsin obyektinin və istifadəsində olan torpaq sahəsinin cizgisindən də aydın görünür. Həmin Məhkəmənin xx.xx.2011-ci il tarixli Qərardadına əsasən "Ekspert" LTD müəssisəsi tərəfindən qiymətləndirmə işi aparılmış və xx.xx.2011-ci il tarixli E\17 nömrəli "Qiymətləndirmə Aktı" məhkəməyə təqdim olunmuşdur. Lakin, qiymətləndirmə işində Maliyyə Nazirliyinin mütəxəssisinin iştirak təmin edilmədiyindən, Məhkəmənin xx.xx.2012-ci il tarixli Qərardadı əsasında əlavə ekspertiza təyin edilmiş və AR Maliyyə Nazirliyinin mütəxəssisi X1 iştirakı ilə "Ekspert" LTD müəssisəsi tərəfindən qiymətləndirmə işi aparılmış və xx.xx.2012-ci il tarixli E nömrəli "Qiymətləndirmə Aktı" tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Sonuncu "Qiymətləndirmə Aktı"nda 2009cu il tarixə: 550,2 kv.m. torpaq sahəsindən 350 kv. m torpaq sahəsinin 1 kv.m.-nin bazar dəyəri 1100+220= 1300 manat, 2011-ci il tarixə isə: 550,2 kv.m. torpaq sahəsindən 350 kv.m torpaq sahəsinin 1 kv.m.-nin bazar dəyəri 1300+260=1560 manat müəyyən edilmişdir. Məhz, məhkəmə tərəfindən sonuncu "Qiymətləndirmə Aktı" mötəbər sübut kimi qəbul edilməklə qiymətləndirilmiş və "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən hesablanmış təzminatı dövlət ehtiyacları üçün alınmış əmlakın ədalətli dəyəri kimi hesab edilməməsi qət edilmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, həmin fiziki şəxsin əmlakı və torpoq sahəsi 2009-cu ildə dövlət ehtiyacları üçün alındığından, həmin məhkəmə tərəfindən 2009-cu il üzrə hesablanmış kompensasiya məbləği əsas götürülmüş və Qətnamə çıxarmışdır. Həmin Məhkəmə tərəfindən xx.xx.2012-ci il tarixli 2-iqt(81)- 2299/2012 nömrəli İcra Vərəqəsi verilmiş və həmin Məhkəmə Qərarının xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə mindiyi göstərilmişdir. Eləcə də, AR 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-iqt(81)-2299\2012 nömrəli xx.xx.2012-ci il tarixli Məktubu ilə- Qərar icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. "xxxx" ASC tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanlanmış 4\16-188 nömrəli xx.xx.2015-ci il tarixli Məktubundan müəyyən olunur ki, Məhkəmə Qərarı ilə qət edilmiş kompensasiya həmin fiziki şəxsə ödənilmiş və 200 kv.m. torpaq sahəsinin ASC tərəfindən dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmamışdır və vətəndaşın istifadəsində qalmışdır. Artıq şərhə ehtiyac yoxdur ki, qanuni qüvvədə olan həmin Məhkəmə Qətnaməsi ilə "xxxx" ASC-nin təklif etdiyi kompensasiya məbləği ədalətli hesab edilməmiş; "xxxx" ASC tərəfindən dövlət ehtiyacları üçün alınan "RAMSTORQ" ətrafı, o cümlədən Ə.Quliyev 9 ünvanında yerləşən torpaq sahəsinin 2009-cu il tarixə 1kv.m.-i 1300 manat və 2011-ci il tarixə isə 1560 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən torpoq sahəsi 2009-cu ildə dövlət ehtiyacları üçün alındığından, 2009-cu il üzrə hesablanmış kompensasiya məbləği əsas götürülməklə, həmin məbləğin ASC-dən alınaraq həmin şəxsə ödənilməsi qət edilmişdir. Açıq-aşkardır ki, qanuni qüvvədə olan hər 2 Məhkəmə Qərarı əsasında müəyyən edilmiş faktlar və hüquq münasibətləri hazırkı məhkəmə işi üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə münasibətdə preyudisiya əhəmiyyətinə malikdir. Bakı şəhəri, Xətai rayonu üzrə torpaq sahəsinin satışı ilə bağlı "Əmlak Az" saytında 2017-ci il tarixdən hal-hazıradək verilmiş elanların məlumatlarından məlum olur ki, xx.xx.2018-ci ildə: 4 sot -1360000 manat, deməli 1 sotunun satış dəyəri- 340000 (yəni, 1kv.m.- 3400) manat; xx.xx.2018-ci ildə: 40 sot - 10000000 manat, deməli 1 sotunun satış dəyəri- 250000 (yəni, lkv.m. - 2500) manat; -xx.xx.2018-ci ildə: 16 sot-2500000 manat, deməli 1 sotunun satış dəyəri- 156250 (yəni, 1 kv.m. - 1563) manat; -xx.xx.2018-ci ildə: 5,8 sot-1950000 manat, deməli 1sotunun satış dəyəri- 336207 (yəni, 1kv.m.- 3362) manat; -xx.xx.2019-cu ildə: 4,8 sot-1100000 manat, deməli 1sotunun satış dəyəri- 229166 (yəni, 1kv.m.- 2292) manat; - xx.xx.2021-ci ildə: 1,8 sot-350000 manat, deməli 1 sotunun satış dəyəri- 194444 (yəni, 1 kv.m. - 1944) manat; xx.xx.2022-ci ildə: 7 sot-1300000 manat, deməli 1 sotunun satış dəyəri- 185714 (yəni, 1 kv.m. - 1857) manat; - xx.xx.2022-ci ildə: 80 sot-12800000 manat, deməli 1 sotunun satış dəyəri- 160000 (yəni, 1 kv.m. -1600) manat; -xx.xx.2022- ci ildə: 6 sot-3000000 manat, deməli 1 sotunun satış dəyəri - 500000 (yəni, 1 kv.m. - 5000) manat; -xx.xx.2024-cü ildə: 100 sot-30000000 manat, deməli 1 sotunun satış dəyəri- 300000 (yəni, 1 kv.m. - 3000) manat; xx.xx.2024-cü ildə: 55 sot- 33000000 manat, deməli 1 sotunun satış dəyəri- 600000 (yəni, 1 kv.m. - 6000) manattəşkil etmişdir. Bununla yanaşı, "Bina Az" saytlarında Bakı şəhəri, Xətai rayonu üzrə torpaq sahəsinin satışı ilə bağlı "verilmiş elanların məlumatlarından məlum olur ki, -27 İyul 2024-cü ildə: 40 sot-8000000 manat, deməli 1 sotunun satış dəyəri- 200000 (yəni, 1kv.m 2000) manat; -29 İyul 2024-cü: 6 sot-2000000 manat, deməli 1 sotunun satış dəyəri- 333333 (yəni, lkv.m. - 3333) manat- təşkil etmişdir. Bakı şəhəri, Xətai rayonu üzrə torpaq sahəsinin satışı üzrə verilən məlumatların təhlili əsasında, müəyyən edilir ki, 1 kv.m. torpaq sahəsinin bazar dəyəri təxminən 3583 ((3000+6000+2000+3333):4) manat təşkil edir. 1566,1 kv.m. torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 3583 manat və cəmi ******* (1566,1 x 3583) manat hesablanması, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla ümumilikdə ******* (5611336x20%+5611336) manat kompensasiyanın müəyyən edilməsi və cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi tam ədalətlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etitraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə açdığı əmlakının yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 245-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. İddiaçının mülkiyyətində olan əmlakı dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə məhkəmə qərarı ilə kompensasiya ödənildiyindən o hazırki, tələbində irəli sürdüyü həmin əmlakın yerləşdiyi 2558 kv.m. torpaq sahəsinin 1566.1 (2558-991,9) kv.m. hissəsinin də dövlət ehtiyacları üçün geri alındığına görə mülkiyyət hüququnu da əldə edənə vermişdir. Faktiki olaraq ödənilmiş kompensasiya həm qeyri-yaşayış sahəsinə həm də onun yerləşdiyi torpaq sahəsinə görə ödənilmiş kompensasiya olmuşdur. İddiaçı həmin əmlakı üzərindəki bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdehə keçdiyindən iddiaçının əlavə olaraq torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsinə dair və onunla bağlı hazırkı tələbi əsassızdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanında yerləşən 2558 kv.metr torpaq sahəsi və üzərindəki 4043 kv.m. qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olmuşdur. Həmin daşınmaz əmlak "Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi" ilə əlaqədar tədbirlər planı çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 4043 kv.m qeyri-yaşayış sahəsinin 815,6 kv.m hissəsinə 1 223 400 manat kompensasiya ödənilmişdir İddiaçı qeyri-yaşayış sahəsinin qalan hissəsi, yəni 3227,4 kv.m. hissəsinin yeni inşa edilmiş avtomobil yolunun ərazisinə düşdüyünə görə həmin sahə üçün ona kompensasiya ödənilməsi barədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1666/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Hazırda iddiaçı iddia tələbində həmin alqı-satqı müqaviləsinin və məhkəmə mübahisəsinin predmeti olmayan, ona məxsus olmuş 2558 kv.m. torpaq sahəsinin kompensasiya ödənilən qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti altı sahə, yəni 991,9 kv.m istisna olmaqla qalan hissəsinin, yəni 1566,1 kv.m hissəsinin (2558-991.9) kompensasiyasının öna ödənilməsi tələbini irəli sürür. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona torpaq sahəsinin qalan hissəsinin qaytarılması bildirilsə də, hazırkı dövrə qədər nə torpaq sahəsi ona verilmiş, nədə ki torpağın dəyəri ona ödənilməmişdir. İddiaçı kompnesasiyanın dəyərini əmlak satışı ilə bağlı elan saytlarındakı hazırkı bazar qiymətlərinə istinad edərək torpağın hər kvadrat metrini üçün 3583 manat qiymətləndirir və hesab edir ki, 1566,1 kv.m. torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 3583 manat və cəmi ******* (1566,1 x 3583) manat hesablanmalı, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla ümumilikdə 6 733 603 manat kompensasiya cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçının mübahisə açdığı əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Həmçinin iddiaçının mülkiyyətində olan əmlakı dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə məhkəmə qərarı ilə kompensasiya ödənildiyindən o hazırki, tələbində irəli sürdüyü həmin əmlakın yerləşdiyi 2558 kv.m. torpaq sahəsinin 1566.1 kv.m. hissəsinin də dövlət ehtiyacları üçün geri alındığına görə mülkiyyət hüququnu əldə edənə vermişdir. Məhkəmə cavabdehin imtinasını əsassız, iddia tələbini isə qismən əsaslı hesab edir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və işdə olan sənədlərlə Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanında yerləşən 2558 kv.m torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış obektinin iddiaçıya məxsus olması öz təsdiqini tapır. Belə ki, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş və xx.xx.2004cü il tarixdə təsdiq edilmiş "Müəssisə və obyektin" Texniki Pasportuna əsasən, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanındakı qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur, tikinti altı sahə 991,9 kv.m, faktiki topraq sahəsi 2558 kv.m.-dir. İddiaçı, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi, FHN X3 İdarəsinin nümayəndəsi və Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktrou tərəfindən “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda” Qəbul Komissiyasının Aktı tərtib edilmişdir. Həmin aktdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 unvanındakı şadlıq evi və ofis tikintisi üçün iddiaçıya torpaq sahəsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departmaneti tərəfindən ayrılmış (Şəhadətnamə № 003295, xx.xx.2004-cü il), obyektin tikinti işlərinin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdrəsi tərəfindən tərtib edilərək təsdiq edilımmiş, tikinti-quraşdırma işlərinin aparılmasına icazə Bakı şəhər İcra Hakimiyyəti başçısının 471 № li, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə icazə verilmişdir. Tikilinin ümumi sahəsi 11745 kv.m., torpaq sahəsinin ölçüsü 2580 kv.m. göstərilmişdir. Göründüyü kimi, 2558 kv.m torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik olmuş, həmin torpaq sahəsində müvafiq təşkilatlardan razılıq alaraq qeyri-yaşayış sahəsi inşa etmişdir. Cavabdeh bildirir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Məhkəmə cavabdehin etirazının bu dəlili ilə bağlı qeyd edir ki, torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmaması işin mübahisələndirilməyən halıdır. Lakin qeyd edilməlidir ki, iddiaçı həm qeyri-yaşayış obyektinə, həm də 2558 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik olmuş, həmin daşınmaz əmlaklara dair qanuni (legitim) gözləntiyə malik olmuşdur. “Mülkiyyət” anlayışı isə geniş anlayış olmaqla sahiblik istifadə və sərəncam vermək hüquqlarını özündə ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutmuş və Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla qanuni gözləntiyə malik olsunlar və qanuni əsaslarla sahiblik etmiş olsunlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). Baxılan işdə iddiaçı torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərə malik olduğundan qanuni (legitim) gözləntiyə sahib olmuş və torpaq sahəsi yol tikintisi aparılana qədər onun sahibliyində olmuşdur. Ona görə də, iddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin kompensasiyasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı qanuni istifadəsində olmuş torpaq sahəsindən dövlət ehtiyacları üçün alınması nəticəsində istifadə edə bilməmiş nəticədə maddi ziyana məruz qalmışdır. İddiaçı uzun müddət torpaq sahəsinin kompensasiyasının ödənilməyən hissəsinin ona qaytarılmasını gözləsə də, həmin torpaq sahəsi iddiaçıya qaytarılmamış və eyni zamanda qytarılmayan hissənin kompensasiyasının ödənilməsindən də məhrum olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsində qeyriyaşayış obyektləri (şadlıq sarayı və ofis binası) inşa edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı ilə Vergi Auditi Departamenti arasında bağlanmış xx.xx.2009-cu il tarixli 01 saylı, xx.xx.2010-cu tarixli il 01 saylı, xx.xx.2011-ci il tarixli 01 saylı və xx.xx.2012ci il tarixli 01 saylı 4 ədəd İcarə Müqaviləsindən müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus olan ümumi sahəsi 4043 kv.m. olan qeyri-yaşayış sahəsini Vergi Auditi Departamentinə icarəyə vermişdir. Torpaq sahəsi yolun tikinti hissəsinə düşdüyündən iddiaçı torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyana məruz qalmış, əldə edəcəyi gəlirlərindən məhrum olmuşdur. Cavabdehin etirazının digər dəlili ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlakı dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə məhkəmə qərarı ilə kompensasiya ödənildiyindən o hazırki, tələbində irəli sürdüyü həmin əmlakın yerləşdiyi 2558 kv.m. torpaq sahəsinin 1566.1 hissəsinin də dövlət ehtiyacları üçün geri alındığına görə mülkiyyət hüququnu da əldə edənə vermişdir. Məhkmənə bu dəlillə də razılaşmayaraq bildirir ki, iddiaçının kompensasiyasını aldığı qeyri-yaşayış sahəsi 991.9 kv.m torpaq sahəsinin üzərində olmuşdur. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlnmış alqı-satqı müqaviləsinin və məhkəmə mübahisənin predmetini 4043 kv.metr qeyri-yaşayış sahəsi, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti altı 991.9 kv.m torpaq sahəsi təşkil etmişdir. Hazırda isə iddiaçı həmin 991.9 kv.m torpaq sahəsinə deyil, qanuni istifadəsində olmuş 2558 kv.m torpaq sahəsinin kompensasiya verilən yerdə qalan hissəsinin 1566,1 kv.m. (2558-991.9) hisssinin kompensasiyasının ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassız olmaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Odur ki, iddia tələbi kompensasiyanın ödənilməsi hissəsində əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxararaq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Baxılan işdə cavabdehin yol çəkilişi nəticəsində iddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən istifadə edə bilməmiş, cavabdeh iddiaçıya torpaq sahəsini və ya dəyərini qaytarmayaraq maddi ziyana məruz qalmış, cavabdehin hərəkəti ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud olmuşdur. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq — bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; 1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz. Maddə 7.1. torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Maddə 54.1. alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 56.1. bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin vəbaşqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). Maddə 58. bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və səhər rayonlarında mövcud olan, alınacaq torpaqa uyğun torpaqın bazar qiyməti əsas götürülür. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı elan saytlarındakı hazırkı bazar qiymətlərinə istinad edərək torpaq hər kvadrat metri üçün 3583 manat qiymətləndirir və hesab edir ki , 1566,1 kv.m. torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 3583 manat və cəmi ******* (1566,1 x 3583) manat hesablanmalı, həmin məbləğə 20 faiz miqdarında əlavə də nəzərə alınmaqla ümumilikdə ******* manat kompensasiya cavabdehdən tutularaq ona ödənilməlidir. Lakin məhkəmə bu hissədə iddia tələbini qismən əsaslı hesab edir. İşdə olan mötəbər sübutlarla torpağın alınması ilə bağlı kompensasiya məbləğinin hər kvadrat metri üçün 1500 manat olması təsdiq edilir. Belə ki, Bakı şəhər icra Hakimiyyəti başçısının «ünvan 2 ünvanlarının kəsişməsində olan ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi barədə» xx.xx.2012-ci il tarixli 182 saylı sərəncamında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hər kvadratmetr üçün 1250 manat məbləğində, həmin qanuna müvafiq olaraq ümumi dəyərin 20 faizi miqdarında kompensasiya verilməklə, ümumilikdə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 1500 manat məbləğində vəsait ödənilməklə vətəndaşlarla notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında köçürülmə işləri həyata keçirilməsi müvafiq qurumlara tapşırılmışdır. Eyni zamanda 12 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu Babək prospekti 19 ünvanında yerləşən, iddiaçıya məxsus ümumi sahəsi 4043 kv.m oplan qeyriyaşayış sahəsinin 815,6 kv.m hissəsi dövlət ehtiyacları üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən alınmış və qeyri-yaşayış sahəsinin həmin hissəsinin dəyəri olaraq iddiaçıya 1 223 400 manat kompensasiya ödənilmişdir. Həmin kompensasiya məbləği ödənilərkən 815.6 kv.metr hər kvadrat metr üçün kompensasiya məbləği 1500 manat dəyərində qiymətləndirilmidir. Göründüyü kimi, həm Bakı şəhər icra Hakimiyyəti başçısının Sərəncamında komepnsaisiya məbləği hər kvadart metr üçün 1500 manat (20 faizi miqdarında kompensasiya da nəzərə alınmaqla), həmçinin iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilədə kompensasiyanın məbləği hər kvadrat metr üçün 1500 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə kompensasiya məbləği ilə bağlı əlavə araşdırma aparmağa zaərurət görmür və bu hissədə iddia tələbini qismən əsaslı hesab edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 19 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınmış qeyri-yaşayış sahəsinin yerləşdiyi və iddiaçının qanuni istifadəsində olmuş 2558 kv m. torpaq sahəsinin 1566,1 (2558-991,9) kv.m hissəsi dövlət ehtiyacları üçün alındığına görə, 2 349 150 manat (1566.1 kv.m. x 1500 manat) kompensasiya məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 19 ünvanında yerləşmiş və dövlət ehtiyacları üçün alınmış qeyri-yaşayış sahəsinin yerləşdiyi və İddiaçı qanuni istifadəsində olmuş 2558 kv m. torpaq sahəsinin 1566,1 (2558-991,9) kv.m hissəsinin dövlət ehtiyacları üçün alınmasına görə, 2 349 150 manat (iki milyon üç yüz qırx doqquz min yüz əlli) manat kompensasiya məbləği “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar