Məhkəmə qərarları › İş №e-2-1(112)-12944/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12944/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12944/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra: cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Dübəndi bağlar massivində yerləşən ümumi sahəsi 0,10 ha olan № 191 və № 192 bağ sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “Azərbayacan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin” İclasının xx.xx.1996-cı il tarixli, 01 №-li protokoluna əsasən “Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin” Bağçılıq Birliyinin üzvlüyünə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixdə “Azərbayacan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin” Bağçılıq Birliyinin müşavirəsinin qərarına əsasən Bakı şəhəri, Dübəndi bağlar massivində yerləşən “Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin” Bağçılıq-yoldaşlıq birliyinin balansında olan № 191 və № 192 bağ sahələri Babayev İsrafil “Azərbayacan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin” Bağçılıq Birliyinin üzvlüyündən öz ərizəsi ilə xaric edilərək ümumi sahəsi 1000 kv metr olan № 191 və № 192 bağ sahələri iddiaçının adına keçirilmişdir və Cəmiyyətin sədrinə Nizamnaməyə uyğun olaraq sənədərin tərtibi tapşırılmışdır. Qeyd edilən bağ sahələrinə çıxarışın alınması məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən tələb olunan sənədləri cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********14 nömrəli məktubla formal cavab verilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sözügedən məktubda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlər surətdir. Bundan başqa, İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmiş, həmçinin təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışda ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş imtina əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində saxlanılan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan şəxsin adı aşkar edilməmiş, həmçinin təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışda ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Habelə, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri X4 İcraiyyə Komitəsinin “X1 yaradılması üçün torpaq sahəsinin ayrılması haqqında” 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarından müəyyən olunur ki; ... İ.İ.40 Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin 32 nəfərdən ibarət Bağçılıq -Yoldaşlıq Cəmiyyətinin üzvlərinə torpaq sahəsinin ayrılması qərara alınmışdır. 28 yanvar 1988-ci il tarixdə Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinə ayrılmış 1,7 ha torpaq sahəsinin ayrıc aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq -Yoldaşlıq Cəmiyyətinin İclasının 03 yanvar 1996-cı il tarixli 01 №li protokolundan müəyyən olunur ki, Bağçılıq – yoldaşlıq cəmiyyətinin üzvü İsrafil Babayevin cəmiyyətin üzvlüyündən azad edilməsi, 191 və 192 saylı bağ sahələrinin ondan geri alınması, İddiaçı bağçılıq yoldaşlıq cəmiyyəti üzvlüyünə qəbul edilməsi, ona 191 və 192 saylı bağ sahələrinin ayrılması ayrılması qərara alınmışdır. Sənayedə X2nə və dağ-mədən nəzarəti dövlət agentliyi Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin xx.xx.2006-cı ilə olan siyahısında İddiaçı adı 20-ci sırada qeyd olunmuşdur. Ona ayrılmış torpaq sahəsinin ölçüsü 1000 kv. metr kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlətdağtexnəzarət Komitəsinin Bağçılıq -Yoldaşlıq Cəmiyyəti tərəfindən İddiaçı adına verilmiş üzvlük kitabçasından müəyyən olunur ki, Bağçılıq Yoldaşlıq cəmiyyətinin 3.01.1996-cı il iclasının 1 saylı protokol qərarı ilə İddiaçı 191,192 saylı bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********33 saylı cavab məktubunda göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsi Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin iclasının xx.xx.1996-cı il tarixli 01 №-li protokolunun, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 1987-ci il tarixli 20/396 №-li qərarının və sxemin surətləri mövcuddur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş və xx.xx.2009-cu il tarixdə X5 kitabında 12867 nömrə ilə uçota alınmış AN seriyalı 125562 saylı “Torpaq sahəsinin plan və ölçüsü”ndən müəyyən olunur ki, qeyd olunan sənəd Bakı şəhəri X3 İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı və Azərbaycan Respublikası Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Komitəsinin Bağçılıq-Yoldaşlığının xx.xx.1996-cı il tarixli 1 saylı protokolu ilə Əzizbəyov rayonu Dübəndi bağ massivində bağ evlərinin tikintisi üçün ayrılmış 1000 kv. metrdən ibarət 191, 192 saylı sahələrə dair tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 60/2-1027/2025 saylı məktubu ilə, mərkəzin arxivində saxlanılan AN-125562 (kod **********1295) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 15 oktyabr 2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlətdağtexnəzarət Komitəsinin Bağçılıq - Yoldaşlıq Cəmiyyətinin üzvlərinin 1987-ci ildə tərtib olunmuş siyahısı (arxiv nüsxəsinin surəti) məhkəməyə təqdim olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********82 №-li cavab məktubunda bildirilmişdir ki, “Təqdim olunmuş sənədlər surətdir. Bundan başqa, idarənin arxivində saxlanılan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmiş, həmçinin təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışda ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüqüqi marağı və məqsədi Bakı şəhəri, Dübəndi bağlar massivində yerləşən ümumi sahəsi 0,10 ha olan № 191 və № 192 bağ sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:

1. Bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmamışdır;

2. həmçinin təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışda ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü göstərilməmişdir;

3. bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda qeyd olunan şəxsin adı aşkar edilməməsi;

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, torpaq (bağ) sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun görə 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də cavabdeh İdarənin arxivində saxlanılan bağçılıq yoldaşlığının ilkin (1987-ci ildə tərtib olunmuş) siyahısında olmamışdır. Lakin, cavabdeh nəzərə almamışdır ki, bağçılıq yoldaşlığı üzvlərinin yeni siyahısı xx.xx.2006-cı ildə tərtib olunmuş və həmin siyahıda iddiaçının adı və ona ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmuşdur. Qeyd olunan siyahının arxiv nüsxəsi isə cavabdehin digər qürumu olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddiaçıya təqdim olunmuşdur. Məhkəmə bu konteksdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş üzvlük kitabçası və üzvlərin protokolundan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan sənədlər hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin sənədlər iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin digər imtina dəlili Bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminin qovluqda aşkar olunması ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, mövcud inzibati praktikada tez-tez rastlanan həmin imtina əsası iddiaçıdan asılı olmayan səbəbdən yarandığından, onun mülkiyyət hüququnun realizəsinə maneə təşkil etmir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından ayrıc aktından kənarda yerləşib-yerləşməmə ilə bağlı ayrıc aktının təqdim edilməli olması mütləq şərtdir ki, nə qədər ki ayrıc aktının təqdim edilməsi həyata keçirilməmişdir, torpaq sahəsinin ayrıc aktından kənar yerləşməsi ilə bağlı araşdırmanın əhəmiyyəti mövcud olmamış, cavabdeh ayrıc aktından kənarda yerləşmə barədə dəlilini təsdiq edə biləcək ayrıc aktını ümumiyyətlə məhkəməyə təqdim etməmişdir ki, yuxarıda adıçəkilən qərarların tələbindən də göründüyü kimi ayrıc aktının təqdim edilməsi ilə bağlı cavabdehin tədbir görməsi mütləq olmuşdur. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter” qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Dübəndi bağlar massivində yerləşən ümumi sahəsi 0,10 ha olan № 191 və № 192 bağ sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan - ölçününü verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar