Məhkəmə qərarları › İş №e-2-1(112)-12950/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12950/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12950/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 4 saylı vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə nazirinin müavini-X3 Komandanın 075 №-li 04 sentyabr 2022-ci il tarixli əmrinin (N №-li hərbi hissə tabor komandiri vəzifəsinə təyin olunmağı hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 17 avqust 2022-ci il tarixli və 14 sentyabr 2022-ci il tarixli raportlarına cavablandırılmamasında, ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyin qanunsuz hesab olunması, 17 avqust 2022-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir, hərbi xidmətdə olduğu müddət 20 təqvim ilindən artıqdır. Hazırda Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan N №-li hərbi hissədə tabor komandiri vəzifəsində, “mayor” hərbi rütbəsində xidmət edir. Xidmət etdiyi müddətdə dəfələrlə dövlət təltiflərinə layiq görülmüşdür. O, Müdafiə nazirinin müavini - X3 komandanının 17 may 2021-ci il tarixli 06N №-li əmri ilə N №-li hərbi hissənin 5-ci taborun komandiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xidmət edərkən ailə vəziyyətinə, səhhətində olan çətinliklərə və AR Silahlı Qüvvələrində 20 ildən artıq müddətdə xidmət etdiyinə görə AR Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq 17 avqust 2022-ci il tarixdə N №-li hərbi hissə komandirinə raportla müraciət edərək N №-li hərbi hissənin 5-ci taborun komandiri vəzifəsindən ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissənin kargüzarlığında "daxil olan sənədlərin qeydiyyatı kitabında” 19 avqust 2022-ci ildə 3477 nömrəsi ilə qeydə alınmışdır. Lakin hərbi hissə komandanlığı tərəfindən müraciətinə qanunamüvafiq qaydada və müddətdə baxılıb cavab verilməmiş, müraciətilə bağlı heç bir tədbir görülməmişdir. Belə ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.3-cü, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 22.4-cü və “AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 118-ci maddələrinin tələblərinə əsasən onun müraciətinə daxil olduğu gündən 15 gün ərzində cavab verilməli və müvafiq tədbir görülməli idi. O, buna görə, “AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 108-110-cu maddələrinin tələblərinə əsasən N nömrəli hərbi hissə komandirin tabelikdə olduğu Müdafiə nazirinin müavini - X3 Komandanına 14 sentyabr 2022-ci il tarixdə raportla müraciət etmişdir. X2 Ordu qərargahının məsul əməkdaşı tərəfindən 17 sentyabr 2022-ci il tarixdə qəbul edilsə də, müraciətinə bu günədək cavab verilməmiş və ehtiyata buraxılmağı ilə bağlı heç bir tədbir görülməmişdir, o cümlədən, onunla fərdi söhbət aparılmamış, yuxarı komandanlığın (Müdafiə nazirinin) qarşısında vəsatət qaldırılmamışdır. Müraciətinə qanunamüvafiq müddətdə və qaydada baxılıb tədbir görülməsi, onun qanunla nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququnu təmin etmək əvəzinə ona qarşı qərəzli münasibət göstərilərək Müdafiə nazirinin müavini- X3 komandanının 04 sentyabr 2022-ci il tarixli 075 nömrəli əmri ilə mən N №-li hərbi hissəyə daha az maaşı olan vəzifəyə təyin edilmişdir. Belə ki, o N №-li hərbi hissənin 5-ci taborun komandiri vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin müvafiq əmri ilə xidmət yeri “Batabat” məntəqəsi olmuş, həmin məntəqə dəniz səviyyəsindən 2000 metrdən artıq yüksəklikdə olan "Biçənək” adlı kəndindən daha yüksəklikdə yerləşdiyindən qanunamüvafiq qaydada əmək haqqıma 30% məbləğində əlavə pul hesablanaraq ödənilirdi. Əlavə olaraq xidmət yerimn düşmənlə bilavasitə üz-üzə olduğundan və döyüş tapşırığını yerinə yetirdiyindən həmin vəzifədə xidmət etdiyi dövrdə maaşı ikiqat hesablanıb ödənilirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AA******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 050 saylı Hərbi Hissənin komandiri Şəhadət İbrahimov tərəfindən verilmiş “Təyinat vərəqəsi”nin surətindən müəyyən olunur ki, Müdafiə nazirinin müavini-X3 Komandanının xx.xx.2022-ci il tarixli 075 nömrəli əmrinə əsasən X1 10 sentyabr 2022-ci il tarixdə Naxçıvan şəhərinə N nömrəli hərbi hissə komandirinin sərəncamına xidmətinə davam etmək üçün getməsi əmr edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsində qeyd olunmuşdur ki, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, hazırda hərbi qullquçu olan iddiaçının xidməti yaşayış sahəsi Naxçıvan şəhəri olduğundan işə ərazi aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi nəzərə alınsın. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv olunması” tələbinə dair 2-1(112)-12950/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar