Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12961/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubıik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X4) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubıik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırki iddia tələbindən də göründüyü kimi İddiaçı üçüncü şəxsin adına verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə hazırki iddianın mümkünlük şərtlərinin ödənilməməsi qənaətinə gələrkən üç hala əsaslanmışdır:
1. Çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciətin olmadığına;
2. Çıxarışın verilməsinə əsas olan məhkəmə qərarının qüvvədə olmasına;
3. Çıxarışın ləğv edilməsi ilə bağlı tələbə müstəqil formada baxılmasının mümkün olmadığına. Məhkəmə ilkin olaraq birinci hala münasibət bildirir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivinə dair X2 adına verilmiş ********** reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər iddiaçı tərəfin izahatından, istərsə də iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1739/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi bu mübahisənin İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia olmasını nəzərə almış və mübahisə ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana ilkin müraciətinin (məhkəmədən əvvəl) olmasını zəruri saymışdır. Beləliklə, məhkəmənin qənaətinə görə “çıxarışın ləğv edilməsi” və ya “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbləri İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğundan, bu tələblər ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mütləq qaydada inzibati orqana ilkin müraciət olunmalıdır. Lakin hazırki iş üzrə iddiaçının üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müraciətin olmadığı müəyyən olunur ki, bu hal hazırki iddianın mümkünlük şərtlərinin ödənilmədiyini göstərir. Məhkəmə ikinci hala münasibət bildirir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinin kökündə qüvvədə olan məhkəmə qərarı dayanır. Belə ki, məhkəmə sorğusu əsasında çıxarışın verilməsinə əsas olan sənədlər təqdim olunmuşdur ki, həmin sənədlər arasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)-4682/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-39/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarları mövcuddur. Sözügedən məhkəmə qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)-4682/2016 saylı qərarı dəəyişdirilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçı X2 mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində çıxış edən X3 çıxarışın verilməsi qüvvədə olan məhkəmə qərarı əsasında həyata keçirilmişdir ki, həmin məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Təbii haldır ki, həmin məhkəmə qərarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir. Belə ki, iddiaçı çıxarışın mübahisələndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməzdən əvvəl ilkin olaraq 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)-4682/2016 saylı qərarı mübahisələndirməli və həmin iş üzrə İPM-nin 28.1-ci maddəsinin tələbləri baxımından aidiyyəti üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı məhkəməyə müraciət etməlidir. İPM-nin 28.1-ci maddəsində qeyd olunur ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır. Təbii haldır ki, məhkəmə yardımetmə vəzifəsinin mühüm elementi kimi hal-hazırda iddianın qeyri-mümkünlüyü nəticəsinə gələrkən iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2-1(81)-4682/2016 saylı qərarının ləğv edilməsi və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət vermək hüququna tərəfə izah edilməsi vəzifəsini daşıdığından həmin hüquq ona izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, çıxarışın verilməsinə əsas olan yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən çıxarışın mübahisələndirilməsi ilə bağlı tələbə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Məhkəmə üçüncü hala münasibət bildirir. Eyni zamanda Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Bununla bağlı qeyd olunmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999-cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə hazırki işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, çıxarışın verilməsinə əsas olan sərəncam mübahisələndirilmədiyi təqdirdə, hazırki iddia müstəqil iddia formasında, yəni çıxarışın ləğv edilməsi kimi baxıla bilməz. Çünki, çıxarışın özü inzibati akt hesab olunmur və onun verilməsinə əsas olan inzibati akt mübahisələndirildiyindən, hazırki iddia tələbinə müstəqil formada baxılması mümkün deyildir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçı tərəfin diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçının nümayəndəsi (vəkili) isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsənov Orxan