Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1308/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə "xxxx" ASC tərəfindən tərəfindən dövlət büdcəsinə ödənilməmiş borc məbləğlərinin artıq ödənilmiş 111325,46 manat məbləğində mənfəət vergisi və 47069, 92 manat sanksiya məbləğləri ilə əvəzləşdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilməmiş borc məbləği 126461,25 manat (yüz iyirmi altı min dörd yüz altmış bir manat iyirmi beş qəpik), Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borc məbləği 265626,12 manat (iki yüz altmış beş min altı yüz iyirmialtı manat on iki qəpik) təşkiledir. Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(002)-02/2019 qərarı ilə "xxxx" ASCnin 2012 – 2014-cü illər üzrə hesablanmış 111325,46 manat məbləğində mənfəət vergisi, 47069, 92 manat sanksiya müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği tam şəkildə ödənilmiş və dövlət büdcəsinə heç bir vergi borcu qalmamışdır. Həmçinin məhkəmə-mühasibat ekspertizasının 19 dekabr 2017-ci il tarixli 9082 nömrəli və 28 yanvar 2019-cu il tarixli 28404 saylı rəyləri ilə müəyyən edilmişdir ki, "xxxx" ASC üzrə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə ƏDV üzrə 60.823.35 məbləğində az hesablanmışdır. "xxxx" ASC tərəfindən büdcəyə artıq ödənilmiş vergi məbləğinin əvəzləşdirilməsinə dair ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq ünvanlanmış 25.05.2021-ci il tarixli məktubla ərizənin icrası qeyri-mümkün hesab edilmişdir. Səbəb kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə təsdiq edilmiş ərizə forması ilə müraciət edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməlidirlər.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, şəxsi hesab vərəqəsi məlumatlarına əsasən iddiaçının 07.07.2021- ci il tarixə dövlət büdcəsinə 210.163,95 manat ödənilməmiş vergi borcu mövcuddur. Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibatı cərimələr üzrə borclar istisna olmaq şəni ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibatı cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisının razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Digər tərəfdən, iddiaçı mövcud borcunu 111325,46 manat məbləğində mənfəət vergisi və 47069,92 manat sanksiya məbləğləri ilə əvəzləşdirilməsini tələb edir. Bununla bağlı bildiririk ki, iddia ərizəsində qeyd edilən borclar cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar əsasında yaranmış, həmin qərar hal-hazırda da qüvvədədir. İddiaçı iddia ərizəsində qeyd etdiyi məbləğlərin silinməsini və artıq ödəmə kimi qəbul edilməsini tələb edirsə, ilk öncə həmin borcların əsasında duran qərarı mübahisələndirməlidir.
4. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizənin təqdim edilməsinə dair hüquqi yardım edilmiş, bununla əlaqədar iddiaçıya vaxt verilmişdir.
5. İddiaçının ərizəsi əsasında məhkəmənin 06.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfində qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın ləğv edilməsi və 01.01.09.2012-01.09.2015-ci illər üzrə dövrü əhatə edən yoxlama nəticəsində "xxxx" ASC şəxsi hesabından əsassız silinmiş 111325,46 manat məbləğində mənfəət vergisinin və 47069,92 manat sanksiya məbləğlərinin cəmiyyətin 01.01.2021-ci il tarixinə qədər olan cari borcları ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.
6. Cavabdeh dəyişdirilmiş tələb üzrə iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin ilk hissəsi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İddiaçının mübahisələndirdiyi 23.05.2016-cı il tarixli, **********016686 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 24.05.2016-cı tarixində bilavasitə vergi ödəyicisinə təqdim edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin 87 1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Göründüyü kimi qanunvericiliyə əsasən vergi ödəyicisinin mövcud borcları artıq ödənilmiş vəsait olduqda əvəzləşdirilə bilər. Cari tarixə isə iddiaçının hər hansı artıq ödəməsi mövcud deyil.
7. İddiaçı 15.11.2021-ci il tarixdə məhkəmə dəftərxanası ilə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı vergilər Departamenti tərəfindən qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın qanunsuz sayılması və 01.09.2012 - 01.09.2015-ci illər üzrə dövrü əhatə edən yoxlama nəticəsində "xxxx" ASC şəxsi hesabından əsassız silinmiş 111325,46 manat məbləğində mənfəət vergisinin və 47069, 92 manat sanksiya məbləğlərinin cəmiyyətin 01.01.2021-ci il tarixinə qədər olan cari borcları ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi tələbi dəqiqləşdirdiyini bildirmiş, daha sonra məhkəməyə ünvanlanmış 06.12.2021-ci il tarixli ərizədə həmin dəqiqləşmənin geri götürülmüş hesab edilməsini və işi əvvəlki tələb əsasında baxılması xahiş edilmişdir.
8. Məhkəmə qeyd edir ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
9. Odur ki, məhkəmə hazırk işə məhkəmənin 06.09.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmiş tələbi üzrə baxır.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
11. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın ləğv edilməsi və nəticələrinin aradan qaldırılmasını tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından
12. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
13. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
15. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarı "xxxx" ASC-nin qanuni təmsilçisi (direktoru) Asif Bədəlova 24.05.2016-cı il tarixdə buna dair müvafiq imza və cəmiyyətin möhürü vurulmaqla təqdim edildiyi müəyyən olunur. İddiaçı həmin qərarın qeyd edilən tarixdə ona təqdim edildiyini mübahisələndirmir.
16. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçının vəkili tərəfindən təqdim edilən ərizədə bildirilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı vergilər Departamenti tərəfindən qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarı ilə hüquqlarının pozulması Qaradağ Rayon Məhkəməsində araşdırılan cinayət işi üzrə 12 iyul 2019-cu il tarixli, 1(002)-02/2019 qərarı qəbul olunduqdan sonra məlum olmuşdur. Həmin qərardan inzibati orqan tərəfindən 05.11.2020-ci il tarixində apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin buraxılması səbəbindən məhkəmə tərəfindən şikayət geri qaytarılmışdır. Daha sonra inzibati orqanla aralarında şifahi və yazılı danışıqlar aparılmış və müəssisənin 111325,46 manat məbləğində mənfəət vergisinin və 47069,92 manat sanksiya məbləğlərinin cəmiyyətin 01.01.2021-ci il tarixinə qədər olan cari borcları ilə əvəzləşdirilməsinə köməklik göstəriləcəyinə söz verilmişdir. Lakin sonradan inzibati orqan tərəfindən 25.05.2021-ci il tarixli məktubla ərizəsinin icrası qeyri-mümkün hesab edilmişdir. Göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı vergilər Departamenti tərəfindən qəbul edilmiş 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarından verilmiş şikayət üzrə prosessual müddəti bərpa edilməli olduğu bildirilmişdir. Məhkəmə qeyd edilən dəlili ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İddiaçı 23.05.2016-cı il tarixli qərar ona təqdim olunandan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə həmin qərarı mübahisələndirməmişdir. İddia ərizəsi məhkəməyə 18.06.2021-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
17. Məhkəmə hesab edir ki, tələbin “01.01.09.2012-01.09.2015-ci illər üzrə dövrü əhatə edən yoxlama nəticəsində "xxxx" ASC-nin şəxsi hesabından əsassız silinmiş 111325,46 manat məbləğində mənfəət vergisinin və 47069,92 manat sanksiya məbləğlərinin cəmiyyətin 01.01.2021-ci il tarixinə qədər olan cari borcları ilə əvəzləşdirilməsi öhdəliyinin qoyulması” hissəsi mübahisələndirilən 23.05.2016-cı il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında №**********016686 qərarın nəticəsidir. Odur ki, əsas tələbin mümkün sayılmaması onun nəticələrinin də tətbiqini mümkünsüz edir.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva