Məhkəmə qərarları › İş №e-2-1(112)-13084/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13084/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13084/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı əsassız ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli 711 nömrəli məktubunda bildirilmişdir ki, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 Aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 Aprel 2020-ci il tarixli Fərmanının 1-ci bəndində "Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirmə altsisteminin yaradılması ilə əlaqədar verilmiş tapşırıq icra edilir. Sənədin işlənilməsi zamanı xətaya yol verildiyi müəyyən olundu. Qeyd olunan səbəbi nəzərə alaraq, sənədin “qüvvədədir” statusundan “etibarsız” statusuna keçirilməsinə köməklik göstərilməsi xahiş edirik. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən sənədlərinin etibarsız edilməsi nəzərdə tutulmuş vətəndaşların adlarının siyahı və cədvəl formasını, həmçinin sənədlərin surətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Cədvəlin 29-cu bəndindən görünür ki, Cavabdeh barəsində yanlış daxil edilən məlumat – xx.xx.2007-ci il tarixli 343 nömrəıi qərar, kateqoriya hərbi toplanışa çağırılan vətəndaş, xəsarət tarixi: xx.xx.1994, çağırılma tarixi: xx.xx.1994; Düzgün olan məlumat isə - xx.xx.2007-ci il tarixli 343 nömrəli qərar, kateqoriya hərbi qulluqçu, xəsarət tarixi: xx.xx.2007, çağırılma tarixi: xx.xx.1994. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli 343 nömrəli Qərarında göstərilmişdir: Bakı ş. Əzizbəyov RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş Cavabdeh hərbi xidmətdən tərxis edildikdən sonra təyin edilmiş və xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə kimi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Neyroinfeksiyadan sonrakı bazal araxnoidit. Dien- sefal sindrom, teztez vegetativ-damar krizlərlə. İfadə olunmuş hipertenzion sindrom. Görmə sinirlərinin hissəvi atrofıyası. VİSOU-0,7» (Əzizbəyov RHK-nın xx.xx.2007-ci il tarixli 3/690 nömrəli göndərişi, 3/46 nömrəli arayışı, Mirqasımov adma Respublika Klinik xəstəxanasından verilmiş xx.xx.2007-ci il tarixli 623 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi, hərbi biletdən çıxarışlar, MN MHHK- nın ekspertiza bölməsinin rəisi-həkim nevropatoloqunun xx.xx.2007ci il tarixli rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Əlillik siyasəti şöbəsinin müdirinin xidməti məruzəsindən görünür ki: Komissiya tərəfindən Cavabdeh dair xx.xx.2007-ci il tarixli 343 nömrəli qərarda xəsarət tarixi xx.xx.2007-ci il olduğu halda, altsistemə xx.xx.1994-cü il tarix daxil edilmiş, səhvə yol verildiyi aşkarlanmış və düzəliş olunması məqsədilə sənədin “qüvvədədir” statusundan “qüvvədən düşmüş” statusuna keçirilməsi zərurətinin yarandığı qeyd edilmişdir. Altsistemdə Cavabdeh xx.xx.1994-cü il tarixində xəsarət aldığı qeyd edildiyinə və hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi olan şəxs olduğuna görə vətəndaşın birdəfəlik ödəmə almaq hüququ yaranmış və ona proaktiv qaydada 6600 AZN ödəniş getmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1513 nömrəli fərmanına əsasən xəsarət aldığı tarix 1997-ci ilin avqustun 2-dək olan həmin kateqoriyadan olan şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, Cavabdeh xəsarət aldığı tarix xx.xx.2007-ci il olduğundan yuxarıda qeyd edilən kateqoriyaya aid edilmir və qeyd edilən dəyişiklik vətəndaşı birdəfəlik ödəmə almaq hüququndan məhrum edir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız ödənilmiş 6600 manat pul vəsaitinin ondan tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına (bundan sonra – Fərman) əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə (vərəsələrə) - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Məlum olduğu kimi 1997-ci il 2 avqust tarixədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliklə) bağlı müvafiq məlumatları Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən (bundan sonra – Komissiya) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” (bundan sonra – HHETŞ) altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliklə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada həyata keçirilir. Bununla əlaqədar, iddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6600 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasının Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 711 nömrəli məktubunda Cavabdeh xx.xx.2007-ci il tarixli 343 nömrəli qərarda xəsarət aldığı tarix xx.xx.2007-ci il qeyd edildiyi halda, Müdafiə Nazirliyi tərəfindən altsistemə səhvən xx.xx.1994-cü il tarixinin daxil edildiyi bildirilmişdir. Cavabdeh birdəfəlik ödəmə almaq hüququ mövcud olmadığından ona birdəfəlik ödəmənin geri qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-253678/2024 nömrəli məktub göndərilmişdir. Fondun müraciətinə cavab olaraq, Cavabdeh xx.xx.2025-ci il tarixdə könüllü qaydada ərizə yazaraq artıq ödəmə məbləğini aylıq 150 manat olmaqla Fondun müvafiq bank hesabına köçürəcəyini bildirmişdir. Cavabdeh tərəfindən Fondun bank hesabına vəsait köçürülmədiyi nəzərə alaraq, vətəndaşla əlaqə saxlanılan zaman artıq ödəmənin geri qaytarılması ilə bağlı könüllü ərizə təqdim etməsinə baxmayaraq vəsaiti mərhələli qaydada geri qaytarmaqdan imtina etdiyini bildirmişdir. Beləliklə, cavabdehə əsassız ödənilmiş 6600 manat məbləğ dövlət büdcəsinə geri qaytarılmalıdır. Xüsusilə vurğulanmalıdır ki, hazırkı iş etimad hüququnun təsir dairəsindən tamamilə kənardadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Qeyd etmək istərdik ki, 6600 manat əsassız ödəmənin qanunsuz olduğunu bilmiş və ya kobud ehtiyatsızlıq nəticəsində bilməmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-300/2023 nömrəli qərarında Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir (qərar əlavə olunur). Adıçəkilən məhkəmə qərarında qeyd olunmuşdur ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya qarşı yazılı münasibət təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabər hüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki halları ilə müəyyən olunur ki, 1997-ci il 2 avqust tarixədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliklə) bağlı müvafiq məlumatları Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliklə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə həyata keçirilmişdir. Bununla əlaqədar, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6600 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubunda müvafiq şəxslərin (o cümlədən Cavabdeh) sənədlərinin işlənilməsi zamanı xətaya yol verildiyi və həmin şəxslərin sənədinin “qüvvədədir” statusundan “etibarsız” statusuna keçirilməsi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 88/1539 nömrəli məktubu ilə bildirmişdir ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə hərbi xidmətdə olmamış və xəsarət almamışdır. Cavabdeh xx.xx.2007-ci il tarixdə hərbi xidmətdən ehtiyata təxris olunmuş, yəni xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stosianar müalicədə olmuşdur. MN MHHK-nın yuxarıda qeyd olunan xx.xx.2007-ci il tarixli 343 nömrəli qərarı ilə həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi təyin edilmişdir. Həmin məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əzizbəyov Rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 3/46 nömrəli Arayışına əsasən Cavabdeh xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikası MN-nin xx.xx.2007-ci il tarixli 0639 N-li əmrilə ehtiyata tərxis olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli 343 nömrəli Qərarında göstərilmişdir: Bakı ş. Əzizbəyov RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş Cavabdeh hərbi xidmətdən tərxis edildikdən sonra təyin edilmiş və xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə kimi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Neyroinfeksiyadan sonrakı bazal araxnoidit. Dien- sefal sindrom, teztez vegetativ-damar krizlərlə. İfadə olunmuş hipertenzion sindrom. Görmə sinirlərinin hissəvi atrofıyası. VİSOU-0,7» (Əzizbəyov RHK-nın xx.xx.2007-ci il tarixli 3/690 nömrəli göndərişi, 3/46 nömrəli arayışı, Mirqasımov adma Respublika Klinik xəstəxanasından verilmiş xx.xx.2007-ci il tarixli 623 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi, hərbi biletdən çıxarışlar, MN MHHK- nın ekspertiza bölməsinin rəisi-həkim nevropatoloqunun xx.xx.2007ci il tarixli rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınmışdır:

1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.

2. Müəyyən edilmişdir ki: 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir; 2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 1.3. Birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. 1.4. Bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı xidmətlər elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə göstərilir. ... 2.1. Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. 2.3. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir. ... 3.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. 3.2. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə birdəfəlik ödəmə və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq, dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Fond tərəfindən bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada ödənilir. 3.3. Birdəfəlik ödəmə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq Fond tərəfindən nağdsız qaydada ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə Cavabdeh xəsarətin alma tarixinin yanlış olaraq xx.xx.1994-cü il tarix qeyd edilmə səbəbi ilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh 6600 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Halbuki, cavabdeh xx.xx.2007-ci il tarixdə xəsarət almış, həmin tarixdə hərbi xidmətdən ehtiyata təxris olunmuş və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli 343 nömrəli Qərarı ilə xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq sənədlərin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə işlənilməsi zamanı xətaya yol verildiyi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir. Beləliklə, Cavabdeh əsassız olaraq 6600 manat birdəfəlik ödəmənin inzibati orqanın təqsiri üzündən verilməsi öz təsdiqini tapmamışdır. O cümlədən Cavabdeh tərəfindən ona ödənilən 6600 manat birəfəlik ödəmənin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə verildiyini, onun isə həmin dövrdə deyil yalnız xx.xx.2007-ci il tarixdə xəsarət almasını bildirməməsi onun dürüst davranmaması kimi və bu baxımdan etimad hüququnun qorunmağa layiq olmaması kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin 1997-ci il avqustun 2-dək xəsarət almadığını və bununla bağlı birdəfəlik ödəniş almaq hüququnun olmadığını bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Cavabdeh isə onun xx.xx.2007-ci il tarixdə xəsarət alması barədə iddiaçını məlumatlandırmaq əvəzinə əsassız olaraq ona ödənilən birdəfəlik vəsaiti almışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı mübahisədə cavabdehə edilmiş ödəniş inzibati orqanın təqsiri üzündən baş verməmiş və iddiaçının təqsirli davranışına bağlı olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, əsassız olaraq ödənilmiş 6600 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh əsassız ödənilmiş 6600 (altı min altı yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar