Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13093/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi ev 37 ünvanında yerləşən 39 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1993-cü ildən ünvan 1 ünvanında yerləşən 39 saylı mənzildə yaşayır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 376 saylı, 20 dekabr 2024-cü il tarixli sərəncamına əsasən ona faktiki olaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi ev 37, 39 saylı mənzil daimi istifadəsinə verilmiş və xx.xx.2024-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq həmin mənzilə qeydiyyatı olmamaqla bağlı imtina verilmişdir. İmtina məktubu qanunsuz və əsassızdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda da adları çəkilən qonşular öz imzaları ilə təsdiq edirlər ki, iddiaçı 39 saylı mənzildə 1993-cü ildən bəri daimi yaşayır. 152 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 1142 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən o, ünvan 3 ünvanında 1993-cü ildən bəri daimi yaşayır. 1993-cü ildən başqa yaşayış yeri olmadığından həmin mənzildə yaşamışdır. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə analoji qərarları mövcuddur və vahid məhkəmə təcrübəsi iddianın əsaslı olmasına dəlalət edir. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 37 saylı evin, 39 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 376 saylı sərəncamı xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmçinin məhkəməyə təqdim olunan MKTB-nin arayışına əsasən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 37 saylı evin, 39 saylı mənzilinə yaşayış yeri üzrə xx.xx.2025-ci il tarixdən qeydiyyata alındığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı müvafiq ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı 07 yanvar 2025-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 37, mənzil 39 ünvanında qeydiyyatdadır. - Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının “Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 37,39 saylı mənzilin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi və adına kirayə müqaviləsinin bağlanması barədə” xx.xx.2024-cü il tarixli 376 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı 1993-cü il tarixdən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 37, 39 saylı mənzildə qevdiyyatsız yaşayır (152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışı). İddiaçı faktiki olaraq yaşadığı mənzildən başqa digər yaşayış yerinin olmadığını nəzərə alaraq “Yerli icra hakimiyyətləri haqqında əsasnamə” nin 3.9.6-cı, 4.9.8-ci və 6.8-ci bəndlərinə əsaslanaraq, qərara alınmışdır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 37, 39 saylı mənzil vətəndaş İddiaçı daimi istifadəsinə verilsin, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 37, 39 saylı mənzilinə dair vətəndaş İddiaçı ilə kirayə müqaviləsi bağlanmış hesab edilsin. - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2025-ci il tarixli 3-52- 13-4/2-196/2025 nömrəli məktubundan görünür ki ünvan 5 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 152 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə mövcud vəziyyətdə təhvil alınmışdır. İddiaçı hazırda bu sərəncama istinad edərək onun sözügedən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mmç çənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Lakin işdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı həmin mənzilə hüquqularının xx.xx.2009-cu il tarixədək yaranmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. İddiaçının 1993-cü ildən faktiki olaraq həmin mənzildə yaşaması barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”yə malik olduğunu deməyə əsas vermir. Çünki qanuni gözləntinin əmələ gəlməsi üçün hüquqi əsas olmalıdır. Hazırkı halda isə iddiaçının qanuni gözləntisi olması üçün xx.xx.2009-cu il tarixədək hüquqi əsası mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-13093/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13093/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver