Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13129/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın və çıxarışın verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR Bakı şəhəri Kommunal Təsərrüfatı tərəfindən 1946-cı ildə iddiaçının mərhum atası X3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsi ev 14 (əvvəlki Basin küçəsi 14) yerləşən ümumi sahəsi 612.4 kv.m olan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X3 məxsus olması barədə elektron arayışın verilməsi və torpaq sahəsinin və fərdi yaşayış evinin qanuni vərəsə olaraq, iddiaçının adına dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən onun “torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüquqların dövlət qediyyatına alınaraq elektron arayışın verilməsi, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi tələbinə dair” ərizəsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iş materiallarına vərəsəlik şəhadətnaməsi əlavə olunmamışdır. Həmin imtina əsassız və qanunsuzdur. Belə ki, vərəsəlik şəhadətnaməsi yalnız daşınmaz əmlak dövlət qeydiyyatına alındıqdan sonra mümkündür. Bundan başqa, mərhum atasının adına elektron arayışın verilməsini xahiş etmiş və müvafiq sənədləri də əlavə etmişdir. Buna baxmayaraq, cavabdeh formal mülahizələr ilə ona imtina etmişdir. Azərbaycan SSR Bakı şəhəri Kommunal Təsərrüfatı tərəfindən 1946-cı ildə iddiaçının mərhum atası X3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsi ev 14 (əvvəlki Basin küçəsi 14) yerləşən ümumi sahəsi 612.4 kv.m olan torpaq sahəsi ayrılmışdır. Həmin ildə atası tərəfindən sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli, ümumi sahəsi 70.8 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Hazırda həmin ev yeni proyekt ilə dəyişdirilmişdir. Sözügedən torpaq sahəsi və üzərindəki ev artıq 87 ildir ki, onların qanuni istifadəsindədir. X2 xx.xx.1990-cı il tarixdə, anası X4 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Anasının qoyduğu vəsiyyətnaməyə əsasən bütün əmlakı ona vəsiyyət edilmişdir. Əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən tikilinin və torpaq sahəsinin texniki pasportunun təsdiq olunmuş surəti təqdim edilmişdir. Torpaq sahəsinin həmin texniki pasportda qeyd olunan ölçüləri ilə faktiki ölçüləri düz gəlir. Qeyd olunanlara baxmayaraq, mərhum atası torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini özəlləşdirmədən vəfat etmişdir. Hazırda həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 202 saylı qərarına əsasən “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: “7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi (7.1.) Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. (7.2.) Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış "Elektron hökumət" portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur" "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu Qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 4-cü abzasının tələbindən də görünür ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-İ-0335-8/2023 **********54 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İV-ЖГ seriyalı 379320 saylı xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə ölmüşdür. A3 seriyalı 065235 saylı xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X5; atası – X6). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-40088/2023 **********88 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin arxivində ünvan 2 ünvanına dair X1 adına 1961-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur və həmin texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında hazırlanmış **********54 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunun surəti də qoşmaya əlavə edilmişdir. Sözügedən torpaq sahəsinə dair müayinə aktının tərtib olunması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinin pasportundan görünür ki, Bakı şəhəri, Binə qəsəbəsi, keçmiş Basin küçəsi ünvanında yerləşən 14 saylı evə dair iddiaçının mərhum atası X1 adına 5p60x saylı sentyabr 1961-ci il tarixli texniki pasport tərtib edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir (iddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq hüquqi yardım məktubunu təhvil almışdır). İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə yerində müayinə keçirildikdən sonra məhkəmə iclasının davam etdirilməsini məqsədəuyğun hesab etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyəqədər inzibati icraat zamanı cavabdeh quruma vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə də iddiaçının subyektiv hüququnu – hüquqi marağını təsdiq edən sənədlər (vərəsəlik işinin açılması, vərəsələr dairəsinin müəyyən edilməsi barədə sənədlər və ya vərəsəlik şəhadətnaməsinin noratial qaydada təsdiq edilmiş surəti) əlavə edilməmişdir. Bu barədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. İddiaçıya məhkəmənin hüquqi yardım haqqında məktubu xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Lakin qeyd edilən çatışmazlıq iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-13129/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13129/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver