Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13136/2025 05.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs X9) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin üzərində Magerramova (Məhərrəmova) Aida Muxtar qızının mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, iddiaçı X5 1994-cü ilə qədər ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və “Qum adası” NQÇİ-də çalışmışdır. X2 RİK-nin xx.xx.1984-cü il tarixli, 42 nömrəli qərarı ilə ailə tərkibi 3 nəfər (özü, atası, bacısı) olmaqla mənzil növbəsinə götürülmüşdür. Sonra Suraxanı RİK-nin xx.xx.1991-ci il tarixli, 03 nömrəli qərarı ilə ailə tərkibində dəyişiklik edilmiş (özü, əri və qızı) mənzil növbəsinə götürülmüş, atası və bacısı mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 135 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Razin (indiki Zaur Şərifov) küçəsi ev 2, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 38.26 kv/m olan m3 otaqlı 2 nömrəli mənzil iddiaçı Aida Məhərrəmovaya verilmiş və xx.xx.1994-cü il tarixli, 020306 nömrəli “ORDER” yazılmışdır. Qeyd olunan mənzil iddiaçıya verildiyi zaman birinci Qarabağ müharibəsi zamanı öz doğma evlərindən didərgin düşmüş soydaşları artıq həmin mənzildə məskunlaşmışlar. Ağır həyat şəraiti yaşamış qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdə qalması səbəbindən iddiaçı öz mənzilində yaşaya bilməmişdir. Sonra yaşamağa mənzili olmayan və ağır həyat şəraiti ilə üzləşən iddiaçı məcburən Rusiya Federasiyasına köçmüş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Ötən müddət ərzində iddiaçı mütəmadi olaraq Azərbaycan Respublikasına gəlmiş, mənzillə maraqlanmış, mənzildə məskunlaşmış şəxslərlə davamlı əlaqədə olmuşdur. Həmin şəxslər də hər zaman iddiaçını normal qarşılamış, mənzilin onun olduğunu etiraf etmiş, müvafiq yaşayış sahəsi ilə təmin olunduqları zaman mənzildən çıxacaqlarını bildirmişlər. İddiaçı X5 bəhs edilən mənzilin sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin iddiaçının qeyd olunan mənzildə yaşayış üzrə qeydiyyata alınmadığı və yaşamadığı səbəbi ilə ona məxsus mənzilin sənədləşdirilməsindən imtina edilmişdir. İddiaçı X5 2025-ci ilin may ayından etibarən öz mənzilinə (ünvan 2 ünvanda məskunlaşmış məcburi köçkünlərlə birlikdə yaşamağa başlamışdır. A.Məhərrəmova həmin mənzildə müvəqqəti yaşamaq üçün öncə 2 aylıq, daha sonra isə 2 illik olmaqla müvəqqəti yaşamaq üçün icazə alaraq, müvafiq sənəd əldə etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı A.Məhərrəmovaya mənzilin sənədləşdirilməsi üçün verilmiş imtina səbəbi aradan qalxdığı üçün iddiaçı yenidən qeyd olunan idarəyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən isə xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya şablon cavab verilərək, ona xx.xx.2024-cü il tarixli, **********41 nömrəli məktubla cavab verildiyi qeyd edilmişdir. Aşağıda qeyd olunanlara əsasən verilmiş imtina cavabının əsassız olması qənaətindədir. Belə ki, iddiaçı Aida Məhərrəmova faktiki olaraq ona ayrılmış mənzildə yaşayır və həmin mənzildə yaşamaq icazəsi verilmiş Müvəqqəti Yaşamaq üçün İcazə sənədi əldə etmişdir. İddiaçı Aida Məhərrəmovanın qeyd olunan mənzildə yaşamağa başlaması ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaşa təqdim edilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunan səbəb artıq öz aktuallığını itirmiş və məsələ öz həllini tapmışdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 2 saylı evin, 2 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bundan əlavə, iddiaçı tərəfindən İdarənin mütəxəssislərinə müvafiq daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
4. xx.xx.1994-cü il tarixli, 020306 nömrəli orderin surətinə əsasən İddiaçı2 4 nəfər ailə tərkibi (özü, əri, iki oğlu) ilə birlikdə yaşamaq üçün Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Razin (indiki Zaur Şərifov) küçəsi ev 2, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 38.26 kv.m olan 3 otaqlı 2 nömrəli mənzil verilmişdir.
5. Dövlət Arxivinin Bakı Filialı tərəfindən 06 mart 2024-cü tarixli 3-48-2F/2-M-1282-8- 1292/2024 saylı məktubla verilmiş Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 135 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Razin (indiki Zaur Şərifov) küçəsi ev 2, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 38.26 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilin 4 nəfər ailə tərkibi (özü, əri, iki oğlu) ilə birlikdə İddiaçı2 verilməsi qərara alınmışdır.
6. Rusiya Federasiyası tərəfindən verilən Xİ-MİO 703858 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə edilmiş surətinə əsasən X10 29 iyul 2015-ci il tarixdə Moskva şəhərində vəfat etmişdir.
7. X6 Rusiya Federasiyası Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilən ərizəsində bildirilmişdir ki, o, Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən mənzilin anasına 18 fevral 1994-cü il tarixli 020306 nömrəli "Order" əsasında X1 (İddiaçı1) adına qeydiyyata alınmasına etiraz etmir.
8. X3 etibarnamə üzrə nümayəndəsi X6 Rusiya Federasiyası Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilən ərizəsində bildirilmişdir ki, X7 Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən mənzilin anasına 18 fevral 1994-cü il tarixli 020306 nömrəli "Order" əsasında X1 (İddiaçı1) adına qeydiyyata alınmasına etiraz etmir.
9. Məhkəmənin sorğusuna əsasən Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli 3-36-3/2-5148/2025 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda qeyd olunan ünvan 4 ünvanında Ağdam şəhərindən məcburi köçkün X9 1993-cü il tarixindən məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq məskunlaşmışdır.
10. Məhkəmənin sorğusuna əsasən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
16. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
17. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan imtinanın əsası kimi X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 2 saylı evin, 2 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığının müəyyən edildiyini göstərmişdir.
18. Məhkəmə ilk növbədə iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olubolmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
23. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilən sərəncam xx.xx.1994-cü il tarixli olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Bundan əlavə xx.xx.1994-cü il tarixli orderə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Razin (indiki Zaur Şərifov) küçəsi ev 2, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 38.26 kv.m olan 3 otaqlı 2 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq üçün Suraxanı Rayon İH–nin sərəncamına əsasən iddiaçıya verilmişdir. İddiaçı sözügedən mənzildə 1994-cü ildən yaşayır və həmin hal order ilə də təsdiq olunur.
25. Məhkəmə sərəncamda və orderdə qeyd olunan ailə üzvlərinin razılığının olub-olmaması barədə qeyd edir ki, iş materiallarına olan razılıq ərizələri sözügedən mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazlarının olmamasını təsdiq edir (orderdə qeyd olunan ailə üzvlərindən biri vəfat etmişdir).
26. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak 1994-ci il tarixli sərəncam və order əsasında ayrılmışdır və mənzilə dair hüquq münasibətləri 1994-ci ildən, başqa sözlə 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Bu işin mübahisələndirilməyən halıdır.
27. İddiaçının həmin ünvan yaşayış yeri üzrə qeydiyyata alınmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hal imtinası üçün əsas hesab edilə bilməz. Belə ki, şəxsin hazırda yaşadığı mənzil ona qanuni əsaslarla verilmişdir, yəni xx.xx.1994-cü il tarixli sərəncama əsasən iddiaçı ailə üzvləri ilə birgə mənzil ilə təmin olunmuş və buna dair 018658 nömrəli order verilmişdir. Həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin mövcudluğu və həmin sənəldərin mötəbərliliyi sübut olunduğundan məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki, cavabdeh iddiaçının daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatını apararaq mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etməkdə haqlı olmamışdır.
29. Məhkəmə mənzildə məcburi köçkün ailəsinin məskunlaşması ilə bağlı qeyd edir ki, həmin hal iddiaçının mənzilə dair mülkiyyət hüququnun tanınmasından imtina üçün əsas ola bilməz. Belə ki, sözügedən şəxslər hazırda müvəqqəti olaraq ünvan 7 ünvanında iddiaçı ilə birgə yaşayırlar. İcra hakimiyyətlərinin mənzil fondunda olan mənzilləri zəbt etmiş qaçqın və məcburi köçkünlərin hazırda dövlət proqramına əsasən dövlət tərəfindən inşa edilmiş evlərə köçürülməsi hamıya məlum olan haldır. İş materialları ilə də müəyyən olunur ki, hazırda həmin ünvanda qeydiyyatda olan şəxs yoxdur.
30. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışlardan görünür ki, cavabdeh orqan tərəfindən qonşuluğunda yerləşən mənzillərə eyni əsaslarla çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
32. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.
33. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zaur Şərifov küçəsi, ev 2 ünvanında yerləşən 2 saylı mənzilin mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva