Məhkəmə qərarları › İş №e-2-1(112)-1316/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1316/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1316/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin tibbi müayinələrin nəticəsi ilə uyğunlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qarabağ müharibəsi əlillik dərəcəsinin tibbi müayinələrin nəticəsi ilə uyğunlaşdıraraq ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi 08.11.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2006-cı ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı odlu silah yaralarına görə 2-ci dərəcəli müharibə əlili sayılırdı. 2019-cu ilin aprel ayında əlilliyin qiymətləndirilməsi qaydalarının 3.31-ci bəndinə müvafiq olaraq ilkin həkim-məsləhət komissiyasına (qeydiyyatda olduğu 6 saylı şəhər poliklinikası) səhhətinin kəskin pisləşməsinə görə müraciət etmişdir. Orada ağırlaşdırıcı hal kimi (gözlərinə görə) TSEK-ə müraciət edilmişdir. Avqustun 5-nə kimi onun heç nədən xəbəri yox idi. Təsadüfən o, internetdə görmüşdür ki, onun əlillik dərəcəsi 3-cü dərəcəyə endirilmiş və əsas kimi göz qişasının cırıq qopması kimi göstərilmişdir. Cavabdehin əməkdaşları Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Alt Sisteminə yalnış və ya natamam məlumatlar vermişlər, bu da öz növbəsində zəncirvari proseslərə gətirib çıxarmışdır. Ancaq bu da aydındır ki, sənədlərə sonda, gücləndirilmiş imzalar atılır. Yəni insan amili göz qabağındadır. O, cavabdehin təyinatı ilə razı deyildir. Ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin olunmalıdır. Göstərilənlərə əsasn iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, 14.01.2016-cı ildə iddiaçıya elektron təyinat aparılmış və əlilliyin müddəti 5 il uzadılmışdır. İddiaçıya 2019-cu ildə tibb müəssisəsinin göndərişinə uyğun olaraq gözdən əlillik təyin edilmişdir. 12.02.2020-ci il tarixdə isə iddiaçıya təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir, əlilliyin səbəbi ümumi xəstəlik, gözdən əlil müəyyən edilmişdir. İddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara əsasən ümumi xəstəlik səbəbi ilə gözdən əlilliyə görə təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 08.11.2006-cı il tarixdə ilkin müayinə zamanı ikinci dərəcəli 1 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o- 1/3nin qəlpə yarası.Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. İş materiallarında olan İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 14.01.2016-cı il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o- 1/3nin qəlpə yarası. Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. İş materiallarında olan İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 19.07.2019-cu il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: OS-Tor qişasının cırılma ilə qopması. OS Monokulyar korluq. OU-fəsadlaşmış katarakta. Sağ dirsək sinirinin travmadan sonrakı nevriti. VİS OD-03 k/ilə.0.5. VİS OS-0 (sıfr). Əmək zəmanəti: görmə itiliyi tələb olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. İş materiallarında olan İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 12.02.2020-ci il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: H33.0 Tor nişanın cırılma ilə qopması, OS-Torlu qişanın qopması. VİS.OD=0.2 k/ilə.0.7.(onda yeddi) VİS OS=0 (sıfır). əmək zəmanəti barədə: görmənin aktiv iştirakı olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 126/2021 saylı 01.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir. Vətəndaş İddiaçı hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın; 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir; 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir; 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 14.01.2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən səhiyyə müəssisəsinin göndərişi əsasında 19.07.2019-cu il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. lakin sonradan iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 12.02.2020ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibbi göstəriş olan xüsusi hal mövcud deyildir, bununla əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir, lakin iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Göründüyü kimi, iddiaçının 12.02.2020-ci ildə əlillik vəziyyətinin qiymətləndirilməsi və və ona ümumi xəstəlik səbəbindən (gözdən əlil) üçüncü dərəcəli müddətsiz əlilliyin təyin edilməsi onun sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara, onun tibbi müayinə və müalicələrinin nəticələrinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar