Məhkəmə qərarları › İş №e-2-1(112)-13310/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13310/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13310/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 77 saylı doğum haqqında akt qeydi əsasında verilmiş doğum haqqında təkrar şəhadətnamənin İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşam. Lakin şəxsiyyəti təsdiq edən sənəddə yanlış olaraq doğum tarixi “xx.xx.1978-ci il” qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsindəki doğum tarixi məlumatının dəyişdirilməsi və doğum tarixinin əslində olduğu kimi yazılması üçün şəxsiyyət vəsiqəsini verən orqana müraciət olundu. Oradan bildirilmişdir ki, şəxsiyyət vəsiqəndəki qeyd olunan məlumatın dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi zəruridir. İddiaçı doğum haqqında şəhadətnaməni itirdiyi üçün şəhadətnamənin təkrarının verilməsinə görə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsin xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 12 fevral 1975-ci il tarixdə tərtib olunmuş 77 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı 05 fevral 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında X4 və Məhtavan Quliyevanın adları göstərilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və hazırki tələb ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə AZE-01790221 nömrəli, xx.xx.2013-cü il tarixdə isə AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1942-ci il təvəllüdlü X4 (xx.xx.2024-cü ildə vəfat etmişdir) və X1 olan xx.xx.1971-ci il təvəllüdlü Samirə Quliyeva, xx.xx.1973-cü il təvəllüdlü Samir Quliyev, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, xx.xx.1979-cu il təvəllüdlü Anar Quliyevin doğum haqqında məlumat aşkar edilmişdir. İddiaçı xx.xx.2005ci ildə Səadət sarayında (Bakı nikah evi) X2 ilə nikaha daxil olmuş, nikahın pozulması xx.xx.2008-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. M.Həsənov və İddiaçı nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Qüdrət Həsənovun doğumu Ağdaş rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Qaydanın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Qaydaların 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Əgər nikah pozulubsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər. Qaydaların 9.8-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə rəisinin (komandirinin) adına göndərilə bilər. Təkrar şəhadətnamələrin seriyası və nömrəsi, verilmə tarixi, qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissənin və digər dövlət orqanlarının adı barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. Kağız daşıyıcıda şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir. Təkrar şəhadətnamə elektron qaydada təqdim edildikdə “Elektron şəhadətnamənin qeydiyyat nömrəsi, qeydə alan orqan barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, doğum haqqında şəhadətnamə şəxsin doğulduğunu və hüquqi statusunu təsdiq edən sənədlərdən biridir. Bu sənəd vətəndaşın adı, doğum tarixi və yeri, valideynlərinin adları kimi məlumatları özündə əks etdirir. Şəhadətnamə dövlətin müvafiq orqanı – qeydiyyat şöbəsi tərəfindən təqdim olunur ki, bu sənəd, vətəndaşın hüquqi şəxs kimi tanınmasının əsas şərtlərindən biri kimi çıxış edir. Məhkəmə diqqətə çatdırır ki, şəxs doğum haqqında şəhadətnamini itirdiyi təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın tələbləri baxımından doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciət etmək hüququna malikdir. Hazırki tələb ilə iddiaçı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 77 saylı doğum haqqında akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsinə nail olmaq istəyir. Lakin cavabdeh onun müraciətinin təmin etməkdən imtina etmiş, doğum haqqında akt qeydində və şəxsiyyət vəsiqəsində onun doğum tarixi ilə bağlı ziddiyyətli məqamların olduğunu qeyd etmişdir. Doğrudur ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə) və vətəndaşın doğum haqqında şəhadətnaməsi tələb olunur. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasında qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Ümumməlum olan faktdır ki, 2000-ci ilin əvvəllərindən başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi başlanılmış, o vaxta kimi isə vətəndaşlara pasport və ya müvəqqəti şəxsiyyət vəsiqəsini təsdiq edən Forma 9 arayışının verilməsi həyata keçirilirdi. Hüquqi müstəvidən olan bu yanaşma əsasında Məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçının şəxsiyyət vəsiqəsində onun doğum tarixi düzgün göstərilməsə də, bu hal hazırki vəziyyətdə ona doğum haqqında şəhadətnamənin verilməsini istisna etməməlidir. Belə ki, doğum haqqında akt qeydində və “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə iddiaçı barəsində daxil olmuş məlumatların müqayisəli təhlili nəticəsində görünür ki, İddiaçı Bakı şəhərində doğulmuş, X4 və Məhtavan Quliyeva onun valideynləri olmuşdur. Göründüyü kimi doğum haqqında akt qeydinin həqiqətən də hazırki iddiaçıya aid olması yuxarıda göstərilən arqumentlər ilə təsdiq olunur. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydinin olması onun həmin dövrdə doğum haqqında şəhadətnamənin olmasına əsas verir ki, şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv göstərilməsindən asılı olmayaraq, akt qeydinin ona məxsus olduğu müəyyən edildiyindən, onun həmin akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə ilə təmin olunmaq hüququ yanır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 77 saylı doğum haqqında akt qeydi əsasında verilmiş doğum haqqında təkrar şəhadətnamənin İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar