Məhkəmə qərarları › İş №e-2-1(112)-1332/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1332/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1332/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, fərdi sahibkar İddiaçı aid təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama nəticəsində aşağıdakı vergi məsuliyyəti tədbirləri görülmüşdür. ünvan 1 ünvanda yerləşən “Padişah” şirniyyat evində keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmişxx.xx.2022-ci il tarixli 006076 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 8 işçi aşkar edilmiş, onlardan ikisi ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı ilə əsasən iddiaçıya 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı aşağıda göstərilən səbəblərdən, inzibati orqanın xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarının ləğv edilməsini zəruri hesab edir. Vergi orqanı tərəfindən əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsi kimi göstərilmiş şəxslərdən Kubra Həmzəyevanın işçi kimi sənədləşdirilməsi barədə sahibkar məhz operativ nəzarətin həyata keçirildiyi gün - xx.xx.2022-ci il tarixdə qərar vermiş, sənədləşməyə başlanması ilə eyni vaxtda o obyektə dəvət olunmuşdur. İşçinin əmək müqaviləsinin qeydiyyatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e.gov.az saytından yeni alt sistemi olan emas.sosial.gov.az saytına keçirilməsi səbəbindən, Kübra Həmzəyevanın işçi kimi qeydiyyata alınması prosesində texniki çətinlik yaranmış, əmək müqaviləsinin qeydiyyatı yalnız xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Həmin dəqiqədən cəmi 45-50 dəqiqə əvvəl vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarətinə başlanmışdır. Vergi orqanının mövqeyinə görə əmək müqaviləsi olmadan muzdlu işə cəlb edilmiş digər şəxs Nərgiz Muradova, həmin an mağazada işə götürmə və işlə bağlı tanışlıq üçün olmuş, onun işə götürülməsi ilə bağlı sahibkarla həmin şəxs arasında razılıq əldə edilməmişdir. Vergi yoxlaması həyata keçirilən zaman, Nərgiz Muradova işçilər üçün nəzərdə tutulmuş geyim formasında olmamış və heç bir əmək funksiyalarını yerinə yetirməmişdir. Bu hal, onun həmin an iddiaçının işçisi olmadığını sübuta yetirir. Nərgiz Muradova ilə razılaşma əldə edildikdən sonra, həmin günün sonunda qeydiyyata alınmışdır. İddiaçı məlumat üçün bildirmişdir ki, qeyd olunan obyekt sahibkar tərəfindən yoxlamadan cəmi bir neçə gün əvvəl icarəyə götürülmüş, xx.xx.2022-ci il tarixdə obyektə**********-17001 kodu verilərək sahibkarın təsərrüfat subyekti kimi uçota alınmış, xx.xx.2022-ci il tarixdə obyektin nəzarət kassa aparatı qeydiyyata alınmış və aparat təhvil verilmişdir. Yəni, obyekt mübahisələndirilən qərarların rəsmiləşdirildiyi vergi yoxlaması keçirilən tarixdən bir neçə gün əvvəl fəaliyyət başladığından, işçilərin işə götürülməsi və ştat cədvəlinin komplektləşdirilməsi davam etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9370/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının vəkilinin “Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9459 saylı və Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********9457 saylı qərarlarının ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı səhəri X8 üzrə Bas İdarəsi icraatınızda olan e-2-1(112)-9370/2022 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********9459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********881900 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:17:13-də oxunduğu müəyyən edilmişdir. O cümlədən operativ vergi nəzarəti tədbiri nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 014037 nömrəli aktla rəsmiləşdirildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9457 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, aktda adı qeyd olunmuş fiziki şəxslərdən Kubra Həmzəyevanın işçi kimi sənədləşdirilməsi barədə sahibkar məhz operativ vergi nəzarətinin həyata keçirildiyi gün - xx.xx.2022-ci il tarixində qərar vermiş, həmin fiziki şəxsin əmək müqaviləsi qeydiyyatının aparılmasında texniki çətinlik yaranmışdır. Nərgiz Muradova həmin anda mağazaya işlə tanışlıq üçün gəlmiş və onun işə götürülməsi ilə bağlı sahibkarla həmin şəxs arasında razılıq əldə edilməmişdir. Qeyd olunanların əksinə bildiririk ki, işçi X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı tərəfindən “nəzarətçi” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, iş vaxtının saat 07:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Esmiranı tanıdğını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gün əvvəl İddiaçı tərəfindən “xadimə” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini və obyektdə özündən başqa işləyən işçilərdən Məmmədova Kəmalə, Kərimova Arzu, İbrahimova Şərqiyyəni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İddiaçı ərizəsində eyni zamanda əsassız olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli 014037 nömrəli aktda göstərilmiş nağd hesablaşmaların aparılması qaydalarının pozulması həqiqətə uyğun deyil, qeyd olunan məbləğ kassa aparatına mədaxil edilmişdir. Bildiririk ki, xx.xx.2022-ci il tarixdə saat 14:03-də tərəfimizdən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış torta görə 19 (on doqquz) manat ödəniş edildiyi, lakin ödənişin müqabilində NKA-ya çek vurulmadığı müəyyən olunmuş və uçotdan yayındırılmış məbləğ xx.xx.2022-ci il tarixində saat 14:07-də 18 nömrəli çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2022-ci il tarixli, **********733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221739036 nömrəli çıxarışın surəti; - xx.xx.2022-ci il tarixli **********7745 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin surəti; - xx.xx.2022-ci il tarixli **********5129 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərarının təsdiq edilmiş surəti; - xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli aktın surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********733 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: şirniyyat mğazası; ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 39) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221739036 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: “İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i:**********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 17001 şirniyyat mağazası; AZ 1066 Baki şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi, ev 39; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar)) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 006076 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən keçirilmiş operativ yoxlama zamanı iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən “Padişah deserti” şirniyyat mağazasında 8 (səkkiz) nəfər fiziki şəxs yoxlamaya cəlb edilmişdir. Cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsdən 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən 1.X6 və 2.X2 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9459 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9459 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilinəsi təmin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən DVX seriyalı 014037 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 14:03-də operativ vergi nəzarəti zamanı ünvan 7 ünvanında yerləşən “Padişah şirniyyat” evində aparılmış OVN nəticəsində alınmış 1(bir) ədəd torta görə 19 manat ödənildiyi, lakin ödənişin müqabilində NKA çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Yayındırılmış məbləğ saat 14:07-də 18 nömrəli çeklə bərpa edilmişdir. Nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən vergi nəzarəti zamanı izahatları alınmış 2 (iki) nəfər fiziki şəxsin izahatları iş materiallarına əlavə edilmişdir. İnzibati icraat zamanı izahatı alınmış X2 öz izahatında qeyd etmişdir ki, xx.xx.2022ci il tarixində işə qəbul edilmiş və onunla işəgötürən arasında əmək və xidməti müqavilə bağlanılmamışdır. İnzibati icraat zamanı izahatı alınmış X6 öz izahatında qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixindən xadimə vəzifəsinə təyin edilmiş və onunla işəgötürən arasında əmək və xidməti müqavilə bağlanılmamışdır. İnzibati icraat zamanı izahatı alınmış İddiaçı öz izahatında qeyd etmişdir ki, o, ünvan 8 ünvanında yerləşən “Padişah desserti” obyektində sahibkarlıq faəliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi obyektdə xx.xx.2022-ci il tarixdə saat 14.10-da OVN zamanı müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər işçinin 7 nəfəri ilə əmək müqaviləsi mövcud olmuşdur. Lakin həmin 7 nəfər işçidən 1 nəfər işçi X7 ilə bağlanılmış əmək müqaviləsi elektron informasiya sistemi xətasından OVN keçirilən vaxtdan 40 dəqiqə sonra sistemə düşmüşdür. Bir nəfər işçi X2 isə əmək müqaviləsi (kontraktı) olmadan fəaliyyət göstərmişdir. Məhkəmə prosesi gedişində X2 şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X2 verdiyi ifadəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman iş elanı ilə əlaqədar olaraq işin hansı qaydada görülməsinə baxmaq, tanış olmaq üçün getmişdir. Həmin vaxt iddiaçı ilə arasında heç bir müqavilə mövcud olmamışdır. Şahid məhkəmə iclasında verdiyi izahatında vergi orqanının nümayəndələrinin təzyiqi ilə onların diktə etdiyi qaydada yazdığını qeyd etmiş, həmin qaydada yazılmadığı təqdirdə cərimə olunacağını bildirmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında verdiyi ifadə onun izahatının cavabdeh inzibati orqan tərəfindən təzyiq altında diktə edilərək yazıldığını qeyd etmiş və buna dair hər hansı video görüntülərin də aparılmadığını bildirmişdir. Məhkəmə iclasında sədrlik edən, cavabdehin nümayəndəsinə video görüntünün təqdim edilməsini təklif etmişdir. Cavabdehin nümayəndəsi belə video görüntünün olmadığı üçün təqdim edə bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında verilmiş izahatlardan da görünür ki, yoxlama aparılan zaman həmin şəxs iş elanı ilə bağlı olaraq həmin vaxt iddiaçının sahiblik etdiyi obyektdə olmuşdur. İddiaçı tərəfindən işə cəlb edilmiş 1 nəfər fiziki şəxs X6 ilə sonradan əmək müqaviləsi bağlanılmış, bağlanmış əmək müqaviləsi vergi nəzarətinin həyata keçirilməsindən sonra müvafiq sistemə daxil edilmiş və o, rəsmi olaraq əmək fəaliyyətinə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər fiziki şəxs X2 verdiyi izahatda həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi həmin obyektə iş elanı ilə bağlı olaraq gəlsə də, sonradan həmin obyektdə işləməkdən imtina etmişdir. Həmin şəxsin iddiaçının sahiblik etdiyi obyektlə heç bir əlaqəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir. Belə ki, həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını vergi qanunvericiliyinin tələbləri baxımından, protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, cavabdehin iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsində operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunduğu qeyd edilsə də, eyni zamanda operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edildiyi də göstərilmişdir. Bundan başqa, 014037 nömrəli xx.xx.2022-ci il tarixli aktda iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdə saat 14:03-də Operativ vergi nəzarəti zamanı ünvan 7 ünvanında yerləşən “Padişah şirniyyat” evində aparılmış OVN nəticəsində alınmış 1(bir) ədəd torta görə 19 manat ödənildiyi, lakin ödənişin müqabilində NKA çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Yayındırılmış məbləğ saat 14:07-də 18 nömrəli çeklə bərpa edilmişdir. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsində göstərilmişdir ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarım təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 58.7.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət- kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarmdan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminallarm quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablamaları qaydalarının pozulması müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən iddiaçının istifadəsində olan “Padişah şirniyyat” evində müştəri tərəfindən alınmış torta görə 19 manat nağd pul ödənilmiş, lakin vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatına çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi tərəfindən həmin nağd pul ödənişinin sonradan nəzarət kassa aparatına vurulması göstərilən pozuntunun törədilməsinin etirafı kimi qiymətləndirilməldir. Bununla da iddiaçı tərəfindən qeyd edilən pozuntuya yol verilməsi sübuta yetirilmiş hesab olunmalıdır. Beləliklə də, xx.xx.2022-ci il tarixli **********9457 saylı qərar qəbul edilərəkən cavabdeh vergi orqanı tərəfindən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 36.2-ci maddəsinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 41.1-ci maddəsinə əsasən Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. - 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır... - 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.3-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : - 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 58.2-ci maddəsinə əsasən Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 62.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. - 62.4-cü maddəsinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. - 194.1-cü maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. “İnzibati icraat haqqında” Qanunun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, X2 iddiaçı ilə nə rəsmi, nə də qeyri-rəsmi olaraq əmək münasibətlərində olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər. Hazırkı halda cavabdeh məhkəməyə iddiaçının əmək müqaviləsi olmadan X1 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, eyni zamanda məhkəmə iclaslarında da iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. İddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübutun olmaması iddiaçının xeyrinə qiymətləndirilməlidir. Beləliklə, cavabdeh vergi orqanının mübahisələndirilən qərarının qismən əsaslı olması məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilməli, həmin qərar qalan hissədə ləğv edilməməlir. İddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixli **********9457 saylı qərar ləğv edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9459 saylı qərarı 1(bir) nəfər fiziki şəxs üçün (X2) tətbiq edilmiş maliyyə sanksiyası (2000 manat) hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar