Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13333/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyəti 32 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbibi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçı əyani müayinəyə dəvət edilmişdir. Cavabdehin Tibbi-sosial ekspert komissiyasının 16 may 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABMM nömrəli göndərişi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz "Travmatik subdural qansızma, keçirilmiş acıq - kəllə beyin travmasından sonrakı vəziyyət. Baş beynin əzilməsi. Sol tərəfli temproparietal subdural qansızma əməliyyatından sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolmalarla.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-M-9286/2025 nömrəli xx.xx.2025-ci il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2018-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tibbi-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliik qiymətləndirilməsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və İyun 2025-ci ilə qədər həmin ödənişlər həyata keçirilmişdir. İyun ayında iddiaçıya pensiya ödənişi həyata keçirilmədiyindən o, 142 çağrı mərkəzi ilə əlaqə saxlamış və həmin çağrı mərkəzi trəfindən ona bildirilmişdir ki, ona təyin edilmiş əlillik qiymətləndirilmsi cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh orqanın apardığı bu yoxlama və yoxlamanın nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasfnın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Diaqnozun öz təsdiqini tapmaması” qərarı ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xaiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş müddətsiz əlilliyin ləğvi ilə nəticələndiyindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Çünki həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7 Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı əyani müayinəyə dəvət edilmiş və xx.xx.2025-ci il tarixli qərarla iddiaçının barəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı bu qərarla razılaşmır və həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(112)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır, təkrar baxışda bununla bağlı halların aydınlaşdırılması təmin olunmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokolunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin keçirildiyi təsbit olunmuşdur. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verməlidir”. Hazırkı işdə məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında məhz iddiaçıya dair əsaslı şübhənin mövcud olmadığını bildirmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh qurum iddiaçıya dair “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilən iddiaçının əlilliyin düzgünlüyünü şübhə altına alan əsaslı sübut olmadığı halda, iddiaçınn əsassız olaraq əyani müayinəyə cəlb etmiş, nəticədə iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin edilmiş əlilliyi yenidən yoxlayaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-13333/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13333/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver