Məhkəmə qərarları › İş №e-2-1(112)-1339/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1339/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1339/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, hüquqşünas, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 10, mənzil 11-də qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas işləyən, Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, ev 25, mənzil 19-da qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri X2 üzrə Baş İdarəsinə) qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri X2 üzrə Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kameral yoxlama nəticəsində mübahisələndirilən qərarla iddiaçı barəsində 2019-cu ilə torpaq vergisi üzrə 23200,00 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı hesab edir ki, hesablanmış torpaq vergisi yaşayış məntəqəsi torpaqlarına aid olduğundan, Azərbaycan Respublikası Vergi Məcəllləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmədiyindən mübahisələndirilən qərar əsassızdır və ləğv edilməlidir. Həmçinin “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” təlimatın 5-ci maddəsinin “a” bəndində göstərilir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Qərarda göstərilir ki, təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlər əlavə edilməmişdir. Lakin, vergi orqanının tələb etdiyi təsdiqedici sənədləri elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 01 iyun 2020-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraza görə, hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MTK barəsində kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannaməsinin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda “150.000,00 kv.m” vergiyə cəlb olunmayan sahə göstərilmişdir ki, bu da vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmişdir. Nəticədə vergi ödəyicisinə yaranmış kənarlaşma ilə əlaqədar 21.05.2020-ci il tarixli **********481600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi öz növbəsində 01.06.2020-ci il tarixli **********589000 və 13.07.2020-ci il tarixli **********455800 nömrəli məktublarla vergi orqanına müraciət edərək, kameral vergi yoxlaması ilə bağlı tələb olunan, mülkiyyətində olan torpaq sahəsinə dair sənədləri təqdim etmişdir. Təqdim olunmuş sənədlər vergi orqanı tərəfindən araşdırılmış, uyğunsuzluq aradan qaldırılmadığından vergi ödəyicisi barəsində 23.200,0 manat məbləğində torpaq vergisi hesablanmışdır. Həmin hesablama ilə əlaqədar "Vergilərin hesablanması barədə" 06.07.2020-ci il tarixli **********040400 nömrəli Qərar vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. İddia ərizəsində qeyd edilən məqamlara münasibətdə məhkəmənin nəzərinə çatdırılır ki, vergi orqanına təqdim edilmiş sənədlərdə MTK-yə məxsus torpaq sahəsi “13 ha, yəni 130.000.0 kv.m” göstərilsə də, vergi ödəyicisi tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannaməsinin 2 nömrəli əlavəsində “Torpaq sahəsi” sütununda “150.000.0 kv.m” vergiyə cəlb olunmayan sahə olaraq öz əksini tapmışdır. Belə olan halda vergi ödəyicisinin bəyan etdiyi “20.000,00 kv.m” əlavə sahə ilə bağlı təsdiqedici sənədlər təqdim edilməli idi, hansı ki, vergi ödəyicisi vergi orqanına ünvanladığı müraciətlərdə bu məsələyə ümümiyyətlə toxunmamışdır. Vergi orqanı isə vergi qanunvericiliyinin tələblərini nəzərə alaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarını əsas götürərək kameral hesablama aparmışdır. Digər mübahisəli məqam ondan ibarətdir ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 207.1-ci maddəsini və “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin a bəndini rəhbər tutaraq hesab edir ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaq sahəsi olduğundan torpaq vergisindən azad olunmalıdır. Bununla bağlı bildirilir ki, araşdırmaya təqdim edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirən sənədlərin hər birində torpaq mülkiyyət forması “xüsusi mülkiyyət” olaraq göstərilmişdir. Başqa sözlə, iddiaçı özünə məxsus olan torpaq sahəsi ilə əlaqədar sırf “yaşayış məntəqələrinin ümumi istifadəsində olan” topraq sahəsi olduğunu əsas gətirərək torpaq vergisini ödəməkdən azad olduğuna bəraət qazandırmışdır. Halbuki həmin azadolmalar dövlət və bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaq sahələrinə aid edilir. Bu halda vergi ödəyicisi üçün hər hansı güzəşt nəzərdə tutulmamışdır. Cavabdeh iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu il üzrə torpaq vergisi bəyannaməsinin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütunundan görünür ki, 150.000 kv.m vergiyə cəlb olunmayan sahə göstərilmişdir. İşdə olan vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilmiş 21.05.2020-ci il tarixli **********481600 saylı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktubdan görünür ki, 150.000 kv.m sahənin vergiyə cəlb edilməli olmamasını təsdiq edən sənədin təqdim edilmədiyi üçün həmin dövr üçün dəqiqləşdirilmiş torpaq vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. İşdə olan Bakı şəhəri X2 üzrə Baş İdarəsinin iddiaya qarşı etirazından aydın olur ki, vergi ödəyicisi öz növbəsində 01.06.2020-ci il tarixli **********589000 və 13.07.2020-ci il tarixli **********455800 nömrəli məktublarla vergi orqanına müraciət edərək, kameral vergi yoxlaması ilə bağlı tələb olunan, mülkiyyətində olan torpaq sahəsinə dair sənədləri təqdim etmişdir. Təqdim olunmuş sənədlər vergi orqanı tərəfindən araşdırılmış, uyğunsuzluq aradan qaldırılmadığı müəyyən edilmişdir. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərardan görünür ki, kameral yoxlama nəticəsində vergi ödəyicisi (iddiaçı) tərəfindən təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000,00 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlərin təqdim edilməməsi əsası ilə Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən 23.200 manat əlavə torpaq vergisi hesablanmışdır. Hesablanmış verginin əsassız olmasını təsdiq edən sübut kimi məhkəmə araşdırması zamanı iddiaçı əlavə olaraq, torpaq sahəsinin mülkiyyətdə olmasına dair RX seriyalı ******* saylı çıxarışın, torpaq sahəsi üzərində tikinti işlərinin aparıldığına dair Abşeron Rayon İcra Hakimiyyətinin 27.03.2014-cü il tarixli 138 saylı sərəncamının, 09.02.2015-ci il tarixdə 007 sayla təsdiq edilmiş qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında aktın, 24.11.2017-ci il tarixli 107 saylı və 29.05.2019-cu il tarixli 108/1 saylı tikinti obyektinin istismarına icazə sənədlərinin, ilk icazəyə 1 saylı Əlavənin, 30.10.2017-ci il tarixli Ö/001563 saylı istismara hazırlıq aktının, “X4” MMC ilə İddiaçı MTK arasındakı 05.06.2019-cu il tarixli 02 saylı razılaşmanın, 28.12.2020-ci il, 5 və 6 yanvar 2021-ci il tarixli müraciətlərə baxılması haqqında və 18.02.2021-ci il tarixli müraciətin baxılmamış saxlanılması barədə vergi orqanının məktublarının surətlərini təqdim etmişdir. Göstərilən sübutlarla Abşeron rayonu Masazır kəndində 13 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə “X4” MMC-yə məxsus olduğu, çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin inşa edildiyi, “X4” MMC-nin iddiaçının təsisçisi olduğu, inşa edilən yaşayış evləri üzərində sərəncam vermək hüququnun iddiaçıya verildiyinin razılaşdırıldığı müəyyən edilsə də, məhz bəyannamə məlumatlarında qeyd edilən torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğu təsdiq edilmir. Beləliklə, iş materiallarından görünür ki, vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarını əsas götürərək, iddiaçı barəsində 2019-cu il üçün torpaq vergisi üzrə 23.200 manat əlavə vergi hesablamışdır. Hazırda iddiaçı torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğuna istinad edərək, hesablanmış verginin əsassız olduğunu bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iddia ərizəsinə qarşı etiraza əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, vergi ödəyicisinə 21.05.2020-ci il tarixli **********481600 saylı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktub göndərilmiş, iddiaçı öz növbəsində 01.06.2020-ci və 13.07.2020-ci il tarixli məktublar göndərsə də, həmin məktublarla torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində deyil, məhz xüsusi mülkiyyətdə olması təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı aradan qaldırılmayan uyğunsuzluğun vergi ödəyicisinin bəyan etdiyi əlavə 20.000 kv.m torpaq sahəsi, habelə bəyan edilən 150.000 kv.m torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olmasını təsdiq edən sübutların təqdim edilməmiş olmasından ibarət olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində əlavə vergi hesablanmasına əsas olmuş torpaq sahəsinin yaşayış məntəqələrinin ümumi istifadəsində olduğuna istinad edərək torpaq vergisini ödəməkdən azad olduğunu qeyd etsə də, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğu müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: ünvan 2r. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar