Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1345/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2012-ci il tarixli 308 №-li sərəncamı ilə iddiaçı faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 19 saylı evin 14 saylı mənzilini təhvil verməklə, iddiaçıya ünvan 2 ünvanında yerləşən evin, giriş 2, mərtəbə 1, yaşayış sahəsi 21.23 kv.m olan 1 otaqlı, 18 saylı mənzil ayrılmış və mənzil növbəsindən çıxarılmışdır. Həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etsə də, əsassız olaraq imtina edilmişdir. İmtina ona görə əsassızdır ki, iddiaçının yerli icra hakimiyyəti ilə münasibətləri sərəncamın verildiyi vaxtdan deyil, daha əvvəl, yəni mənzil növbəsinə dayandığı vaxtdan yaranmışdır. Lakin cavabdeh orqan bu halı nəzərə almamışdır. Göstərilən səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək (1 oktyabr 2009-cu ıl tarixinədək) “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətə əlavə olunmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2012-ci il tarixli, 308 nömrəli sərəncamı 1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil edir və iddiaçıya məxsus mənzil sahəsinin özəlləşdirilməsi üçün sənəd-əsas hesab olunmur. Əlavə olaraq bildirilir ki, təqdim edilən sənədlər əsasında iddiaçıya məxsus mənzil sahəsi üzərində yalnız istifadə hüququnun qeydiyyatı aparıla bilər. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 308 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Məlumat üçün bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
5. İddiaçının nümayəndəsinin (vəkilinin) məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. İddiaçıya mənzil verilməsi barədə sərəncamın mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. “Azərneftyağ” neft emalı zavodunun işçisi olan İddiaçı xx.xx.1987-ci ildə 1 nəfər ailə tərkibi ilə (özü) mənzil uçotuna götürülmüşdür. Mübahisə predmetini təşkil edən mənzilin ayrılması ilə bağlı sərəncam xx.xx.2012-ci ilə aid olsa da, iddiaçının yerli icra hakimiyyəti orqanı ilə mənzil münasibətləri onun mənzil növbəsinə dayandığı vaxtdan, yəni 1987-ci ildən yaranmışdır. Həmin vaxtdan mənzil növbəsinə dayanan iddiaçının mənzillə təmin edilməsi barədə sərəncamın 2012-ci ildə verilməsi onun iradəsindən asılı olmayan haldır. Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 32-ci bəndində qeyd edilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının xx.xx.2009-cu il tarixdən sonra mənzillə təmin edilməsi iddiaçının ziyanına şərh edilə bilməz. Sərəncamın 2009-cu il oktyabr ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Səbail Rayon İcra Hakimiyyətinin 2012-ci il tarixli sərəncamının əsasında duran hal, yəni xx.xx.1987-ci il tarixdən etibarən mənzil növbəsində olması əsas götürülməlidir. Dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Yuxarıda göstərilənlərə əsasən, iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 308 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mənzil sahəsinin ayrılması barədə SOCAR rəhbərliyinin və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə iclasının 3 iyul 2012-ci il tarixli 9 nömrəli Protokolundan çıxarışına əsasən ARDNŞ-nin mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan “Azəneftyağ” neft emalı zavodunun işçisi İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) xx.xx.1987-ci ildə mənzil uçotuna götürülüb. ünvan 3 ünvanına yataqxanaya qeydiyyatdadır. İddiaçı faktiki Turşu küçəsi 19 saylı ünvanda mənzil 14-də yaşayır. Bu mənzil ona 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı) işlədiyi zavod tərəfindən xx.xx.1993-cü ildə müvəqqəti verilmişdir. Arvadı Raidə ilə xx.xx.1994-cü ildə boşanmışdır. Qızı Xəyalənin Bakı şəhərinə qeydiyyatı yoxdur o, Abşeron rayonunun Ceyranbatan qəsəbəsi, Seymur küçəsi, ev 2/10-a qeydiyyatdadır. İddiaçı 1 nəfər ailə tərkibi ilə mənzillə təmin olunmaq hüququ var və ona ünvan 4 ünvanda yeni inşa edilmiş yaşayış evdən, giriş 2, mərtəbə 1, mənzil 18, yaşayış sahəsi 21,23 kv.m. olan 1 otaqlı mənzil təklif edildi. O təklif edilən mənzilə köçməyə razılığını bildirdi və bunu yazılı ərizəsi ilə təsdiqlədi. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 11 ünvanında yerləşən evin, giriş 2, mərtəbə 1, mənzil 18 yaşayış sahəsi 21,23 kv.m. olan 1 otaqlı mənzili İddiaçı 1 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə (özü) verilməsi, özü - İddiaçı 1959-cu il təvəllüdlü, İddiaçı mənzil uçotundan çıxarılması, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə’’ ki 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011 ci il, 14 may, 03 iyul və 17 sentyabr 20J2-ci il tarixli, 10, 2, 6, 3 və 9 saylı protokol qərarları təsdiq edilmişdir. İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 19 saylı evin, 14 saylı mənzilini 15 gün müddətində təhvil verməklə, ona 1 nəfər ailə üzvü ilə (özü) ünvan 2 ünvanda yerləşən evin, giriş 2, mərtəbə 1, yaşayış sahəsi 21,23 kv.m. olan 1 otaqlı, 18 saylı mənzili ayrılmışdır və mənzil növbəsindən çıxarılmışdır.
9. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü) Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadır.
10. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, giriş 2, ev 11, 18 saylı mənzildə yaşayır.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
25. Məhkəmə qeyd edir ki, ARDNŞ-nin mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan “Azəneftyağ” neft emalı zavodunun işçisi İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) xx.xx.1987-ci ildə mənzil uçotuna götürülüb. ünvan 3 ünvanına yataqxanaya qeydiyyatdadır və bu mənzil ona 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı) işlədiyi zavod tərəfindən xx.xx.1993-cü ildə müvəqqəti verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə’’ ki 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011-ci il, 14 may, 03 iyul və 17 sentyabr 20J2-ci il tarixli, 10, 2, 6, 3 və 9 saylı protokol qərarları təsdiq edilmişdir. İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 19 saylı evin, 14 saylı mənzilini 15 gün müddətində təhvil verməklə, ona 1 nəfər ailə üzvü ilə (özü) ünvan 2 ünvanda yerləşən evin, giriş 2, mərtəbə 1, yaşayış sahəsi 21,23 kv.m. olan 1 otaqlı, 18 saylı mənzili ayrılmışdır və mənzil növbəsindən çıxarılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, giriş 2, ev 11, 18 saylı mənzildə yaşayır.
26. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2012ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq iddiaçıya əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə müvafiq icra arasında xx.xx.2012-ci il tarixli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıya verilmişdir.
28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva