Məhkəmə qərarları › İş №e-2-1(112)-13535/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13535/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13535/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı “tender müsabiqəsi üzrə tender komissiyasının qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının X9nin nümayəndələri X1 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı “tender müsabiqəsi üzrə tender komissiyasının qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası X9nə (bundan sonra DİM) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DİM tərəfindən elan edilmiş “Kompyuterlə əlaqəli avadanlıqların satın alınması” üzrə 88068 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının İddiaçı MMC-nin təklifinin kənarlaşdırılması barədə qərarının (Tender komissiyasının yekun protokolu) ləğv edilməsi və İddiaçı MMCnin qalib elan edilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC DİM tərəfindən elan edilmiş “Kompyuterlə əlaqəli avadanlıqların satın alınması” üzrə 88068 nömrəli Açıq tender müsabiqəsində iştirak etmiş və şərtlər toplusunda qeyd edilmiş tələblər nəzərə alınaraq və tələb olunan texniki göstəricilər ilə səmərəli qiymət təklifi vermişdir. Buna baxmayaraq müsabiqə üzrə təklifləri qanunsuz və əsassız olaraq kənarlaşdırılmış qalibiyyət başqa təşkilata verilmişdir. Bu qərarla qəti razı deyillər. Hesab edirlər ki, qərar tender qanunvericiliyinin və tender prinsiplərinin kobud pozulması nəticəsində qəbul edilmişdir. Bir necə dəfə satınalan təşkilata narazılıq bildirilərəq şikayət edilsə də şikayət əsasız olaraq təmin edilməmişdir. Qeyd edilən komissiya qərarından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixli şikayət ünvanlanmışdır, lakin bu da nəticəsiz qalmışdır. Hesab edirlər ki, satın alan təşkilat tərəfindən qiymətləndirmə aparılarkən şərtlər toplusunun tələbləri qəsdən pozulmuşdur. Şərtlər toplusunda mallara daha yüksək tələblər müəyyən edilsə də, sonradan bu tələblər gözlənilmədən qalib təşkilat seçilmişdir. Belə ki, şərtlər toplusunda mallara yüksək tələb müəyyən etməklə iddiaçıların qiymət təkliflərinin süni şəkildə artırılmasına səbəb olmuş olur, nəticədə subyektiv olaraq istəkdən asılı olaraq aşağı təklif vermiş hər hansı bir təşkilat qalib elan edilir. Bu satınalmanın əsas prinsiplərinə ziddir. Qeyd edirik ki, tender elan olmazdan əvvəl təşkilatın təlabatına uyğun Bazar araşdırması aparılır, bazar araşdırmaları nəticəsində ehtimal qiymət formalaşır və tender elan olunur, elan verilmiş tenderdə tələb edilmiş məshuların etimal dəyəri 200000 (iki yüz min) manata yaxındır, qalib edilmiş şirkət 104000 (bir yüz dörd) min təklif verib və bu şərtlər toplusunda qoyulan yüksək tələblərin nəzərər alınmaması deməkdir və buna əsaslı şüpələr yaranıb. Bu qiymətə MAF (Manufacturer's Authorization Form - X3) tələbli mallar təqdim edilə bilməsi mümküsüzdür. Şirkətin şərtlər toplusunun MAF və zavod nömrəsi tələbləri nəzərə alınmaqla qiymət təklifi verdiyi üçün qiymət şərtlər toplusunda qeyd edilmiş xüsusiyyətlərə uyğun olmuşdur. Tenderin əsas şərtlər toplusunda tələb istehsalçı zəmanəti olub (MAF), Distributor tərəfdən verilən DAF (X6 tələbi olmayıb. Sonradan Tender komissiyası rəy verib ki, DAF ola bilər deyə, satınalma qanunun pozub. Dəyişiklik tender proseduru gedən zaman, qiymət təklifləri verilməmişdən qabaq edilməli idi, qiymət təklifləri veriləndən sonra yox. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 33.3-cü maddəsinə əsasən Satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstə rilmiş bütün tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh orqan DİM-in iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan DİM-in nümayəndələri X2 və X7 məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarına iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdilər. Faktiki hallar və sübutlar: “Satınalan təşkilat” DİM-nin xx.xx.2024-cü il tarixli “Satınalma metoduna uyğun olaraq satınalmanın nətocələri haqqında yekun protokol”undan müəyyən olunur ki, Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş 88068 nömrəli satınalma prosedurunda 6 (altı) təchizatçı iştirak etmişdir. Onlardan 1 (bir) təchizatçı hazırki iş üzrə iddiaçı - İddiaçı MMC satınalma komissiyasının qərarı ilə kənarlaşdırılmış, "xxxx" MMC qalib elan edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Yekun protokolun təsdiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № AİBNDX/SQ-8227/2024 saylı qərarında göstərilmişdir ki; Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş 88068 nömrəli satınalma prosedurunda 6 (altı) təchizatçı iştirak etmişdir. Onlardan 1 (bir) təchizatçı satınalma komissiyasının qərarı ilə kənarlaşdırılmış, "xxxx" MMC qalib elan edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun: 34.6-cı maddəsinə əsasən satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37.3-cü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur. 34.7-ci maddəsinə əsasən nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur. 57-ci maddəsinə əsasən təchizatçılar nəzarət orqanının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəməyə verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə uyğun olaraq, həmin Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Baxılmış materiallara əsasən “X9” PHŞ tərəfindən Dövlət Xidmətinə daxil olmuş "xxxx" MMC ilə 104 145,62 (bir yüz dörd min bir yüz qırx beş manat altmış iki qəpik) manat məbləğində satınalma müqaviləsinin bağlanmasına əsas verən kompüterlə əlaqəli avadanlıqların satın alınması məqsədilə açıq tender metodu ilə keçirilmiş satınalmanın nəticəsi barədə yekun protokolun təsdiq olunması məqsədəmüvafiq hesab edilərək, yekun protokol təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-21-1/2-18598/2024 saylı məktubunda göstərilmişdir ki, sözügedən satınalmada birinci yeri tutan təchizatçının təklifi şərtlər toplusunun tələblərinə cavab verdiyindən satınalmanın nəticələrinə dair yekun protokol Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli AİBNDX/SQ-8227/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 33.1-ci maddəsinə əsasən satınalma komissiyası uyğunluq sənədlərini (o cümlədən bu Qanunun 25.1.19-cu maddəsinə əsasən subpodratçının uyğunluq sənədlərini) və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilməyən meyarlardan və prosedurlardan istifadə edilməsi qadağandır. Qanunun 34.3.5-ci maddəsinə əsasən satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında qərar qəbul edir. Habelə Qanunun 34.6-cı maddəsinə əsasən satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37,3-oü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur. Qanunun 34.7-ci maddəsinə əsasən nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunubolunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunub- olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur. Yuxarıda göstərilənlərə əsasən, satınalmanın nəticələri haqqında yekun protokol Dövlət Xidmətinə təqdim edildikdən sonra satınalmanın şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi, habelə satınalma komissiyasının qərarlarının qanunauyğunluğu yoxlanılaraq yekun protokolun təsdiq olunub-olunmaması haqqında Dövlət Xidməti tərəfindən qərar qəbul olunur. Müraciətləri ilə əlaqədar qəbul edilmiş bu qərarla razılaşmadığı halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət edə bilməsi hüququ izah olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. … İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.

İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılması üzrə həmin məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada İPM-nin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı DİM tərəfindən elan edilmiş “Kompyuterlə əlaqəli avadanlıqların satın alınması” üzrə 88068 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının İddiaçı MMC-nin təklifinin kənarlaşdırılması barədə qərarının (Tender komissiyasının yekun protokolu) ləğv edilməsinə yönəlmişdir. Məhkəmə isə hesab edir ki, 88068 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının yekun protokolu özü-özlüyündə müstəqil şəkildə heç bir hüquqi nəticə yaratmayan inzibati aktlara aiddir ki, bu baxımdan inzibati aktın normativ anlayışına cavab verməyən həmin protokol (qərarın) mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən protokolun müstəqil şəkildə məhkəmədə mübahisələndirilməsinin qeyri-mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən yekun protokolu iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda ləğv olunması tələb olunan protokol hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənəddir ki, onun ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan protokola münasibətdə iddia mümkün sayıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İstinad edilən həmin norma baxımından, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir: 1) İnzibati orqan tərəfindən qəbul edilməli; 2) ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşımalı; 3) ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticə yaratmalı; 4) qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalı; 5) xarici təsirə malik olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 02 nömrəli qərardadı, 24-cü bənd) Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında hüquqi mövqeyə görə, inzibati orqan tərəfindən qəbul edilmiş hər bir aktı inzibati akt hesab etmək olmaz. Yalnız “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş anlamda qəbul edilmiş qərar inzibati akt kimi qiymətləndirilə bilər. Bu konteksdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2023-cü il tarixli, № 988-VİQ fərmanı təsdiq olunmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.2.6-ci maddəsininin tələblərindən müəyyən olunur ki, bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək səlahiyyəti satınalma sahəsində dövlət nəzarətini nəzarət orqanına həvalə edilmişdir. Belə ki, işin faktiki hallarında müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən 88068 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının yekun protokolu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Yekun protokolun təsdiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № AİBNDX/SQ-8227/2024 saylı qərarı ilə təsdiq edilmişdir. Bu baxımdan mübahisələndirilən protokol “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində təsbit edilmiş anlamda inzibati akt əlamətlərinə malik olmadığından İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirilə bilməz. Başqa sözlə desək iddiaçı tərəfindən mübahisələndirilən 88068 nömrəli açıq tender müsabiqəsi üzrə tender komissiyasının yekun protokolu inzibati aktın normativ anlayışı ilə ehtiva olunan zəruri hüquqi nəticə yaratmaq əlamətinə malik deyildir. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən 88068 nömrəli açıq tender müsabiqəsi üzrə tender komissiyası tərəfindən qəbul edilmiş yekun protokolu iddiaçı üçün hüquqi nəticə yaratmadığından inzibati akt sayıla və İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirilə bilməz. Bu baxımdan iddiaçının tender komissiyasının yekun protokolunun mübahisələndirilməsinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə izah edir ki, İddiaçı MMC88068 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Yekun protokolun təsdiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № AİBNDX/SQ-8227/2024 saylı qərarının qanunauyğunluğun yoxlanılması kimi tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı “tender müsabiqəsi üzrə tender komissiyasının qərarının (Tender komissiyasının yekun protokolu) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar