Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13622/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilə dair İddiaçı (bundan sonra – iddiaçı) adına 251694 saylı, xx.xx.1987-ci il tarixli order verilmişdir və mənzil iddiaçının istifadəsində olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzil Xidməti mənzildir. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2011-ci il tarixli məktubla imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “… ünvan 2 ünvanında yerləşən 21 saylı mənzil xidməti mənzillər siyahısına aid olduğu üçün ərizənin icrası mümkün olmamışdır. Müvafiq rayon icra hakimiyyətinə müraciət edib mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq daimi yaşamaq üçün verilməsi barədə sərəncam və Bakı şəhər İcra Hakimiyyətindən razılıq məktubu təqdim etdikdən sonra ərizəyə qanunvericiliyin tələblərinə uyğun yenidən baxılacaqdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 21 saylı üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, XDS-nin Oktyabrski (indiki Yasamal rayonu) idarəetmə komitəsinin 23 sentyabr 2011-ci il tarixli 6\5 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzil müvəqqəti yaşamaq üçün deyil, daimi əsaslarla verilib. Bundan əlavə həmin binadan bütün mənzillərdə vətəndaşların mülkiyyət hüquqları qeydə alınıb. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında olan 21 saylı mənzilə dair təqdim olunan ordərdə mənzilin daimi və ya xidməti mənzillərin siyahısına aid olduğu qeyd olunmasa da, orderin verilməsinə əsas olmuş Oktyabr rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 6/5 saylı qərarında mənzilin xidməti mənzil olduğu qeyd olunmuşdur. Mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, ünvan 4 ünvanında olan 21 saylı mənzilə dair iddiaçıya 251694 saylı, xx.xx.1987-ci il tarixli order verilmişdir və mənzil iddiaçının istifadəsində olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin Mənzil xidməti mənzildir. İddiaçının hazırkı tələbi irəli süməkdə hüquqi marağı həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Cavabdeh müraciətin təmin edilməsindən imtina edərkən mənzilin xidməti mənzil olmasına istinad edir. İş materiallarında olan sənədlərdən iddia edilən mənzilin xidməti mənzil olması müəyyən edilmişdir. İddiaçını məhkəmə iclasında təmsil edən nümayəndəsi və vəkili də mənzilin xidməti mənzil olmasını mübahisələndirmir, həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında verdiyi izahatında mənzilin statusunun dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyətinə müraciət edildiyini, lakin imtina edildiyini bildirmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olan) 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Göründüyü kimi qanunvericliyin imperativ tələbinə əsasən xidməti mənziilin özəlləşdirilməsinə yol verilməməsi müəyyən edilmişdir. Ona görə də, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil iddiaçıya xidməti vəzifəsinə görə verilmişdir. Mənzil qanunvericiliyinin tələbinə əsasən isə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunan hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsasdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-13622/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13622/2025
07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver