Məhkəmə qərarları › İş №e-2-1(112)-1365/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1365/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1365/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xİdmətinə qarşı "qərarların ləğv edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə xx.xx.2024-cü il tarixində qərar qəbuletmişdir. Daha sonra xx.xx.2024 tarixində Şirkətin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərar qəbul edilərək şirkətin fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi qərarlarını onunla əsaslandırmışdır ki, apardığı araşdırma zamanı İddiaçı MMC-nin ƏDV üzrə 1428947,02 manat borcu olduğundan Azərbaycan Respublikası VM-nin 65.2.1.1-ci, 65.1.-ci, 65.2.1.4cüvə 65.2.3-1-ci maddələrinə istinad edərək, İddiaçı MMC-nin (VÖEN:**********) ƏDV subuçot hesabının dondurulması qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, həmin qərar qərəzli şəkildə qəbul edilmişdir. Baki İnzibati Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Baki İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********427800 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması” formasında icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********427800 nömrəli qərar iddiaçının elektron qutusuna ASANDOC elektron imzası vasitəsilə imzalanaraq elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində oxunmuşdur. xx.xx.2024-cü il tarixli Qərardan 65 gün keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixli məktubla Dövlət Vergi Xidmətinə elektron müraciət edərək, qərarın ləğvini xahiş etmişdir. Müraciət "İnzibati icraat haqqında" Qanunun tələbinə əsasən müddət ötürülməklə yanlış inzibati orqana ünvanlanmışdır. Belə ki, yuxarı inzibati vergi orqanı İnzibati şikayətlərə baxılması Baş idarəsinə ünvanlanmamışdır. Başqa sözlə, iddiaçı həm müvafiq qanuna əsasən, müraciət müddətini ötürmüş həmdə ki, yanlış inzibati orqana müraciət etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2024-cü il tarixində digər iddia tələbilə məhkəmədə iddia qaldırmış, xx.xx.2025-ci il tarixli ərizəsi ilə iddia tələbini dəqiqləşdirərək, xx.xx.2024-cü il tarixli **********427800 nömrəli qərarın ləğvini xahiş etmişdir (yəni, qərardan 3 ay 16 gün sonra). Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından da müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarı mübahisələndirir. Göründüyü kimi iddianı predmetini xx.xx.2024-cü il tarixli qərar təşkil edir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Məhkəmə də həmin günün müəyyən edilməsi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 17:02-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ən azından xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərar barədə artıq məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edərkən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 3 aya yaxın müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-997/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən mübahisələndirilən 23 noyabr 2018-ci il tarixli qərarın onun tərəfindən 4 dekabr 2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ən azı 29 iyul 2019-cu il tarixdə müraciət edərkən də həmin qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.” Analoji mövqe 2-1(102)-1036/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-433/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da təkrarlanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirmə haqqında iddia növündə iddiaçının mübahisələndirilən qərarın mövcudluğundan xəbərdar tutduğu müddəti vergi ödəyicisinin həmin qərarı oxuduğu müddətdən müəyyən etmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qərarın mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırki iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar