Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1368/2025 26.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkli) X20, Cavabdehin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair miras qoyan X4 adına arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair müqavilə 1980-cı il tarixində vəfat etmiş anası X4 adına rəsmiləşdirilmişdir. İddiaçı və X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri 21 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.1980-cı il tarixində vəfat etmiş anaları X4 adına vərəsəlik işi açdıraraq 2258 saylı bağ sahəsinə dair Qanun üzrə X27 Şəhadətnamənin verilməsini xahiş etmişdirlər. Qeyd olunanlarla bağlı notarius, əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydyyata alınmadığından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və təlimatın 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair miras qoyanın adına Arayış verilməsini xahiş etmişdir. 1 saylı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli **********12 nömrəli məktubu ilə elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə böyük bir hissəsi digər bağ sahəsinin ərazisinə uyğun gəlməsini, həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki 2434 kv.m təşkil etməsini bildirərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş. qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2022-ci il traixli **********59 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə böyük bir hissəsi 2259 saylı bağa və bağlararası yola uyğun gəlir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki 2434 kv.m təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2- 1(82)-961/2017 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2258 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinin Üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-46/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərardadı ilə idarə tərəfindən verilmiş apellyasiya şikayəti qsimən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)-961/2017 saylı Qərarı ləğv edilmiş, mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X29 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2434 kv.m torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair miras qoyan X6 xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinə dair Arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavəedilmiş sənədlərdən görünür ki: -Bakı şəhəri 21 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 237/2024 nömrəli məktubunda göstərilmişdir ki, X9 və X10 ərizə ilə müraciətinə əsasən xx.xx.1980-ci il tarixdə vəfat etmiş anası- X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair Qanun üzrə X27 Şəhadətnamənin verilməsini xahiş etmişdir. Bildiririk ki, X9 və X10 mirası qəbul etmiş vərəsələrdir. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməmişdir. Mülki Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras emlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və yuxarıda qeyd edilən təlimatın 5.1-1 maddəsinin tələbinə uyğun olaraq mərhum Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 2258 saylı bağ sahəsinə dair miras qoyanın adına Arayış (forma 37) verilməsini xahiş edilmişdir. -AZ-İİ seriyalı 403924 nömrəli Ölüm haqqında Şəhadtnaməyə əsasən X21 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 219 nömrəsi ilə qeyd edilmişdir. -Bağ sahəsi və tikililərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1974-cü il tarixli 14876 nömrəli Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0.25 ha torpaq sahəsi olan 1 otaqdan ibarət 21.39 kv.m yaşayış mənzili ilə 2258 nömrəli bağ sahəsi köməkçi tikililərləbirlikdə X5 istifadəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********42 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda 2256, 2259 nömrəli, ətrafında isə 2410, 2411, 2412 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********19 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -X22 xx.xx.1983-cü il tarixdə Bakı Bağlar İdarəsinə müraciət edərək bildirmişdir ki, Ləhiş sahəsində olan 2258 nömrəli bağ sahəsi anası X11 verilmişdir. Anası vəfat etdiyinə görə 14876 nömrəli müqavilənin onun adına keçirilməsini xahiş etmişdir. -xx.xx.1974-cü il tarixli 14876 nömrəli Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0.25 ha torpaq sahəsi olan 1 otaqdan ibarət 21.39 kv.m yaşayış mənzili ilə 2258 nömrəli bağ sahəsi köməkçi tikililərləbirlikdə X5 istifadəsinə verilmişdir. -xx.xx.1974-cü il tarixli Akta əsasən Bakı Şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı Ləhiş qəsəbəsindəki 2468/2258 nömrəli bağın 14876 nömrəli müqavilə üzrə icarədarı X7 icarəyə vermişdir. - xx.xx.1967-ci il tarixli 14876 nömrəli Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0.25 ha torpaq sahəsi olan 1 otaqdan ibarət 15.00 kv.m yaşayış mənzili ilə 2468 nömrəli bağ sahəsi köməkçi tikililərlə birlikdə X5 istifadəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********83 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yerli müayinə aktından müəyyən olunur ki, Ləhiş bağ massivində yerləşən 2258 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2500.0 kv.m, faktiki sahəsi 2434.0 kv.m təşkil edir. Sahədə 2 mərtəbəli ev və taxtadan köməkçi tikili var. Bağ sahəsinə dair məhkəmə mübahisəsi olub. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3492/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2258 nömrəli bağ sahəsi sxematik xəritəyə əsasən 2259 saylı bağın ərazisinə uyğun gəlir. 2259 saylı bağ sahənin cənubunda keçmiş X12 və İstismarı Birliyinin xx.xx.1990-cı il tarixli 14878 saylı icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 960/2017 saylı qərarı əsasında xx.xx.2018-ci il tarixdə X13 adına ilkin qeydiyyata alınmışdır (sxematik xəritəyə əsasən 2260 saylı bağın ərazisinə uyğun gəlir). Həmin məktubla təqdim edilmiş 2259 saylı bağ sahəsinə dair sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan **********81 reyestr nömrəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X26 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini hədiyyə alan X16 bağışlamışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan **********81 reyestr nömrəli torpaq sahəsi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinə əsasən vəfat etmiş X25 mülkiyyətində olan əmlak-ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi arvadı X17 mülkiyyətinə keçmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan **********81 reyestr nömrəli torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinə əsasən vəfat etmiş X13 mülkiyyətində olan əmlak-ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi oğlu X25 mülkiyyətinə keçmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan **********81 reyestr nömrəli torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-960/2017 nömrəli Qərarı ilə İddia təmin edilmiş, 12.1990-cı il tarixli 14878 saylı icarə müqaviləsinə əsasən X18 ayrılmış Bakı şəhəri, Sabunçu rayonunda Ləhiş bağ massivində yerləşən 2259 saylı bağ sahəsinin mövcud vəziyyətə uyğun onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Bağ sahəsi və tikililərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1990-cı il tarixli 14878 nömrəli 2259 saylı bağa dair Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0.25 ha torpaq sahəsi olan 1 otaqdan ibarət 17.76 kv.m yaşayış mənzili ilə 2259 nömrəli bağ sahəsi köməkçi tikililərlə birlikdə X13 istifadəsinə verilmişdir. -Bağların yerləşməsinin sxematik xəritəsinə əsasən 2257, 2258, 2259, 2260 nömrəli bağ sahələri ardıcıl yerləşir və göstərilən sxematik xəritədə 2258 və 2259 nömrəli bağ sahələrinin yerləşdiyi də müəyyən olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********12 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən "2258" saylı torpaq sahəsi Üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə böyük bir hissəsi digər bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki 2434 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ümumi sahəsi 0.25 ha olan 2258 saylı bağ sahəsi xx.xx.1977-ci il tarixli 14876 nömrəli müqaviləyə əsasən X8 ayrılmışdır. xx.xx.1980-cı il tarixdə vəfat etmiş, vərəsəlik işinə əsasən oğlu X21 və qızı İddiaçı miras qoyanın vərəsəsi kimi müəyyən olunmuşdur. X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2258 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-46/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəsini almış Qərardadı ilə mümkün sayılmamışdır. X21 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda sözügedən bağ sahəsi İddiaçınun faktiki istifadəsində olmaqla sonuncu tərəfindən bağ sahəsinə mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi mübahisləndirilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, sonuncu dəfə X15 ilə Bakı şəhər Bakı şəhər X37 İcraiyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 14876 saylı xx.xx.1974-cü il tarixli müqavilə iddia edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0.25 ha olan 2258 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. -torpaq sahəsinin böyük bir hisəsi 2259 saylı bağa və bağlararası yola uyğun gəlir. -torpaq sahəsinin sənəd üzrə sahəsi 2500 kv.m qeyd edilsə də 2434 kv.m təşkil edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən dəlillərini müraciətin təminindən imtinaya dair formal mülahizə olaraq qiymətləndirir. İlkin olaraq qeyd edilməlidir ki, arxiv sənədlərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən bağ-torpaq sahələrinin sxematik xəritəsində 2258 saylı bağ sahəsinin olduğu, həm sxematik xəritə, həm də bağın yerləşmə planında bağın ən yaxın məsafəsində 2256, 2257, 2259, 2260 nömrəli bağ sahələri öz əksini tapmışdır. Bağ sahəsində 2 mərtəbəli evin və taxtadan köməkçi tikilinin olduğu müəyyən olunur. Eyni zamanda təqdim olunan ərazinin ortofotogörüntüsündə naturada 2258 nöməli bağ sahəsi kimi iddia olunan sahənin ətrafında müəyyən məsafədə 2256, 2259, 2410, 2411, 2412 saylı bağ sahələrinin yerləşdiyi və iddia olunan bağ sahəsinin qonşuluğunda yerləşən 2259 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Beləliklə, bağ sahəsinin 2250-2260 indeksli bağ sahələrinin ətrafında yerləşməsi, bağ sahəsinin naturada konfiqurasiyası, daxilində bağ evinin olması, bağın yerləşmə planı və hazırkı yerləşmə vəziyyətinin ortofotgörüntüsünun müqayisəli təhlili faktiki sahənin sxematik plan üzrə bağların yerləşməsi ardıcıllığına uyğun olduğu qənaətinə gəməyə əsas verir. Cavabdeh iddia olunan sahənin yerləşməsinin sxematik xəritə üzrə uyğunsuz olmasınıı sübut edən konkret dəlilə istinad etməmişdir. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı sahənin ölçüsü, yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin yerləşmə vəziyyəti (baş planı) tərtib edilmiş, sahənin iddiaçının faktiki sahiblik və istifadəsində olduğu müəyyən olunmuş, hər hansı üçüncü şəxsə aid olması və ya üst-üstə düşməsi ilə bağlı dəlil irəli sürülməmişdir. Cavabdeh özü 2258 nömrəli bağ sahəsinin sxematik xəritəyə əsasən 2259 saylı bağın ərazisinə uyğun gəldiyi, 2259 saylı bağ sahəsinin isə sxematik xəritəyə əsasən 2260 saylı bağın ərazisinə uyğun gəlsə də 2259 kimi qeydiyyata alındığını bildirmişdir. Başqa sözlə, bağ torpaq sahələrinin sxematik xəritəyə uyğun vəziyyətdə uyğunlaşdırma aparmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı cavabdeh tərəfindən bilavasitə etiraf edilmişdir. Cavabdeh 2259 nömrəli bağ sahəsini sxematik xəritəyə əsasən yerləşdiyi yer üzrə qeydiyyata almadığı halda 2258 nömrəli bağ sahəsinin 2259 nömrəli bağa uyğun gəlmə barədə dəlili iddiaçıya münasibətdə inzibati orqanın praktikasına etimad və bərabər tərəflərə bərabər yanaşma prinsiplərinə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Cavabdehin imtina əsaslarından biri olan bağ sahəsinin sənəd üzrə 2500.00kv.m, faktiki ölçüsünün 2434 kv.m təşkil etməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək məhz faktiki istifadədə olan 2434 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını tələb etmişdir və qeyd edilən bu dəlil iddia olunan daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatına mane hesab olunmur. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi 2258 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamışdır. Cavadeh tərəfin etirazında qeyd etdiyi sözügedən bağ sahəsinə dair əvvəl məhkəmə mübahisəsinin olduğuna münasibətdə məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-46/2018 nömrəli Qərardadı ilə 2258 saylı bağ sahəsinə dair iddiaçı X9 idia ələbi mümkün sayılmadığından 2258 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində heç bir qeyd aparılmamışdır. X23 isə xx.xx.2024-cüil tarixdə vəfat etmişdir. Hazırki iddia tələbinədək 2258 saylı bağ sahəsinə dair digər şəxsin müraciəti olmamış, hazırki halda da iddia olunan bağ sahəsi ilə bağlı mübahisə irəli sürülməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2434 kv.m ölçüdə 2258 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2434 kv.m ölçüdə 2258 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1368/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1368/2025
26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver